“Xarı-bülbül” antologiyasının təqdimatı keçirilib

“Xarı-bülbül” antologiyasının təqdimatı keçirilib

Müstəqil.Az xəbər verir ki, Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq Kitab Festivalı çərçivəsində “Xarı-bülbül” antologiyasının təqdimatı keçirilib

Təqdimat mərasimi 23 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq Kitab Festivalı çərçivəsində Türkiyənin Kərkük Kültür Dərnəyi tərəfindən Türkiyə türkcəsində nəşr olunan “Xarı-bülbül” antologiyasının keçirilib.

Tədbirin aparıcısı “Can, Azərbaycan” və “Ustad dərsi” verilişlərinin aparıcısı, İTV-nin əməkdaşı Pərvanə Nadir olub. Ədəbi-bədii mərasimdə tanınmış ziyalılar, şairlər, mədəniyyət nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Pərvanə Nadir antologiyanın ədəbi və mədəni əhəmiyyətindən danışıb, nəşrin ərsəyə gəlməsində əməyi olan tərtibçilərə – Kərkük Kültür Dərnəyinin sədri, doktor Şəmsəddin Kuzəçiyə və professor, şair Rəsmiyyə Sabirə minnətdarlığını bildirib.

Təqdimat mərasimində professor, şair Elçin İsgəndərzadə, professor, şair Rəsmiyyə Sabir və doktor Şəmsəddin Kuzəçi çıxış ediblər. Çıxışlarda antologiyanın ədəbi-mədəni əhəmiyyəti, poeziyanın xalqlar və mədəniyyətlər arasında mənəvi körpü rolunu oynaması, milli-mənəvi irsin qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərinə toxunulub.

“Xarı-bülbül” Azərbaycan xalqının yaddaşında Qarabağın, Şuşanın, doğma torpağa bağlılığın və milli kimliyin rəmzi kimi xüsusi yer tutur. Bu rəmzi adla nəşr olunan antologiya da poeziyanın birləşdirici gücünü, söz sənətinin mənəvi dəyərini və Azərbaycanla Türkiyə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində ədəbiyyatın rolunu bir daha ön plana çıxarıb.

Tədbirin bədii hissəsi də yaddaqalan məqamlarla zəngin olub. Azərbaycanın əməkdar artisti Elza Seyidcahan sözləri professor Mahirə Nağıqızına məxsus olan “Şuşa kompozisiyası”nı ifa edib. Musiqi ilə poeziyanın vəhdətini əks etdirən bu ifa iştirakçılara duyğulu anlar yaşadıb, Şuşanın milli-mənəvi dəyərlərimizdəki əvəzsiz yerini bir daha xatırladıb.

Gənc şair Banu Məhərrəmin bədii qiraəti isə tədbirin ədəbi ovqatını daha da zənginləşdirib və mərasimə xüsusi rəng qatıb.

“Xarı-bülbül” antologiyasının təqdimatı söz sənətinə, poeziyaya və milli-mədəni irsə verilən dəyərin ifadəsi olmaqla yanaşı, müxtəlif ədəbi mühitlərin nümayəndələrini bir araya gətirən əlamətdar mədəni hadisə kimi yadda qalıb. Təqdimat mərasimi bir daha göstərib ki, poeziya xalqların tarixi yaddaşını, mənəvi dəyərlərini və ortaq duyğularını yaşadan, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı və dostluq əlaqələrini gücləndirən mühüm mənəvi körpüdür.

Müstəqil.Az

 

Share: