Müşahidələrim və gəldiyim nəticə

Müşahidələrim və gəldiyim nəticə

10.04.2026 tarixində ADPU-nun baş müəllimi, arxeoloq və tarixçi-tədqiqatçı alim Ələsgər Mirzəzadənin yubley tədbirinə dəvət aldığım ADPU-nun Cəlilabad filialının qəzalı binasında mən bir möcüzə gördüm.

Güzgülərin işığında özünə inam, gül-çiçək dolu otaqlarda təmizlik və səliqə, tələbələrin gözlərində ümid. Bu, zahiri köhnəliklə daxili diriliyin paradoksal harmoniyası idi. Mənim üçün bu məkan bir nağıl dünyasını əks etdirdi – hər addımda güzgülər, hər güzgüdə gələcəyin parlaq simaları.
Buranı nağıllar aləminə çevirən və rəhbərlik edən Xudayar müəllim bizi çox səmimiyyətlə, Universitetin həyətində qarşıladı biz ziyalıları. Fərəhlə otaqları gəzdirdi, tanış etdi bizləri.
Əyalətlərdən, sərhədyanı kəndlərdən gələn qızların təhsil eşqi məni heyran etdi. Qazı olmayan kəndlərdən çıxıb elm işığına gəlmək – bu, milli iradənin, qadın gücünün ən saf təcəssümüdür. Mən həmin güzgülərdə yalnız öz əksimi deyil, həm də gələcəyin müəllimlərini, alimlərini, ziyalılarını gördüm. Onların hər addımı bir millətin sabahına yazılan şeir misrası kimidir.
Amma binanın qəzalı vəziyyəti ürəyimi ağrıtdı. Bu sehirli məkanın divarları köhnəliklə mübarizə aparır, amma içindəki ruh işıq saçır. Mən buradan aidiyyatı qurumlara səslənirəm. Bu bina yalnız daş-divar deyil, bir millətin gələcəyinin güzgüsüdür. Onu qorumaq, bərpa etmək, tələbələrə daha rahat şərait yaratmaq – bu, sadəcə texniki iş deyil, milli borcdur.
Cəlilabadın sərhədyanı kəndlərində qazın olmaması, amma qızların təhsil eşqi ilə oraya gəlməsi bir çağırışdır. Biz bu iradəyə dəstək verməliyik. Hər güzgü parçası kimi saf, hər gül-çiçək kimi canlı bir gələcək üçün bu binaya xüsusi nəzarət, qayğı və kömək lazımdır.
Mən o sehirli məkanı çox sevdim. Yaxşı mənada paxıllıq (qibtə) etdim tələbələrə. Onların hər gün güzgülərin sehrində özlərini tanımaq imkanı var. Bizim borcumuz isə bu sehrin davamlılığını təmin etməkdir.
Bu unudulmaz günü mənə yaşadan yubliyar Ələsgər müəllimə və məkan rəhbəri Xudayar müəllimə bir daha təşəkkür edirəm!

Hörmətlə: Arzu Əyyarqızı
, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist
11.04.2026

Share: