“Sosial”laşan ömrümüz… – Pərvin yazıb

PƏRVİN

Bugünlərdə Milli Məclisin Elm və təhsil komissiyası yeni “Ümumi təhsil haqqında” qanunun ilkin variantı barəsində açıqlama verib. 

Komitə sədri, akademik İsa Həbibbəyli bildirib ki, yeni qanuna görə məktəbəqədər və orta təhsil müəssisələri şagirdlərinin məktəbdə mobil telefonlardan istifadəsi qadağan oluna bilər.

Hələ qanun layihəsi müzakirə ediləcək, bütün digər müddəaları kimi, bu qeyd etdiyim bənd də ölçülüb biçiləcək. Amma elə bu problemin ortaya çıxması, qanun səviyyəsində müzakirəsi artıq mövzudur, düşünmək üçün səbəbdir. Sual yaranır: şagird hardasa çantasının dibində gizlətdiyi telefonunu yalnız məktəbdən çıxanda götürüb valideyninə zəng etsə, yaxud doğmalarıyla əlaqə saxlasa, nə olar ki? Məsələ burasındadır ki, çantanın dibində qalan dəftər-kitab olur, telefon isə dərsdə, küçədə, bayırda, yemək yeyəndə, yatmağa gedəndə – həmişə, hər yerdə əllərindən düşmür çağdaş nəslin. Bu isə problemdir, ciddi problem. Azad, demokratik dünyada bütün bunların qarşısını almaq mümkünsüzdür, amma gənc nəslin düzgün tərbiyələnməsindən ötrü qadağaların qoyulması da yol veriləndir. Qətiyyən səhv anlaşılmağımı istəməzdim, uzun illərdir ki, informasiya texnologiyaları mütəxəssisi ilə bir damın altında yaşadığım üçün çağdaş texnikanın, internetin və sosial şəbəkələrin üstün tərəflərindən də xəbərsiz deyiləm… Amma…

İnsani dəyərlərin, xalis hisslərin, real münasibətlərin sürətlə sıradan çıxmaqda olduğu müasir dünyada sosial şəbəkələr katalizator rolunu oynayır. Daha öncəki nəsil üçün “texnikalaşan” münasibətləri qəbul eləmək çətindir və buna görə onları geridə qalmış, köhnə fikirli hesab edən gənclər də az deyil. Amma bir epizodu yadıma salıb o “geridə qalmışlara” bəraət qazandırıram. Yaşlı nənə çoxdandı bir-birini görməyən nəvələrinin yanaşı otursalar da, heç dinib danışmamalarından narahat olur, “küsülüsünüz?” – soruşanda qızlar gülüşürlər, “yox, biz söhbət edirik” – deyirlər. Nənənin gözlərindəki təəccübü görüb əllərindəki telefonu göstərirlər – qrupda bir şey müzakirə edirik – deyirlər… Və beləliklə, zamanla iki barmaqla – yəni sadəcə klaviatura tıqqıldatmaqla qurulan ünsiyyətlər bütün digər ünsiyyət növlərini üstələyir. Canlı təmasın, üz-üzə, göz-gözə danışmağın üstünlüklərindən söz açıb müasir “yastı ekran” sevərlərin gözündə orta əsr nümayəndəsi kimi görünmək istəmirəm. Orta əsrlərdən danışmışkən Umberto Ekonun sözlərini yada salmaq yerinə düşər. Məşhur italyan yazıçısı, meduavist-alim, Avropanın orta əsrlər tarixinin dini cərəyanlarının, xristian təriqət və cəmiyyətlərinin mükəmməl bilicisi olan Eko muzeydə ziyarətçilərin qəribə davranışından təsirlənib esse yazmışdı bu mövzuda. Axı niyə görə hamı təqdim olunan eksponatları öz gözləri ilə görmək, seyr etmək istəmir? Bax bu sual Ekonu çox narahat etmişdi, çünki hər kəs telefonunu çıxarıb ancaq şəkil çəkməklə məşğul imiş… Beləliklə, yeni dünyanın insanı canlı görmək fürsəti varkən, foto çəkir, sonra o fotoları paylaşıb özünü mədəni aləmin adamı kimi qələmə verir. Və bu mənada Ekonu orta əsr qaydaları ilə düşünməkdə ittiham etmək olmaz… Çünki zamanla geriləyən, orta əsrləri də üzü o yana keçib ibtidailəşən məhz elə o robotlaşan insandır…

2011-ci ildə Litvanın paytaxtı Vilnus şəhərində “Gənclik və Sosial Media” konfransına qatılmışdıq. Müxtəlif  ölkələrdən gələn iştirakçıların söhbətlərindən, şəxsi təcrübələrini bölüşmələrindən çıxardığım nəticə bu idi; gənclər sosial şəbəkələrdə özlərini daha rahat, daha sərbəst hiss edirlər. Bəli, hətta o qədər sərbəst ki, Ramiz Rövşən demiş, “burda sözündən qan iyi gələnlərin ağzından süd iyi gəlir” əslində… “Göz görmür, üz utanmır” ifadəsinin ən real nəticəsini məhz burda hiss etmək olar. Klaviatura arxasında həqiqət carçısına, intellekt dağarcığına, namus-qeyrət keşikçisinə, nə bilim şirə-pələngə çevrilən çoxları real həyatda tamam başqadırlar. Son vaxtlarda müğənnilərdən bəziləri sosial şəbəkədə təhqir edən istifadəçilərini  azacıq  “qəlizə çəkən” kimi girməyə siçan deşiyi axtardılar, bu da kömək etməyəndə sadəcə üzr istəməklə canlarını qurtardılar.

Bütün bu pərakəndə faktları səfə düzəndə suallar içində itib-batırsan. Axı bu qədər adamı – kütləni aqressiv edən, gündəm nə olur, olsun vay-şüvənlik salmağa həvəsləndirən nədir? Bekarçılıqmı, şəxsi həyatındakı boşluqmu, sevgisizlikmi, nadanlıqmı, dayaz düşüncəmi, yoxsa bunların hamısı? Sosial şəbəkə istifadəçisi olmasam da, bəzən hansısa informasiya axtarışı aparıb feysbuklara, instaqramlara çıxarır və ümumi mənzərə adamı dəhşətə gətirir. Bir tərəfdən kef-damaq nümayişləri, o biri tərəfdən xəstələr üçün xeyriyyəçilik tələb edən yumşaq ürəklilərin xalqı “düz yola çəkmək” üçün bitib tükənməyən reklamları. Bir yanda sevgini, eşqi özünün  timsalında, necə sevib-sevildiyini dünyaya car çəkə-çəkə, bağıra-bağıra təbliğ edənlər, o biri yanda gözəl, səmimi, mehriban ailəsini bütün boşanan “tərbiyəsizlərin” gözünə soxan ev xanımları… Hə, hələ kafelərin, restoranların menyusundakı ən bahalı yeməkləri, ən qlamur görünüşlü desertləri bəzəkli manikurlarının fonunda çəkib paylaşan bacılardan danışmıram. Maşını üçün yenicə aldığı təkərləri, idman zalında elə təzəcə çıxardığı əzələni nümayiş etdirən qaqaşlar da öz yerində. Onlarsız sosial şəbəkənin bir günü olmasın. Axı inciməyin məndən, türklər demiş qüsura baxmayın, soruşmaq istəyirəm ki, məgər sevgi iki adama aid iş deyil? Bəyəm mən sizin sevgilinizin necə diqqətli olub doğum gününüzdə göndərdiyi şarların sayını mütləq bilməliyəm?! Ya da ay əxlaqlı, namuslu xanım, sizin ailənizdən, ərinizdən bərk-bərk yapışıb onu heç kimə verməməyiniz böyük igidlik deyil axı?! Yüz-yüz illərdi nənələrimiz min əzaba-əziyyətə dözüb ailələrini qoruyublar, bunu başımıza qaxınc etməli idilər?! Və bu yerdə geridə qalmışlığın bariz nümunəsi sayıla biləcək ciddi bir məqama da diqqət çəkmək istəyirəm. Bizim uşaqlığımızda bu qədər mağaza, market yox idi, bəzən məktəbə yemək, ya meyvə aparmalı olurduq. Atam hər gün səhər diqqətlə və çox sərt şəkildə çantamızı yoxlayırdı; məktəbə qoxulu meyvə, yaxud nə isə “ekzotik” bir şirniyyat aparmaq olmazdı, başqalarının nəfsi çəkə bilərdi, bu isə günah idi. Eyni  qayda bir çox ailələrdə vardı, hətta ən imkanlı sinif yoldaşlarımız da sadə geyinir, hamının yediyindən yeyirdilər və hesab edirəm ki, bu, ən düzgün tərbiyə üsulu idi. Elə bu kontekstdə soruşmaq istəyirəm; əzizim, sən hər getdiyin ölkədə içdiyin quş südünün, can dərmanının fotolarını paylaşıb necə qlamur həyat yaşadığını nümayiş etdirəndə maaşı minimum çərçivəsində yaşamağa zorla çatan izləyicilərini düşünürsənmi heç?! Və o izləyici sənin yekə-yekə danışmağından, soyuducundan qalıb xarab olan qara kürü haqqında təəssüf dolu statusundan qəzəblənirsə, niyə inciyirsən?! Bir də Stanislavski demiş – İnanmıram! İnanmıram ki, bu rəngbərəng fotolarla millətin gözünə soxduğun həyatında xoşbəxtsən… O bəh-bəhlə təriflədiyin yeməkdən də ləzzət aldığına inanmıram… Ananla qol-boyun şəkillərin altında yazdığın valideyn qayğıkeşi simana, “ideal övlad” motivli sözlərinə də inanmıram. Aylarla anandan, atandan xəbərin belə yoxdu, etiraf elə. O hər fotoda, hər şəkildə qoluna girdiyin, “bu mənimdi” ədası ilə əzizlədiyin kişini qoz qabığına soxmusan əslində, hər axşam qaynar suya salıb çıxarıb qanadlarını yolursan, rəfiqələrinlə votsapda yazışmağa başlayanda adam da saymırsan onu… İnanmıram! Ona görə ki, bütün bunları doğrudan da yaşasan, sevinsən, ləzzət alsan, sevsən, xoşbəxt olsan, paylaşmağa ehtiyac da duymazsan, zaman da tapmazsan!!!

Bugünlərdə rus psixoloqlarından biri sosial şəbəkələrin insanları depressiyaya saldığını yazmışdı. Çünki orda başqalarının həyatının necə gözəl və rəngarəng olduğunu müşahidə edən orta təbəqə nümayəndələri müqayisədə çox rəngsiz, mənasız yaşadıqlarını başa düşürlər və… Amma bu, gerçəkdən belədirmi?! Bir nümunə çəkə bilərəm. Ən yaxın dostlarımız ilk övladlarının bir yaşı münasibətiylə fotosessiya təşkil etmişdilər. Hamımız iştirak etməli, bir yaşlı uşağın tarixində yer almalı, rolumuzu oynamalı idik. Bir anlıq təsəvvür edin, bir yaşında, heç bir söz anlamayan körpə, başına toplaşanların hay-küyü, bir-birini görən gözü olmayan qudaların forsu, üstəgəl, gözəl ailə tablosu yaratmaq istəyən gənclərin həyəcanı, əsəbi. Ağız deyəni qulaq eşitmir, uşaq çığırır, fotoqraf mizanları qurur, alınmır, uşağın anası əsəbləşir, ərinin üstünə çımxırır, bundan burnunu sallayan qaynana üzünü çevirib getmək istəyir, oğlan anasını birtəhər yola gətirəndə məlum olur ki, uşağın yemək vaxtıdı, fotoqraf gözləmək istəmir… Bütün bunların nəticəsində hamı əsəbidi, yorğundu, amma neyləməli, birtəhər üzümüzdə Hollivud təbəssümü yaradıb çıxırıq işin altından. Bir neçə gündən sonra şəkillərdən yığılmış video-çarxı ana öz səhifəsində paylaşır, mənə də göndərir… Altında yüzlərlə şərhlər var… Təxminən belə – “ussss şirin”, “Allah mehriban eləsin”, “Allah saxlasın bu şirin balanı”, “Nənənin-babanın balası”, “Ay qız nə yaxşı arıqlamısan”… Vallah yazıram və o çəkiliş günü yadıma düşəndə özümü zorla saxlayıram gülməkdən. Amma hər halda düşünürəm ki, bu qədər riyakarlıq nə üçündü? Sosial şəbəkə doludu toylar üçün çəkilmiş sevgi hekayələri ilə… Gənc qızların özlərindən yekə gül dəstələrindən adamı allergiya tutur. Və hər şey göründüyü kimidirsə, boşanan ailələrin sayı niyə artıb?! Yaxud da bütün bunların tam əksi – hər şeyin pis, hamının xəstə olduğunu, bu şəhərdə, bu ölkədə, bu dünyada yaşamağın mümkünsüzlüyünü dizinə, başına döyə-döyə, zarıya-zarıya, zırıldaya-zırıldaya nə bilim daha nə edə-edə danışanlar… Və bunların hamısından daha pis, başqalarının həyatını müzakirə edib bağladığı vedrələrin sayını itirənlər.

Yazının sonuna doğru irəlilədikcə düşünürəm məgər çağdaş texnikanın, sosial şəbəkələrin faydalı tərəfi heç yoxdurmu? Var əlbəttə, çoxdur. İnsanı min kilometrlər uzaqda olan əzizi ilə üz-üzə qoya bilirsə, nigaranlığını bir anda həll edirsə, əvvəllər saatlarla, günlərlə axtardığını indi bir anda tapa bilirsənsə, çox gözəl, çox əla, çox pakizə. Amma sevdiklərimizin yanında da başımızı telefonun, şəxsi səhifəmizin içərisindən çıxara bilmiriksə, bu, problemdi. Həyəcan təbili çalmaq lazımdı. Məktəbdə mobil cihazı qadağan etsələr, sevinin. Çünki gözünü açıb bunu görən, bununla yaşayan yeni nəsil daha ciddi təhlükə ilə üz-üzədir. Bir azdan yaşamağı, sevməyi, dinləməyi, göz-gözə baxmağı yadırğayacaq çağdaş insan. Yaşamaq isə Nazım Hikmət demiş – GÖZƏLDİR!

Share: