TƏHMİNƏ RÜSTƏMOVA 100 – Leyla Bayramova yazır

TƏHMİNƏ RÜSTƏMOVA 100 – Leyla Bayramova yazır

Gəl, ey heykəltəraş! Bu mərmər, bu gil.
Düşün müəllimi, sonra alış, yan.
Onun heykəlini mərmərdən deyil, 
Yarat özü kimi nurdan, işıqdan.

Bəxtiyar Vahabzadə

Bir zamanlar hökmdarların belə qarşısında baş əydiyi insanlar idi müəllimlər. Çünki müəllim demək təmənnasız sevmək demək idi. Bir zamanlar müəllim vicdanı sarsılmaz idi, müəllim ədaləti tərəfsiz idi, müəllim gözü hər kəsin gözündən iti, müəllim sözü hər kəsin sözündən kəskin idi…Müəllim demək ən adil hakim demək idi, yeri gəldikdə müəllim məsləhətləri, tövsiyələri ilə həyatın fırtınasında yöl göstərən, dəniz fənəri demək idi. O fənəri ki, insana həyatın qaranlığında yolunu azmağa qoymur, gedəcəyi yolu tapmağa kömək edir. Bu səbəbdən idi ki, Sədi Şirazi “Gülüstan”ında deyirdi ki, ustad cəfası ata mehrindən daha yaxşıdır.

Bu gün hörmət simvolu kimi xitab vasitəsinə çevrilmiş müəllim kəlməsi bir xalqın, millətin formalaşması qədər ağır bir yükü çiyinlərində daşıyır. Müəllim olmaq, bu məsuliyyəti iliklərinə qədər hiss edə bilmək isə hər kəsin işi deyil. Ömrünün 60 ilindən çoxunu Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı kafedrasında çalışmış Təhminə Zəkəriyyə qızı Rüstəmova isə müəllim adını həyatı boyu böyük ləyaqət və vüqarla daşıdı. Neçə-neçə şərqşünasın, filoloqun yetişməsində onun əvəzsiz rolu oldu.

Professor Təhminə Rüstəmovanın tərcümeyi-halı
Təhminə Zəkəriyyə qızı Rüstəmova 24 avqust 1926-cı ildə Azərbaycanımızın səfalı guşələrindən olan Şəki şəhərində anadan olub. O, ilk təhsilini 1934–1944-cü illərdə 7 saylı Şəki şəhər orta məktəbində almış, 1944–1949-cu illərdə isə ADU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində davam etdirmişdir. Elmi Şuranın qərarı ilə fars dilçiliyi ixtisası üzrə aspiranturada saxlanılan T. Rüstəmova, 1949–1953-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin aspiranturasında oxuyub. O, 1954-cü ildən BDU İran filologiyası kafedrasında çalışmağa başlamış və bu fəaliyyətini 2014-cü ilədək davam etdirmişdir. Təhminə Rüstəmova 1954-cü il“Müasir fars ədəbi dilində feili sifət və feili bağlamalarının morfoloji xüsusiyyətləri”dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, daha sonra 1964-cü ildə dosent elmi adını əldə etmişdir. 1990-cı il“Feili sifət və feili sifət tərkiblərinin qarşılıqlı-tipoloji planda leksik-qrammatik xüsusiyyətləri problemi (fars və Azərbaycan dilləri materialları əsasında)”dissertasiya işini müdafiə edərək elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1991-ci ildə isə Təhminə xanım professor elmi adını almışdır.
T. Rüstəmova Şərqşünaslıq fakültəsində Fakültə Tədris-metodiki Şurasının sədri, vaxtilə Təhsil Nazirliyinin nəzdində Şərq dilləri Elmi-metodiki Şurasının üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Şərq dilləri ilə bağlı seminar rəhbəri kimi ictimai işlərdə fəaliyyət göstərmişdir. 160-dan çox əsasən fars dilçiliyinə, qismən də ərəb və Azərbaycan dilçiliyinə aid elmi məqalələri müxtəlif jurnallarda çap olunmuşdur. Təhminə xanım orta və ali məktəblər üçün 22 adda dərslik və dərs vəsaitinin müəllifidir. O, ölkə daxilində və xaricində müxtəlif beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdi. 6 Avqust 2021-ci ildə Bakı şəhərində həyatla vidalaşmışdı.

Auditoriyada keçən bir ömür

28 Yaşından Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) İran filologiyası kafedrasında çalışmağa başlamış professor T. Rüstəmovanın tələbələrinin sayını dəqiq demək çətin olsa da, bu gün ölkəmizdə yetərincə tanınan mütəxəssislər yetişdirdiyinə əminik. 60 ildən çox bir müddətdə usanmadan hər il gələn yeni tələbələr dil tədris etmək insandan böyük səbir tələb edir. Təhminə Rüstəmovanı da universitetdə təhsil aldığımız illər ərzində, məhz, səbirli, təmkinli, nəzakətli, qayğıkeş, hər xırda detalları gözdən qaçırmayan, gözütox, ziyalı bir xanım kimi gördük. O zamanlar Təhminə xanımın yazılarımızı nöqtə-vergülünə qədər oxuyar, səhvlərimizi bizə bir-bir göstərərdi. O zamanlar bu bizə çox da xoş gəlmirdi. Lakin illər ötüb hər yazımızı o cür diqqətlə oxuyub, səhvimizi bizə göstərəcək insanları əlimizdə çıraqla axtarası olduq… İllər ötəndən sonra anladıq ki, hər bir düzəliş onun bizi mükəmməl, hərtərəfli görmək istəyi imiş. İllər sonra anladıq ki, peşəsini sevən müəllim kimi Təhminə xanım da hər tələbəsini yetkin, hərtərəfli bir mütəxəssis olmasını arzulayarmış. İllər sonra anladıq ki, o, insanlıq, müəllimlik borucunu vicdanı ilə yerinə yetirirdi. Bizsə uşaqlıq havası ilə ərköyünlük edirmişik...

Auditoriyada keçən illərin təcrübəsi nəticəsində Təhminə xanım bir sıra kitabları qələmə aldı: Əfqan əlifbası” (1986), “Fars dili. IV sinif üçün dərslik (1992), “Əski azərbaycan əlifbası” (1996), “Fars dili. Fars dilini müstəqil öyrənənlər üçün dərslik” (1997), “Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası” (1998), “Fars dili. Qeyri-şərqşünaslıq fakültəsinin tələbələri üçün dərslik (H. Mahmudovla şərikli)” (1998), “Fars dili. Şərqşünaslıq fakültəsinin I kurs tələbələri üçün dərslik (I nəşri-2004; II nəşri-2005, III nəşr 2008), Magistr hazırlığı üçün proqram: “Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası-sintaksisi” (2012), Bakalavr hazırlığı üçün proqram: “Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası-morfologiyası” (2013), Fars dili (qısa kurs) (2013), Fars dilinin lüğət tərkibini zənginləşdirən mürəkkəb sözlərin yaranmasında fel köklərinin rolu (2014), “Şahnamə”nin dilində işlənən (mər) haqqında (2015), “Şahnamə”nin bəzi dil xüsusiyyətləri (2016), Fars dilinin lüğət tərkibinin zənginləşməsində feil kökünün rolu (fars dilində)”(2016) .
Təhminə Rüstəmovanın fəaliyyəti dövlətin və universitet rəhbərliyinin də diqqətindən kənarda qalmamış, 30 oktyabr 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuş, 2014-cü ildə isə Əməkdar müəllim fəxri adına layiq görülmüşdü.Hətta onun 80 illik yubileyi Bakı Dövlət Universitetində xüsusi qeyd edilmiş, universitetin ovaxtkı rektoru, akademik Abel Məhərrəmov və o zaman Azərbaycanda diplomatik missiyasını yerinə yetirən İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfir Nasir Həmidi Zare öz xanımı ilə Təhminə Rüstəmovanı təbrik etmək üçün fakültənin qonağı olmuşdular.
Təhminə Rüstəmova həm də professor Əziz Əfəndizadənin ömür-gün yoldaşı, Şəkinin məşhur Əfəndizadələr nəslinin gəlini idi. Əziz Əfəndizadə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun ilk professoru, 300-ə yaxın elmi əsərin, eləcə də 60-dan çox iri-xırdalı kitabın müəllifi olmuşdu. O, “Azərbaycan dilinin tədrisi” (1976,1977), “Düzgün yazı təliminin nəzəri əsasları”(1975), “Orfoqrafiya-orfoepiya lüğəti” (1989), “Ədəbi dilimizin sirləri”(1990) və digər əsərləri ilə Azərbaycan pedaqoji və filoloji elmində öz sözünü deyə bilmişdi.

Təhminə Rüstəmova Rəhim Sultanov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Əhməd Şəfai Nəyyar Zaman Hatəmi, Yusif Ziya Şirvani kimi şərqşünaslıq elmimizin yükünü çiyinlərində daşıyanlarla birgə çalışmışdı. O, zəhmətkeşliyi, qayğıkeşliyi, nəcibliyi,tələblərindən gül dəstəsi almayacaq qədər təmənnasızlığı, hətta evində belə yüksək pedaqoqluğunu qoruyan bir insan kimi əsl müəllimlik etalonu idi. Sonda isə sözlərimizi Karl Qustav Yunqun fikri ilə yekunlaşdırmaq istəryirik: “Biz bilik verən müəllimlərə hörmətlə yanaşırıq, lakin insan duyğularımıza toxunan, bizə dəyər verən müəllimlərə minnətdar oluruq!” Ruhu şad olsun!

 

Leyla Bayramova

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

Share: