Azərbaycan və İraq QHT-ləri birgə əməkdaşlıq protokolu imzaladılar: iki ölkənin ictimai fəalları birləşir

Qarabağ haqqındakı  dəhşətləri kitab və qəzetlərində işıqlandıran ərəbdilli jurnalist QHT-lərin qonağı oldu

Bu gün İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətləri təmsil edən 9 nəfərlik media qrupunun Azərbaycana səfəri başa çatıb. Martın 11-dən 15-dək ölkəmizdə olmuş ərəbdilli jurnalist və media mütəxəssisləri Azərbaycanın işğaldan azad edilmiş Ağdam, Füzuli və Şuşa rayonlarına səfər etmiş, erməni işğalçılarının 30 il müddətində Qarabağda törətdikləri dəhşətli vandalizmlə və Azərbaycan dövlətinin bölgədə apardığı irimiqyaslı bərpa-quruculuq işləri ilə yerində tanış olmuşlar.

 Martın 16-da İraqlı professor,  ölkədə nəşr olunan “Dostluq” qəzetinin təsisçisi və baş redaktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri  Mutəz Muhy Əbdülhamid Bakıdakı həmkarları ilə görüşdü.

Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin ofisində təşkil olunan tədbirdə ölkəmizdə fəaliyyət göstərən nüfuzlu ictimai qurumların rəhbərləri, ziyalılar,  ictimai xadimlər və jurnalistlər iştirak edirdi.

Tədbiri Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Vətəndaş Cəmiyyəti Alyansının İdarə Heyətinin üzvü, tanınmış ictimai axadim Tahirə xanım Məmmədova açaraq nüfuzlu qonağı salamladı, iki dost ölkə arasındakı əlaqələrin tarixi haqqında məlumat verdi. T.Məmmədova rəhbərlik etdiyi qurumun bu münasibətlərin inkişafında həyata keçirtdiyi layihələr barədə danışdı, gələcəkdə planlaşdırdıqları layihələr haqqqında məlumat verdi.  Çıxışçı xatırlatdı ki, cənab Matz Muhy Abdulhamidin Azərbaycanla dostluğu 1994-cü ildən başlayıb.

AİMƏİB-nin üzvləri və dəvət edilmiş qonaqlar  Ermənistan silahlı qüvvələrinin Qarabağda törətdiyi vəhşiliklərlə, İslam dini və mədəniyyəti abidələrinin xüsusi amansızlıqla məhv edilməsi və təhqir olunması haqqında qonağa qısaca danışdılar. Qarabağda təkcə tarixi-dini irsin dağıdılması ilə ölkəmizə 190 milyard manatdan çox ziyan vurulduğu, mütləq bunun cavabının verilməli olduğunu xüsusi qeyd edildi. Tədbirdəkilər erməni vandalizmini pislədilər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işlərini yüksək dəyərləndirdiklərini vurğuladılar.

AİMƏİB-nin sədri Tahirə Məmmədova xalqımızın yorulmaz dostu sayılan qonağa söz verdi.

İraqın “Dostluq” qəzetinin redaktoru, Azərbaycan- İraq Dostluq Cəmiyyətinin sədri Mutəz Muhy Əbdulhamid Obada işğaldan azad edilmiş ərazilərdə gördüklərindən təsirləndiyini deyib:

“Bura gəlməyimdən çox məmnunam. Biz işğaldan azad olunan əraziləri gəzdik, çox təsirləndik. Azərbaycanın qəbiristanlıqlarının, müqəddəs yerlərin dağılması bizə çox böyük təsir elədi. Biz “dəmir yumruğa” heyran olduq. Biz həmişə Prezident İlham Əliyevi izləyirdik. Dəmir yumruq bunların başlarında çatladı. Fəxr edirik ki, Azərbaycan torpaqlarını qaytardı, düşmənə qalib gəldi. Bu İslam dünyası, bizim hamımız üçün bir nümunədir. Həmişə səsimizi Azərbaycanın səsinə qatacağıq. Bütün bu hadisələrin hamısını yaymışıq, yenə də yayacağıq.”

İraqlı professor Mutəz Muhy Əbdülhəmid görüşdə bildirdi ki, Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi onun xalqını da çox sevindirdi. O özü isə Qarabağ məsələsinin işıqlandırılması üçün İraq mətbuatında çoxsaylı məqalələrlə çıxış edib. Media mütəxəssisi həmin mövzuda bir neçə toplu nəşr etdirib və səfər zamanı yeni kitabı üçün geniş materiallar topladığını, İraqda kitab nəşr etdiyini bildirdi.

Daha sonra qonaq İraqda Azərbaycan həqiqətlərini yaymaq üçün gördüyü işlər haqqında geniş məlumatlar verdi.
Görüş  iştirakçısı,  ərəb dilindən  tərcümə edən  professor İmamaverdi Həmidov qonağın fəaliyyətini yüksək dəyərləndirdi.

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov iki ölkə ictimai təsisatlarının təmaslarını dəyərləndirərək, İraq və Azərbaycanın vətəndaş cəmiyyətlərinin görüləsi çox işləri olduğunu söylədi. Natiq çıxışında bir çox təkliflər səsləndirərək yaxın vaxtlarda bu münasibətlərin real zəmnində inkişafına təkan verəcək fəaliyyətlərə başlamağın zərüriliyini bildirdi.

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İB-nin sədri  İradə Həsənova və bu təşkilatın üzvi, ekoloq-alim Azad Əliyev, şairə Püstə Hüseynova, “Dodo”qəzetinin baş redaktoru İradə Məlikova, geofizik Rauf Mikayılov, sabiq SSRİ Ali Sovetinin deputatı Zivər Səfərova və tibb elmləri namizədi  Hafiz Osmanov çıxış edərək mövqeylərini ortaya qoydular, belə tədbirlərin vacibliyini söylədilər..

Tədbirin sonunda iraqlı professor Mutəz Muhy Əbdülhəmid gətirdiyi qəzet və kitabları AİMƏİB-nin sədri Tahirə Məmmədova təqdim etdi. Öz növbəsində Tahirə Məmmədova qonaqlar adından hədiyyəni və Qarabağa, Şuşaya hısr olunmuş, müəllifi olduğu kitabları ilə sənədli filmlərinin disklərini qonağa bağışladı.

Azərbaycan və İraq QHT-ləri birgə əməkdaşlıq haqqında ilkin razılaşma protokolu imzaladılar.

Sonda tədbir Novruz süfrəsi ətrafında davam etdirildi.

İradə DODO, yazıçı-publisit

Share: