TƏBİB modul tipli xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayını AÇIQLADI

Hazırda TƏBİB-in tabeliyində koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün bir modul tipli xəstəxana fəaliyyət göstərir.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib:

“Burada ümumilikdə 370 çarpayılıq yer mövcuddur. Çarpayılardan 100-ü reanimasiya üçün nəzərdə tutulub. Xəstələrin müalicəsi ilə 80 nəfər tibbi və qeyri-tibbi heyət məşğul olur”.

TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada müalicə alan koronaviruslu xəstələrin sayı da açıqlanıb.

“Hazırda TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada 9 nəfərin müalicəsi davam etdirilir. Onlardan 5-i Reanimasiya şöbəsindədir. Şöbədə olanlardan bir nəfər isə süni tənəffüs aparatına qoşulu vəziyyətdədir”, – deyə cavabda bildirilib.

Qeyd edək ki, may ayının 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (PHEIC) statusunun bitdiyini bəyan edib.

Share: