“Əgər bu hakimiyyət Azərbaycanla sülh razılaşması imzalasa Rusiya bazasını çıxaracaq…”

Ermənistanda Azərbaycanla həmsərhəd Əskipara (Voskepar) kəndində Rusiya sərhəd qoşunlarının zastavasının yerləşdirilməsi ətrafında müzakirələr davam edir. virtualaz.org xəbər verir ki, bir çox ekspertlər bunu Qazaxın işğal edilmiş kəndlərinin Azərbaycana qaytarılmasına hazırlıq kimi qiymətləndirmişdilər. Belə ki, Əskipara kəndi Qazaxın işğal edilmiş Aşağı və Yuxarı Əskipara kəndləri arasında yerləşir. Bu baxımdan Rusiya sərhədçilərinin həmin kənddə yerləşdirilməsi Azərbaycanın nəzarətinə qaytarılacaq eksklav ərazilərinə gediş-gəlişin təhlükəsizliyinin təmin edilməsinə hesablandığı deyilirdi.

 

Lakin hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Artur Ovannisyan deyir ki, Rusiya sərhədçiləri Əskipara kəndində “Azərbaycanın sərhəd boyu təhdidkar hərəkətlərinə” cavab olaraq yerləşdirilib. O, bildirib ki, Tavuş vilayətində Rusiya sərhədçilərinin əlavə bölmələri də yerləşdirilə bilər.  Çünki baş nazir Nikol Paşinyan bütün sərhəd boyu Rusiya sərhədçilərinin yerləşdirilməsi təklifini publik şəkildə açıqlayıb.

Hərbi ekspert David Camalyan isə hesab edir ki, Ermənistan hakimiyyəti Əskipara kəndində Rusiya sərhədçilərini yerləşdirmək amilindən illüziya yaratmaq üçün istifadə edir. Rusiyanın köməyinə ümid bəsləyir və bu ölkə ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Amma nəzərdə tutulan “ərazi güzəştlərindən” (Qazaxın 7 kəndinin qaytarılması nəzərdə tutulur,-red.) sonra Rusiya hərbi bazalarının Ermənistanı tərk etməsini tələb edəcək.

 

“Əgər bu  hakimiyyət bütün  güzəştlərdən sonra sənədləri imzalasa, sırf hüquqi müstəvidə Azərbaycan və Türkiyə ilə artıq heç bir problemin qalmadığı, bu qonşulardan daha təhdid olmadığı, hər şeyin razılaşdırıldığı haqda təsəvvür yaratsa növbəti addım Rusiya tərəfinə öz bazalarını Ermənistandan çıxarmaq tələbi olacaq”,-Camalyan deyir.

Yəni onun fikrincə, bir tərəfdən Paşinyan ruslara müraciət edir və belə təsəvvür yaradır ki, Rusiya öz mövqelərini Ermənistanda möhkəmləndirir. “Amma fikrimcə, müttəfiqlərimiz çox yaxşı başa düşür ki, oyunun sonu bunun tam əksi olacaq. Yəni məsələ qoyulacaq ki, onlar buradan çıxıb getsinlər, çünki Azərbaycandan və Türkiyədən qaynaqlanan heç bir təhdid qalmadığını deyəcəklər. Bir halda ki, belə təhdidlər yoxdur, o zaman Ermənistanda da Rusiya hərbi bazalarının iştirakı “mənasız” olacaq. Bu oyun çox aydın görünür və hesab edirəm ki, bunu Kremldə də başa düşürlər”,-D.Camalyan belə deyib.

Share: