Oruc Dadaşi Elman 1977-ci ildə İranda anadan olmuşdur. Təbriz şəhərinin yaxınlığında yerləşən İlxıçı şəhərində yaşayır. Şeirləri İran, Azərbaycan, Türkiyə, İraq, İspaniya, Nigeriya, Argentina, Amerika Birləşmiş Ştatları və Tacikistanda müxtəlif qəzet, dərgi və kitablarda dərc olunmuşdur. Şairin ilk kitabı – “Mövla məhəbbəti” 2023-cü ildə, ikinci kitabı – “Sevgimizin dalğaları” isə 2025-ci ildə işıq üzü görmüşdür.
AZƏRBAYCAN
Mən elə bir yurtda doğulmuşam ki,
Yaranan gözəllik say canındadır.
Payızı sonbahar, qışı da cənnət,
Yaz fəsli gözündə, yay canındadır.
İgidlər yetirən, şana yurdumun,
Düşməni gətirən cana yurdumun,
Mahnısı barışdır Ana yurdumun,
Elləri səsləyən hay canındadır.
Alnına yazılan cənnət sözüdür,
Cənnətə bənzəyən təkcə özüdür,
Ocağın isidən qeyrət közüdür,
Günəşı könlündə, ay canındadır.
Dağların qoynunda sərvət bəsləyən,
Hər qarış torpaqda hörmət bəsləyən,
İgidlər qanında qeyrət bəslayən,
Babəkə çoxları, tay canındadır.
Söykənib elsevən varlı dayağa,
Savalan – Səhəndə, iki şahdağa,
Gözəllik içrədir, başdan-ayağa,
Tanridan aldığı, pay canındadır.
Demirəm ellərdən, elim başdadır,
Deyirəm zalimla, o savaşdadır,
Canının sevinci, yar – yoldaşdadır,
Dənizlər yetirən, çay canındadır.
Dənizlər ürəkli, xan Arazlı el,
Yurdunu qoruyan, ömrü yazlı el,
Elmanlar yaşadan sözlü – sazlı el,
Dünyanın can Azərbaycanındadır.
DADLI GÜLÜŞLƏR
Dodaqların, qəzəl-qəzəl güləndən,
Ürəyimi, qoşma-qoşma oyurlar.
Gülüşlərin gizli sirrin biləndən,
San ki məni, məzarıma qoyurlar.
Gülüş demə, kəskin xəncər tiyəsi,
Heç anında yoxdur onun niyəsi,
O gündən ki, olub könlüm yiyəsi,
Öz qapımda, məni kəsib soyurlar.
Əzab içrə, səvabı var deyəsən,
Qaçan yerdə, cəvabı var deyəsən,
Məhşər günü hesabı var deyəsən,
O günədək, sanma suçdan doyurlar.
Ürəyimdə, ümid qalıb intizar,
Əllərimdə, qunut qalıb intizar,
Gözlərimdə, bulud qalıb intizar,
Baxa-baxa, həsrət-həsrət uyurlar.
Dodaqlardan, gülüş dadın tamsındım,
Mey dağıldım, məzə axdım, cam sındım,
Elman sayaq, olduğumdan tam, sındım,
Gördüm məni, göz yaşımda yuyurlar.
GÖZLƏRİN ŞAİRDİ
Gözlərin şairdi gözəl donunda,
Dalğalı dənizmiş əzəl donunda.
Yanağı islaqdır qəzəl donunda,
Süzülən yaşların qəzəlin yazar.
Qaşların əydilər kaman qəddini,
Düzəldə bilmədi zaman qəddini,
Oxlara tapşırdı haman qəddini,
O gündən qaşların qəzəlin yazar.
Duyğular axdıqca yaşa dönürlər,
Arzular and içib başa dönürlər,
Görsə ki, ürəklər daşa dönürlər,
Sındıqca, daşların qəzəlin yazar.
Bir yaqut ürəyə şəvə sözləri,
Bağlayır qəm yüklü dəvə sözləri,
Ağ bircək olmamış nəvə sözləri,
Ötməyən yaşların qəzəlin yazar.
Gözlərin şairdi dəniz qürurlu,
Qəzəlli boylanır baxışı nurlu,
Yerində fərq etməz, dəli, şüurlu,
Dar üstə başların qəzəlin yazar.
Doluxub ağlasa şeir səpələr,
Kimə şər, kiminə xeyir səpələr,
Elə bil Elmana deyir, səpələr,
Süzülən yaşların qəzəlin yazar.






















