İkinci yazı
Əvvəli burda
https://www.mustaqil.az/sovet-az%c9%99rbaycaninda-din-allahla-kgb-arasinda-c%c9%99mil-hesenli-yazir/
1956-cı ilin fevral ayında keçirilən Sov.İKP-nın XX qurultayı ölkənin sosial-siyasi həyatında böyük hadisəyə çevrildi. Qurultayın fevral ayının 25-də keçirilən qapalı iclasında “Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında” Baş Katib Nikita Xruşşovun “gizli” məruzəsi cəmiyyətdə şok effekti yaratdı. Xarici qonaqları qurultayın həmin iclasına dəvət edilməmişdilər. Lakin cidanı çuvalda gizlətmək mümkün olmadı. Qəribədir ki, Stalinin şəxsiyyətə pərəstişini tənqid edən XX qurultayın qərarları ateizm təbliğatına geniş rəvac verdi. 50-ci illərin sonlarında Sovetlərdə dinə qarşı mübarizə Amerika cazına və stilyaqaçılağa qarşı mübarizə ilə paralel şəkildə aparılırdı.
XX qurultaydan sonra da Azərbaycanda fəaliyyət göstərən dini təşkilatlar içərisində agentura işini gücləndirmək və ziyarət yerlərini nəzarətdə saxlamaq respublika təhlükəsizlik orqanlarının əsas vəzifələrindən biri olaraq qalırdı. Bu məqsədlə dini toplantılar keçirən müsəlman əşkilatları, pyatidesyatniklər, subbotniklər, adventistlər içərisində güclü agentura işi aparılırdı. KGB-nin yeni sədri Fyodor Kopılov 1956-cı il üçün hazırladığı hesabatda məhərrəmlik mərasiminin keçirilməsində fəallığın artmasından narahatlığını ifadə edirdi. Onun məlumatına görə, 1956-cı ilin aşura günü Təzə Pir məscidinə toplananların sayı 3 min nəfərə çatmışdı. Bir sıra yerlərdə kommunist və komsomolçuların məhərrəmlik mərasimində iştirak etməsini Kopılov narahatçılıq doğuran hal kimi qeyd edirdi.
Bununla belə o, bildirirdi ki, Zaqafqaziya müsəlmanlarının dini idarəsi dövlət təhlükəsizliyi orqanlarının nəzarətindədir və dini idarənin 7 nəfərdən ibarət olan ali şurasında onlar öz “etibarlı” adamlarını yerləşdiriblər. Toplanan məlumatlara görə, istər dini mərasimlərin və istərsə də dini ziyarətlərin icrası zamanı antisovet hərəkətlər qeydə alınmamışdı. Eyni zamanda Məkkəyə və Məşhədə ziyarətə gedən azsaylı müsəlman zəvvalarının içərisinə də KGB orqanlarının gizli agentləri daxil edilirdi.
50-ci illərin axırlarında Dövlət Təhlükəsizliyi Komitəsinin hesabatlarında Naxçıvan Muxtar Respublikasında dini təbliğatın gücləndiyi bildirilirdi. Muxtar respublikanın KGB sədri Məmməd Əlizadə bildirdi ki, son vaxtlar Naxçıvanda dini təbliğat güclənib, qeyri-rəsmi məscidlər açılıb. O, qeyd edirdi ki, hətta Bakıda Ətağanın büstü hazırlanıb Ordubad rayonunun Nüsnüs kənd məscidinə gətirilib. Əməliyyat tədbirləri zamanı müəyyən edilmişdi ki, bu büstü 1934-cü il təvəllüdlü, Bakıda ali məktəbi bitirmiş Həmid İsmayılov emalatxanada hazırladıb Ordubada gətirmişdir.
Eyni zamanda KGB orqanları agentura məlumatları əsasında müəyyən etmişdi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kolxoz sədri, rayon partiya komitəsinin plenum üzü, Muxtar Respublika Ali Sovetinin deputatı M. Qasımov kolxoz maşınında öz ailə üzvləri və qohumları ilə birlikdə Əshabi-Kəhfə ibadət etməyə gedib. Muxtar Respublika sərhəd bölgəsi olduğundan orada KGB-nin hər əməkdaşı 14 gizli agent saxlasa da (Respublika üzrə bu göstərici 11 agentdən ibarət idi), belə halların qarşısını almaq mümkün olmamaşdı.
Belə hallar bütün müsəlman respublikalarında çoxaldığı üçün Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1958-ci ilin noyabr ayının 28-də “Müqəddəs yerlərdə ziyarətlərə son qoyulması üzrə tədbirlər haqqında” qərar qəbul etmişdi. Qərarda bir neçə müsəlman respublikası ilə yanaşı Azərbaycan SSR-in də adı çəkilir və belə hallar tənqid olunurdu. Orada deyilirdi ki, “Müqəddəs yerlər” deyilən ziyarətgahlar Azərbaycanda da geniş yayılıb. Məsələn, Azərbaycan SSR-in Şüvəlan kəndində “Ətağa” (Mir Mövsüm ağa) ziyarətgahına hər gün onlarla inanclı adam gəlir, dini mərasim və bayramlar zamanı ziyarətçilərin sayı 400–600 nəfərə çatır.
Maştağa rayonunda “Pir Seyid” məqbərəsi, Bərdə rayonunda “İmamzada”, Naxçıvan Muxtar Respublikasında “Əshabi-Kəhf”, “Nüsnüs”, “İmamzada” və digər yerlərdə belə ziyarət yerləri fəaliyyət göstərir. Bütün bunları bildikləri halda yerli partiya orqanları “Müqəddəs yerlər” deyilən ziyarətgahların bağlanması, ziyarətlərə son qoyulması, qeyri-qanuni fəaliyyət göstərən ibadət evlərinin qapadılması istiqamətində əhali arasında izahat işləri aparmırlar.
1958-ci il iyunun 12-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mühazirəçilər qrupunun rəhbəri Əsəd Əsədovun “Kommunist” qəzetində “Din və dini qalıqlar haqqında” adlı geniş məqaləsi çıxdı. Məqalədə qeyd edilirdi ki, “respublikada 4700-ə qədər mədəni-maarif müəssisəsi vardır. Lakin bunlarda aparılan elmi-ateizm təbliğatının vəziyyəti qənaətbəxş deyildir”. 1958-ci il avqustun 5-də “Respublikada elmi-ateizim təbliğatının gücləndirilməsi tədbirləri haqqında” qərar qəbul edilsə də, bu qərar “Müqəddəs yerlər”ə ziyarətlərin qarşısını ala bilmədi. Ona görə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi 1958-ci il dekabrın 30-da bu məsələni yenidən büro iclasının müzakirəsinə çıxartdı.
Büronun qərarı ilə qəzet və jurnal redaksiyalarına, radio və televiziya komitəsinə, nəşriyyatlara tapşırıldı ki, tamahkarlıq məqsədi ilə “Müqəddəs yerlər”dən istifadə edən, belə yerlərə ziyarətlər təşkil edən adamlar ifşa edilsin. Qərarda deyilirdi: Azərbaycan Kommunist partiyasının vilayət, şəhər və rayon təşkilatlarına tapşırılsın ki, Azərbaycan SSR Nazirlər Soveti yanında dini işlər idarəsi ilə birlikdə bu qərarın yerinə yetirilməsinin gedişi barədə 1959-cu il mayın 20-nə kimi məlumat versin. Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsi bu qərarla bağlı görülən işlər barədə üçün Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə məlumat vermək üçün 1959-cu il mayın 25-i tarixinə hesabat hazırlasın.
Respublikada müsəlman dindarlarla yanaşı xristian təriqətçiləri də təhlükəsizlik orqanları tərəfindən təqib edilirdi. KGB-nin sədri Fyodor Kopılov hələ 1957-ci il avqustun 23-də Şamaxı rayonunun Xilmilli kəndində baptistlərin gizli yığıncaqlar keçirdikləri barədə İmam Mustafayevə geniş məlumat göndərmişdi. Məlumatda göstərilirdi ki, bu dini təriqətə üçün Sovet İttifaqı Kommunist Partiyasının üzvü Vasili Mixayilov rəhbərlik edir. Lakin partiya və təhlükəsizlik orqanlarının kampaniyaçılığına baxmayaraq Xruşşov islahatlarından sonra Sovet cəmiyyətində, xüsusi ilə müsəlman respublikalarında genişlənən dini təsirin qarşısını almaq mümkün olmadı.
1959-cu il aprelin 18-də SSRİ KGB-nin sədri Aleksandr Şelepin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinə “Dini qalıqlara hücum haqqında” geniş hesabat göndərmişdi. Orada bir sıra alimlərin, artistlərin, universitet professorlarının dini və kilsə ayinlərində iştirakından narahatçılıq ifadə edilir və onlara müvafiq qaydada təsir göstərilməsi, onlar haqqında ölçü götürülməsi təklif edilirdi.
1959-1960-cı illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi iki böyük əməliyyat hazırlanmışdı. Onlardan birincisi 1959-cu ilin dekabr ayının 26-da islam dininə qarşı keçirilən “Yasin surəsi” əməliyyatı, ikincisi isə 1960-cı ilin iyun ayının ortalarında Amerika geyim tərzinə – stilyaqaçılığa və Amerika caz musiqisinə qarşı keçirilən əməliyyat idi.
1959-cu ilin dekabr ayında ay Azərbaycan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi respublika KGB-nə tapşırıq vermişdi ki, Bakı şəhərində gizli şəkildə kiril əlifbası ilə ərəb dilində kustar üsulla çap edilən “Yasin surəsi” yayılır, bunun harada çap olunduğun müəyyən etmək lazımdır. (Bax: KGB-nin məsul əməkdaşı Akif Bağırovun Azərbaycan SSR KGB-nin profilaktik tədbirləri haqqında məlumatı. 7 yanvar 1960).
KGB dərhal dini dairələrə yerləşdirdiyi “Yararlı” (Полезный) və “Məmmədov” şərti adlı agentlərini xüsusi tapşırıqla işə qoşdu. Çox qısa vaxtda “Yararlı” müəyyənləşdirdi ki, “Yasin surəsi” kitabçasının satışı ilə 1884-cü il təvəllüdlü Məmmədbağır Süleyman oğlu məşğul olur və o, kitabçaları çəkməçi Səfərəli Əliyevdən alır. Lakin agentura şəbəkəsi aydınlaşdırdı ki, Səfərəli Əliyev də dini ədəbiyyatı Bakı şəhəri Müqtədir Aydınbəyov küçəsində yaşayan təqaüdçü Aslan Əliyevdən alır.
Dekabrın 26-da keçirilən əməliyyat zamanı hər üç şəxs “təsadüfən” saxlanıldı və məlum oldu ki, dini ədəbiyyatı Bakı şəhərində yaşayan 1918-ci il təvəllüdlü “Aznefttəchizat” idarəsinin işçisi Həbib Dadaş oğlu Almazov nəşr edir. Əməliyyat tədbirləri nəticəsində Almazov bilavasitə “Yasin surəsi” kitabçasını kustar yolla nəşr edərkən saxlanıldı, ondan 22 hazır kitabça və çap avadanlığı müsadirə edildi. Almazov izahat verdi ki, ailəsinin maddi ehtiyaclarına görə 1959-cu ilin sentyabrından bu işlə məşğul olur. Hər dörd şəxs “profilaktik söhbətdən” sonra azad edilsə də, Almazov uzun müddət KGB-nin nəzarətində və agent müşahidəsi altında saxlanıldı…
Ardı var