Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Bu gün hər birimiz ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə görə qürurlanır, bu Vətənin övladı olmağımızla fəxr edirik. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Hərbi əməliyyatlar “Dəmir yumruq” adlı hərbi döyüş taktikasının yüksək peşəkarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Bununla da Müstəqil Azərbaycanın Zəfər salnaməsində yeni bir səhifə açıldı.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib.

Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə var. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304–1305-ci illər) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. – 1358-ci il) məzarı yerləşir.

Zəngilan rayonu həm də coğrafi müxtəlifliyi ilə geniş turizm potensialına malikdir. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Təəssüf ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən bu ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır.

Zəngilan rayonu respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub. İşğaldan əvvəl rayon 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə edirdi, eyni zamanda ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmiryol vağzalı fəaliyyət göstərirdi.

İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixi abidə dağıdılıb. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Dövlətimiz tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.

Zəngilanın azad olunması həm də 132 km Azərbaycan–İran sərhədinin bərpası deməkdir. Ali Baş Komandanın 2020-ci il oktyabrın 20-də xalqa ünvanlanmış müraciətində Zəngilanın Azərbaycanın tarixi əhəmiyyətə malik ərazi kimi azad olmasının vurğulanması bu ərazilərin nə qədər böyük önəm daşıdığını göstərdi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 20 oktyabr – Zəngilan Şəhəri Günü kimi təsis edilib.   Bu gün hər birimizin gözü qarşısında işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinin miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Biz bu torpaqlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük sürətlə apardığı misilsiz yeniliklərin şahidiyik. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq.

Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıdırlar. İnanırıq ki, Zəngilanda əvvəlki kimi həyat axarına düşəcək.

 

Şirincan Məmmədli–Tarix müəllimi, “Tərəqqi” medalı təltifçisi

 

Share: