Sakitcə dedim: Erotik şeir – Aysel ƏLİZADƏ

Müstəqil.Az Ömər Xəyyamın Aysəl Əlizadə ilə müsahibəsini təqdim edir:

– Düzü, bilmirəm, necə müraciət edim sənə. Şairmi deyim, şeirmi, yoxsa peyğəmbər?

– Həmişə dediyin kimi de: Ay.

– Sonuncu şeirinə görə qınayanlar oldu səni. Ki, azərbaycanlı qadına yaraşmaz-filan…

– Onları başa düşürəm. Ömrü boyu Azərbaycan qadınına kötük kimi baxıblar.

– Evdə nə dedilər? Məsələn, anan necə qarşıladı?

– Səninki lap Vüsalın sualına oxşadı: “Anan bilermi nə yazersan?” Qadın masası arxasında oturmuşduq. Şeirimdən söhbət düşdü. Dedilər ki, işdə sənin şeirini müzakirə edirdilər. Anamın heç nədən xəbəri yox idi. Soruşdu, nə yazmısan? Yemək yeyirdim. Çəngəli ağzıma aparıb, sakitcə dedim: Erotik şeir. O da eyni sakitliklə soruşdu: İşin-gücün qurtarıb?

– Olmazdı ki, şeir kimi yox, elə zəng vurub, ya da üzbəüz deyərdin? Ki, bəs, ay adam, belə-elə?

– Yox, olmazdı.

– Ehtirasdan daha çox ağrı var o şeirdə, yoxsa mən yanlış anlamışam?

– Sən necə yanlış anlaya bilərsən?

– Şeirdə möhtəşəm təsvirlər də var. Onlar yaşantıdı, yoxsa arzu?

– Ömər, mən sevgi yaşamayan qadına oxşayıram?

– Bir nəfər şərh yazmışdı ki, onda ayrılığın ən gözəli sevişməkdir.

– Yaxşı yazıb. Deyirəm, sevə-sevə ayrılın ayrılanda da. Bir-birinizə itin sözünü demədən.

– Hamı erotik şeir kimi paylaşmışdı. Bir vaxtlar Məryəmə də “pozğun qadın” damğası vurmuşdular…

– Görürsən, sonra Müqəddəs Məryəm oldu. Zaman belə “damğa”ları özü silir.

– İsa doğulub, axı hə? Şeirdə necə idi, “İsa doğardım sənə…” – olmaya İsa sənə qeybə çəkilib?

– Bəlkə də İsa məndə zühur edib… İudalar, çarmıxa göndərənlər də öz yerlərindədir. Oğlum olsaydı, mən də onu Məryəm ana kimi böyüdərdim. Məsələn, bir xanım var, çox safdı, yaxşı adamdı. Sevdiyi oğlan onu aldadıb, maaşını əlindən alırdı həmişə. Ya da başqa bir xanım var, əri girişmədiyi qadın qoymayıb. Mən belə kişi böyütməzdim. Hərçənd, Məryəm anaya “yəqin, dünyaca məşhur kişinin anası olmaq qeyri-adi hisdi” deyəndə, o, “mən əslində istəyirdim, İsa həkim olsun” deyib” kimi lətifə var.

– Yenə tanrıyla sevişirsən?

– Əlbəttə.

– Mənə elə gəlir, səndə mazoxizm əlamətləri var, məsələn, yalnızlıqdan zövq almaq kimi…

– Mazoxizmdi bu? Bilmirəm ki! Özümlə heç vaxt darıxmamışam. Saatlarla özümlə zaman keçirmişəm. Bilmək istəyirsənsə, indi belə deyil. İndi adam istəyirəm, adam…

– Qadın, ana, şair, həyat yoldaşı… – çox adamsan. Həyat yoldaşı və şair, bax bundan danışaq. Kiminsə qadını şair ola bilər ki? Ya da belə: şairdən arvad olmaz.

– Tanrıyla sevişən adama verdiyin suala bax…

Share: