Sərxoş sürücünün qohumları ilə polis arasında insident

Bakıda içkili halda avtomobil idarə edən şəxsin qohumları ilə polislər arasında insident yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün axşam saat 23 radələrində Bakıxanov qəsəbəsindəki restoranlardan birinin qarşısında qeydə alınıb.

Yol polisləri spirtli içki qəbul etməsi şübhəsini yaradan “Hyundai” markalı avtomobili saxlayıblar. Yoxlama zamanı sürücünün sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Onun barəsində sənədləşmə işi aparılarkən həmin restorandan çıxan sürücünün bir neçə nəfər qohumu polislərin işinə müdaxilə edib. Daha sonra polis əməkdaşları onları qanuni əmrə tabe olmadıqları üçün polis bölməsinə aparıblar.

Məlumata görə, saxlanılan şəxslər arasında bir neçə qadın da olub. Polis bölməsində sürücünün qohumlarının izahatları alındıqdan sonra qadınlar sərbəst buraxılıblar.

Sərxoş vəziyyətdə avtomobili idarə edən sürücünün Bakı şəhər sakini K.Kosayev olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli


Share: