Bir Saday azad, firavan, bir Saday hələ də ölür türmədə…

Bir Saday azad, firavan, bir Saday hələ də ölür türmədə…

Müstəqil.Az qürbətdə yazıb yaradan görkəmli şair Sadaş ŞƏKƏRLİNİN yeni şeirlərini təqdim edir:

Anna Axmatovaya

…qalıb ürəyimdə
zülmün çatları,
bir də qollarımda
qandalın yeri,
düzgün işləmədi
qum saatları,
yerimdə sayıram
illərdən bəri,
hələ də qaradır
damarımda qan,
gözlərim dünyanı
qanlı görmədə,
bir Saday qartaldır
azad, firavan,
bir Saday hələ də
ölür türmədə,
elə hey nəmlidir
gözlərim, sudur,
qurutmaq çətindir
bu kəhrizləri,
sanki dən səpilmiş
quş axurudur,
qolumda saralan
qandal izləri…
VƏTƏN
Hey! Mənim dam dolusu
toyum, vətəndir, vətən,
əcdadım, nəslim, köküm-
soyum, vətəndir, vətən.
Bəxt gəldi düyün-düyün,
oğluyam yerin, göyün,
baxıb, hey öyündüyün
boyum, vətəndir, vətən.
Qürbət buz içrə kürə,
kim ulaya, kim hürə,
qoy alnımı möhürə
qoyum, vətəndir, vətən.
Hava – həsrət bir udum,
dörd bir yana yürüdüm,
ağac kimi qurudum,
suyum, vətəndir, vətən.
Share: