“Səni deyirlər” kampaniyası sərhədləri aşıb [Videolar]

İranda yaşayan azərbaycanlıların bu kampaniyasını milyonlarla insan dəstəkləyir

İranda yaşayan azərbaycanlıların “Səni deyirlər” kampaniyası dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların etiraz kampaniyasına çevrilib. Mahnı və rəqs elementlərini birləşdirən kampaniya sosial şəbəkələrdə milyonlarla insan tərəfindən izlənilib.

“Facebook”, “Instagram”, “Twitter”, “Youtube” istifadəçiləri öz videolarını #sənideyirlər haştaqı ilə azərbaycan, ingilis, rus, fars, ərəb və digər çoxsaylı dillərdə yayırlar.

“Səni deyirlər” mahnısı Urmiya gölünə – Şərqi və Qərbi Azərbaycan əyalətlərinin ərazisində yerləşən quruyan duz gölünə həsr olunub.

Gölün qurudulması ölkədə Azərbaycan mədəniyyətini və siyasi fikirlərini boğmağa çalışan hökumətə qarşı etiraz edən İran azərbaycanlıları üçün əsas diqqət mərkəzinə çevrilib.

“Urmiya dəryası nə üzməlidir, ancaq onu qurutdular”, mahnıda deyilir. Mahnı “Çox yaşa, Azərbaycan” sözləri ilə bitir.

İranda yaşayan azərbaycanlıların kampaniyası Azərbaycan Respublikasında da geniş əks-sədaya səbəb olub. İnsanlar ölkənin şəhərlərində, kəndlərində, hətta dağlarda, çöllüklərdə, tranzit yollarda, küçələrdə, meydanlarda, evlərdə “Səni deyirlər” mahnısının sədaları altında rəqs edərək, videolarını sosial şəbəkələrdə paylaşırlar.

Urmiya gölünün qurumasına etiraz kampaniyasına siyasi və ictimai xadimlər də qoşulub.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, ”Səni deyirlər” – milli özünüifadənin bir forması, səsləşmə kodu, paroludur.

“Bu bir dövlətdə haqları tapdanaraq yaşamağa məhkum edilmiş qüdrətli bir millətin harayıdır. “Səni deyirlər” sənət nümunəsi, musiqi hadisəsi deyil, mahiyyətcə “Traxtur” azarkeşliyi, Urmiya təəssübkeşliyinə oxşar olan siyasi hadisədir”, Hacılı Facaebook səhifəsində yazıb.

Jurnalist Xalid Kazımlı “Yeni Müsavat” qəzetində dərc etdiyi “Sərhədləri aşan melodiya” məqaləsində yazır ki, adi bir mahnı Arazın o tayında və bu tayındakı insanları birləşdirə bilir.

“200 ildən artıq ayrılığa, iki Azərbaycan arasındakı 70 illik “dəmir pərdə”yə baxmayaraq xalq düşüncə, zövq, adət-ənənə, dil-din baxımından bir-birindən çox da uzaq düşməyib. Adi bir mahnının Arazın o tayında və bu tayında eyni zamanda milyonlarla insanın sümüyünə düşməsi göstərdi ki, ən azı sümük eynidir…

Bu, adi zövq məsələsi deyil. O qədər bu sayaq melodiyalar olur ki, bir yerə qədər populyarlaşır, bir-iki mövsüm toylarda çalınır, sonra unudulub gedir. Amma “Səni deyirlər”in sədası bütün sərhədləri aşdı. Ona görə ki, burada bir az da başqa söhbət, milli özünüdərk məsələsi var”, məqalədə qeyd edilir.

AzNews.az saytının redaksiyasının əməkdaşları iş yerində “Səni deyirəm” oynayaraq kampaniyaya qoşulub.

“Güney Azərbaycandakı soydaşlarımıza mənəvi-psixoloji dəstək vermək məqsədi ilə “Səni deyirlər” rəqsinə qoşuluruq. AzNews.az saytının əməkdaşları da oyundan kənarda qalmayıb və elə redaksiyanın balaca otağındaca şıdırğı rəqs edirik”, sayt yazır.

“İlk dəfədir ki, Şimali Azərbaycanda sosial media Cənubi Azərbaycan tendensiyasına üstünlük verir. Görünür bu illər ərzində çatışmayan yeganə şey musiqi imiş”, sosial media istifadəçisi Cavid Ağa bildirib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Facebook səhifəsində yazır ki, bu, ən böyük həmrəylik aksiyalarından biridir.

“İran elə bir ölkədir ki, orada rəqs etdiyiniz, ən böyük etnik qrup olan Azərbaycan türklərinin musiqilərini təbliğ etdiyiniz, hicabsız olduğunuz və ya cinsi azlıqların haqlarını müdafiə etdiyiniz üçün cəzalandırıla bilərsiniz”, İsmayılova qeyd edir.

Şou-biznes xadimləri də bu kampaniyanı dəstəkləyir.

Elə bu gün teatr və kino aktrisası, ən yaxşı aktrisa fəxri diplomu laureatı Pərvin Abıyeva “Səni deyirəm” aksiyasına qoşularaq öz rəqsi ilə İranda yaşayan azərbaycanlıları dəstəkləyib.

Share: