VƏTƏN ADAM…

Deyir ki:- “O zaman ordumuz təzə-təzə formalaşdığı üçün könüllülərdən ibarət batalyonlar yaradılırdı. Həmin könüllülər Şəhidlər Xiyabanında and içərək, birbaşa cəbhəyə yollanırdılar.

O uşaqlar, Azərbaycan ordusunun canlı tarixləridir. İlk yaranan batalyon isə “Birinci batalyon” oldu. Mən də orada idim. Əksəriyyət xüsusi təlim keçmiş əsgər və zabitlərdən ibarət idi. Qürurverici anlar yaşayırdım. Heç kəs ölüm haqda fikirləşmirdi. Hamı qələbədən, zəfərdən danışırdı. Bax, “İgid əsgər möhkəm dayan” şeirini o dönəm yazdım. Oxudum razı qalmadım, yenidən yazdım. Yenə razı qalmadım. Elə bil, nəsə çatmırdı tamamlanmağa. Xeyli çək-çevirdən sonra gitarama sarıldım. Melodiya özü barmaqlarımın arasından süzülməyə başladı və nəhayət ürəyimcə oldu. Bu, mənim ilk bəstəm idi. Və mən, necə deyərlər, musiqiyə gəldim. Böyük, nəhəng və zəngin musiqi dünyasına. Başa düşdüm ki, şeirlərimdə anlada bilmədiyim hislərimi, düşüncələrmi musiqi ilə ifadə edə bilərəm. O vaxtdan əksər mahnılarımın musiqisi kimi, sözlərinin də mənə aid olmasının səbəbi budur. Bəstəni əvvəlcə xalq artisti Faiq Ağayevə verdim. Lakin onun Sankt- Peterburqa qastrol səfərinə yollanması ilə əlaqədar, mahnının yazılma prosesinin yubancağından ehtiyat edib, bəstəni Şəmistan Əlizamanlıya verdim.”

Haqqında söhbət açmaq istədiyim Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində dünyaya gəlib. Orta təhsilini bu kənddə alıb. 1980–1986-cı illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb institutunda ali təhsilə yiyələnib. Və təyinatla Biləsuvar rayonuna yollanıb. Dörd il burada həkim- terapevt kimi çalışdıqdan sonra yenidən paytaxta dönüb. 1990-cı ildə Xəzər Dəniz Hövzə Xəstəxanasında “USM” üzrə öz həkimlik təcrübəsini artırmağa başlayıb. Burada həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında o, Müdafiə Nazirliyi Tibb İdarəsi, “HET”-(Hərbi Elmi Tədqiqatlar) idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq gözəl bir ilkə imza atıb. Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradıb…

“1991-1994-cü illər ərzində mən Müdafiə Nazirliyinin bir neçə idarəsi ilə əməkdaşlıq etmişəm. İlk əməkdaşlıq etdiyim idarə tibb idarəsi idi. Ağır döyüşlər gedirdi. Ön xətdən çoxlu yaralılar gəlirdi. Onların hansı xəstəxanada və ya hospitalda yerləşdirilməsi ilə bağlı məlumat və informasiya almaq mexanizmi yox idi. Yaralıların valideynləri, yaxınları Müdafiə Nazirliyinin, baş qərargahın, tibb idarəsinin, respublikanın şəhər, rayon xəstəxanalarının qapısı qarşısında saatlarla vaxt itirir, ən xırda məlumatı belə ala bilmirdilər. Məhz o zaman bu məqsədlə operativ qərargah yaradıldı. Mən həmin qərargaha rəhbərlik edirdim. Və biz o dönəm ilk hərbi tibbi arxivi yarada bildik. Sonralar yaradıcılıq əlaqələri məni Müdafiə Nazirliyinin “Hərbi sənədli filmlər kino-tele studiyası”-na gətirib çıxardı. Mən orada bu studiyanın qurucuları olan Seyidağa Mövsümlü, Şəmistan Əlizamanlı, Nəriman Əbdülrəhmanlı, Nizami Abbas, Rahib Qərib, Nadir Diridağlı və sairləri ilə birlikdə çalışdım. Bununla yanaşı, həm də Müdafiə Nazirliyi “HET” idarəsi ilə əməkdaşlıq edirdim. “Hərbi bilik” jurnalı, “Azərbaycan ordusu” qəzetlərində yazılarla, reportajlarla çıxış edirdim.”- söyləyir.

Bəli, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Və Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan bu mahnı- “İgid Əsgər, Möhkəm Dayan!”- ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra o, növbəti savaş türkülərini yazır.Heç şübhəsiz ki, 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunan “Qərib Karvan”, Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon”, “Cənab Leytenant” və s. bu kimi bir-birinin ardınca bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırıb. Şahin Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirib. Sözləri Rəsul Rzaya aid “Elegiya”, Şəhriyarın vətən yanğısıyla qələmə aldığı eyni adlı “Azərbaycan”, Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum”, Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, Anarın şeirlərindən biri olan “Gedirəm Zəngilana”, Ramiz Rövşənin şeri əsasında bəstələdiyi “Yalquzaq” mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verib…

Deyir ki:- “Bəziləri hərbi vətənpərvərlik mahnılarının olmamasından gileylənirlər. Amma bir faktı unudurlar ki, bu, içdən gəlməlidir . Bu janrda işləmək məsuliyyət və professionallıq tələb edir. Bu tip mahnılarda bir tərəfdən zəfər, qələbə, savaş, qisas ruhu, digər tərəfdən isə qan-qadaya, ölümə meydan oxumaq, sülhü tərənnüm etmək xətti olmalıdır. Ona görə də vətənpərvərlik mahnıları deyiləndə təkcə marşlar yadda düşməməlidir. Vətəni tərənnüm edən, onun dağı, daşı, təbiətini vəsf edən hər hansı melodiya da vətənpərvərliyə aiddir. Bu sahədə xeyli populyar mahnı və marşlarımız var. Təkcə mənim yaradıcılığımda 30-a yaxın mahnı var ki, bunların hamısı sırf hərbi vətənpərvərlik mahnılarıdır. Məsələn, “Cənab Leytenant” mahnısı. Yadınızdadırsa orduda bir müddət leytenant poqonunda iki kiçik ulduz və ay vardı. Mahnı o vaxtlara təsadüf edir. Sonralar uniforma dəyişildi. Bəziləri buna irad tutsalar da mən sözlərdə redaktə etmədim. Çünki bu, bizim ordumuzun tarixi idi. “Səngər başındakı çatdığım ocağın” misrasını da kimlərsə- səngərdə ocaq çatmaq olmaz- deyib uğursuz misra kimi qələmə verirlər. Razıyam. Əslində mən ilk dəfə cəbhə bölgəsinə gedəndə qış idi. Hər tərəf qarın içindəydi . Blindaja girdik. Ortada bir odun peçi var idi. Bilindaj soyuq, peç isə yanmırdı . Daha doğrusu yandırmaq olmazdı. O zaman anladım ki, düzgün iraddır. Axı müharibə verilişlərində görmüşdük ki, əsgərlər həmişə tonqal ətrafında toplaşırlar. Yəqin bunun assosasiyası olub.”

Şahin Musaoğlunun qələmə aldığı şeirləri, o cümlədən bəstələdiyi mahnıları təftiş edəndə adam heyran qalmaya bilmir. Bu adamın mayası necə deyərlər, vətən sevgisilə yoğrulub- büsbütün VƏTƏN ADAMDIR. Qismətinə düşən bu tale, onu həmişə yaşadacaqdır…

İyulun 11-də Şahin Musaoğlunun 60 yaşı tamam olur. Azərbaycan torpaqlarının işğaldan azad olunmasında, isanları döyüşə, qələbəyə səsləyən mahnıları ilə əvəzsiz xidmətləri olan bu həkim, şair, bəstəkar qardaşımızı təbrik edirəm. Çox yaşasın!..

Elman Eldaroğlu

Share: