Xristianlığın parçalanma səbəbi: niyə pravoslav keşişlərə evlənmək olar, katoliklərə yox?

“Kilsə mahiyyətcə birdir; xristianları parçalayan əsasən öz dar düşüncələridir” – bunu xristian dininin ali xadimləri deyirlər.

İsanın davamçıları məhz bu dar düşüncəliyi xristianlıqda baş verən böhranlara başlıca səbəb hesab edirlər. Əslində bütöv dinin parçalanması təkcə xristianlıqda deyil, bildiyimiz kimi İslam dini də bu səbəbdən parçalanır və hər təriqətin öz qaydaları dini gözdən salır. Görünür, parçalanma dini inanclardan irəli gəlmir: bölünüb qrup yaratmaq, ayrı-ayrı başçılara tabe olmaq insanlığın xislətindədir. Çünki dini parçalanma səmavi dinlərlə yanaşı, çoxallahlılıqda da mövcuddur.

Əslində xristian kilsəsinin parçalanmasına gətirən əsas rəsmi səbəb əqidə üstündə ixtilaflar olub. Qərb və Şərq kilsələri bir-birindən həmişə fərqli inkişaf edib. Onların dini ənənələri, ayinləri bir-birindən fərqlənirdi. Xristian dini əsrlər boyunca dəfələrlə bölünüb, indi də bu parçalanma davam edir. Lakin ən əsas bölünmə 1054-cü ildə baş verib: ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaqla ikiyə bölünüb.

Biz bu dəfə konkret xristianlıqdakı bölünmənin əsas səbəblərindən biri olan din xadimlərinin nikahı məsələsinə nəzər salaq. Katoliklərə görə din xadimi evlənməməli, Tanrının evində bakir olaraq qulluq etməlidir. Pravoslavlar isə əksinə, evlənib oğul-uşağa qarışırlar və bu da onların xidmətinə mane olmur. Halbuki katoliklərin evlənməməsinə dair İncildə hər hansı bir göstəriş yoxdur. Heç İsa Peyğəmbər də həvarilərindən bunu tələb etməyib. Xristianların evlənməməsi təklifi ilk dəfə Apostol Paveldən gəlib. Həmin illərdə xristianlar təqib olunur, öldürülürdü. Apostol hələ azlıq təşkil edən xristianlara evlənməməyi tövsiyə edirdi. Çünki təqib zamanı təkcə özünü deyil, həm də ailəsini düşünməli olacaqdı. Tənha kişinin isə belə qayğıları olmayacaqdı. Hətta Müqəddəs Pavelin belə bir fikri var: “Evli adam özünü arvadına, subay kişi isə yalnız Tanrıya həsr edər”.

Kilsə parçalandıqdan sonra isə din xadiminin məhz bakir qalaraq kilsəyə xidmət etməsi İsa peyğəmbərə olan hörmət kimi qəbul edilirdi. Çünki peyğəmbər evlənməmişdi və onun bakir olaraq qeybə çəkildiyi düşünülürdü. Ta ki XX əsrə qədər çoxu belə düşünüb. Amma Ötən əsrin sonlarında Vatikanda saxlanılan peyğəmbərin əbası üzərində tər və tük qalıqları araşdırılıb. Məlum olub ki, peyğəmbər nəinki bakir olmayıb, hətta evli olub. Onun arvadının isə anasının köməkçisi olan Mariya Maqdalena olduğu güman edilir.

Qeyd etdiyim kimi, katoliklərə də evlənmək olar, ancaq evli katolik ən yuxarı dini rütbələrə çıxa bilməz. Sadəcə sıravi din xidmətçisi kimi qalmaq istərsə, 23 yaşından sonra evlənə bilər. Elə pravoslavlarda da keşiş rütbə almazdan qabaq evlənməlidir. Əgər rütbə alana qədər evlənməyibsə, sonra da evlənmək ixtiyarı yoxdur.

Şəfiqə ŞƏFA

Share: