Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, şair Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib.
Xatırladaq ki, Vüqar Əhməd bir müddət öncə Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu “Turan” Elmlər Akademiyasının Rəyasət Heyətinin akademiki seçilmiş və qurumun medalı ilə təltif olunmuşdu.
Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar Akademiyanın Rəyasət Heyətinin və “Turan” Beynəlxalq Yazıçılar Cəmiyyətinin yığıncağı keçirilib. “Turan” Elmlər Akademiyasının akademiki, bir çox beynəlxalq akademiyaların və Yazıçılar Təşkilatlarının akademiki və həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli ədəbiyyatşünas alim, şöhrətli şair Vüqar Əhməd Beynəlxalq “Turan” Yazıçılar Cəmiyyətinin həqiqi üzvü seçilmişdir.​
Beynəlxalq “Turan” Yazıçılar Cəmiyyətinin tövsiyəsi və təqdimatı ilə “Turan” Elmlər Akademiyasının rəyasət heyəti Vüqar Əhmədə “Turanın xalq şairi” fəxri adı verib.
“Turan” Beynəlxalq Yazıçılar Cəmiyyətinin sədri, akademiyanın prezidenti Heydərbəy Bababəyov Vüqar Əhmədə təbrik məktubu ünvanlayıb. Qeyd edib ki, “türk dünyasının sevilən şairi bu uca​ fəxri ada Türk ədəbiyyatının, o cümlədən​, öz xalqının milli ədəbiyyatının, poeziyasının inkişafındakı böyük xidmətlərinə görə layiq görülür. Təbrik edirik – Turanın xalq şairi!!”
Biz də təbrik edirik!!! Onu da qeyd edək ki, məşhur özbək şairi Əmir Xudayberdi də “Turanın xalq şairi” fəxri adına layiq görülüb. Qardaş xalqın şairini də təbrik edirik. “Turan”ın başqanı, akademik Heydərbəy Bababəyova və rəyasət heyəti üzvlərinə səs çoxluğu ilə Vüqar Əhmədi dəstəklədiklərinə görə elmi-ədəbi ictimaiyyətimiz adından təşəkkür edirik. Var olsun Turan Birliyimiz. Var olsun Türk Dünyası!

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.az

Share: