Seyidov Sərkisyanı 30 saniyəyə ifşa etdi

AŞPA-da yenə də ikili standartın şahidi olduq.

Müstəqil.Az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva qeyd edib.

“Ukraynanın Krım bölgəsini işğal etdiyi üçün Rusiyanın səsvermə hüququnu əlindən alanlar Azərbaycan torpaqlarını işğal etmiş işğalçı Ermənistanın işğalçı prezidentini AŞPA-ya dəvət edib ona çıxış verdilər. Belə çıxır ki, işğal edilən xristian ölkəsinin torpağıdırsa, onu törədənlərə qarşı sərt mövqe ortaya qoyulur, amma müsəlman ölkənin torpağını işğal edən mükafatlandırılır. Bu təşkilatdakı növbəti dəfə şahidi olduğumuz mənzərə, dəhşətli ikili standartlar budur. Azərbaycan nümayəndə heyətinin bütün üzvləri Sərkisyana sual üçün yazılmışdı və təbii ki o çıxışa gəlməzdən öncə siyahını görmüşdü. Çünki bu siyahını hər kəs görə bilir. Ona görə də rəsmi olaraq çıxış və suallara cavab üçün ayrılan 1 saatın yarısını onu ifşa edəcək suallardan qaçmaq üçün çıxışını uzatdı. Prosedur qaydalara görə əvvəlcə AŞPA qruplarının təmsilçiləri, sonra ölkələr üzrə millət vəkillərinin sualları cavablandırılır. Sərkisyan qrup təmsilçilərinin suallarına qəsdən o qədər uzun cavablar verirdi ki, millət vəkillərinə sual çatmasın. Nəticədə ölkələr üzrə sadəcə iki millət vəkili sual verə bildi və onlardan ikincisi və sonuncusu nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov oldu”.

Millət vəkili vurğulayıb ki, Səməd Seyidov prosedur olaraq hər millət vəkilinin sual verilməsi üçün ayrılan 30 saniyədə əslində Sərkisyanı tamamilə ifşa etdi və Assambleyaya onun əslində nə qədər yalan danışdığını bəyan etmiş oldu:

“Sərkisyan zamanı niyə uzadırdı, bunu hamımız bilirdik, çünki daha çox ifşa olunacağını çox gözəl anlayırdı. Nümayəndə heyətimizin üzvləri olaraq Assambleya toplantılarında onun söylədiyi yalanlara geniş cavablarımız olacaq. Amma bu yalanları danışan işğalçı qədər də ona burada çıxış imkanı yaradanları qınayırıq. İşğalçılar arasında fərq qoyulmamalıdır. Bu, bir daha insan haqlarından danışan bir təşkilatda müsəlman ölkələrinə, türk ölkələrinə dəhşətli bir ikili standartın olduğunu göstərdi. Biz zaman-zaman Azərbaycana, Türkiyəyə qarşı bunu görürük və bu gün də onlardan biridir”.

Millət vəkilinin sözlərinə görə, işğalçı ölkə prezidentinin bu günkü çıxışı bir daha göstərdi ki, onlar sülh yolu ilə torpaqlarımızı işğaldan keç vaxt azad etməyəcəklər:

“Torpaqlarımızı hərbi yolla azad etmək gücünü daha da artırmalıyıq. Allah dövlətimizə və ordumuza yardımçı olsun. Qarşımızda çox həyasız bir düşmən var. Bu gün işğalçı Sərkisyanın çıxışı bir daha bunu göstərdi. Təəssüf ki, xristian həmrəyliyi də daha da güclənir. Bu faktor da çox ciddi məsələdir”.

Müstəqil.Az

Share: