Siqaret kötüyündə oynayan nəfəsini,  Yığıb külqabılardan ovucumda gizlədim.

Eh… sən hardan biləsən

Bu cansıxan tənhalıq ruhuma böyük qalır,
Sənsizlik ağır gəlib yatağımdan sürüsür.
Adın boyda bir şeir dodaqlarımda ölür,
Boşalan ümidlərim qaranlığa qarışır…

Bilmirəm eee neyləyim sənsiz keçən zamanı,
Dərdindən dəli oldum bilmirəm ki, haçandan?..
Dodaq izin var deyə çay içdiyin fincanın
Nə qədər öpərlər ki, yuyulmayan küncündən…

Siqaret kötüyündə oynayan nəfəsini,
Yığıb külqabılardan ovucumda gizlədim.
Hər telefon zəngində qucaqladım səsini
Eh… sən hardan biləsən səni yaşamaq nədi?..

Səndən məni soruşub tanımaq istəsələr,
Desələr ki, kimdi o, nədir ki, onun adı?
Milyon-milyon suala bircə cavab bəs edər,
De: ruhu eşqə doğub qəlbimdəki bu qadın…

Qoy məni özü çəksin

Mən onun nəfəsinə
Boyanmışam, a rəssam.
Fırçan məni çəkməyi
Bacarmaz ki heç zaman.

Sən ki çəkə bilməzsən
Damarların közünü,
Qəlbin hər atışında
Onun ayaq izini.

Hansı rəngdədir eşqin
Yanaqdakı həyası,
Onu gördüyüm anın
Sevincinin boyası?

Heç müqayisə etmə,
Sönükdü gün işığı…
Bu gözəl duyğularım
Minrəngli göy qurşağı.

Yox, sənin gücün yetməz,
Fırça ver xoşbəxtliyə.
Qoy məni özü çəksin
Dünyaya, yerə, göyə…

Share: