“Sehirli qutuda” yeri görünən adam

Cənubluların qürur yerlərindən biri də Masallı rayonudur. Füsünkar təbiəti ilə yanaşı, burada o qədər parlaq istedadlı insanlar yetişib ki, say-hesabı çoxdan itib. Azərbaycanın ilk teleserial rejissoru Elçin Məmiyev də Masallıdandır.

Müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra, təhsilini incəsənət universitetinin aktyorluq fakültəsində davam etdirib və 1988-ci ildə ali təhsilə yiyələnib. Şeyx Nizaminin eyniadlı poemasının motivləri əsasında çəkdiyi “Leyli və Məcnun” bədii televiziya filmi onun ilk rejissorluq işidir. 1990-cı illərdə “iynə-sap”, “səs”, “qorxma atəş aç!” və sair televiziya filmləri ilə tamaşaçıların və sənətşünasların böyük rəğbətini qazanıb. Salam Qədirzadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkdiyi və xalq artisti Arif Quliyevin baş rolda oynadığı “Bığ əhvalatı” televiziya filmi hələ də tamaşaçıların yaddaşında yaşayır. 1994-cü ildə “Sənət” mükafatına layiq görülüb. Elçin Məmiyevin “Yanmış körpülər”, “Oyunçu”, “Susmuş vicdan”, “Sevginin Göz Yaşları”, “Boyunbağı” teleserialları onun özünün də aktyor kimi oynadığı rejissorluq işlərindəndir…
İstedadlı rejissor baş rolların ifaçısı olmaqla yanaşı, bir çox filimlərin ssenari müəllifi kimi də tanınır. Mənəvi Dəyərlərin Təbliği Fondu bir vaxtlar Lider TV-də efirə gedən “Qum saatı” verilişinin aparıcısı, tanınmış aktyor və kinorejissor Elçin Məmiyevi gənclər arasında vətənpərvərlik dəyərlərinin təbliğində fəaliyyətinə görə mükafatlandırıb…
Xeyli vaxtdır ki, Elçin Məmiyev “sehirli qutuda” görünmür. Səbəbini bilməsəm də, yenidən sehirli məkana dönəcəyinə, fəaliyyətini davam etdirəcəyinə ümidliyəm…
Bu gün Elçin bəyin doğum günüdür, 57 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayıram.
Arzuları çin olsun!
Hörmətlə, Elman Eldaroğlu
Share: