“Səndən sonra qəhəri çəkirəm üz-gözümə…” – Qəmər Sözay

SƏNİ BAĞIŞLADIM GÜNAHLARINA
 
Bütün ümidlərin kökü kəsilib,
Bütün ümidlərim məzar qoxuyur.
İllərdir qəlbimdə yatan arzular,
Sabah oyanmaqçün dua oxuyur.
Yaddaşım köksünü ötürür yenə,
Keçmişin kölgəsi alır başımı.
Dünənlər dağ çəkir qəlbimin üstə,
Sabahlar gənclikdən çalır yaşımı.
Sənsizlik qoynunda quruyur ömrüm,
Ölümlə qalımın savaşındayam.
Həsrət adlı dərddən zarıyır ömrüm,
Həyatın qaranlıq libasındayam.
Bu bəxtin nazıyla çox oynamışam,
Susamış göz yaşım yanaqlarına.
Mən Allah deyiləm,fəqət yenə də,
Səni bağışladım günahlarına.
ŞƏN MAKYAJLI QADIN…
Can çəkişir ümidlər həsrətinin dizində,
Körpəcə arzuların bükülür bel,buxunu.
Yorğun bir ürək gəzir,sənsizliyin izində,
Ay mənim uzaqdakı ən dəyərli yaxınım.
Xatirənlə baş-başa dörd divardır,bir də mən,
Saatın əqrəbləri zamanı qaçaqlayır.
Sənsizlik payız kimi xəzan tökür üstümə,
Sənsizlik payız təki ömrümü qucaqlayır.
Taqətsizəm, sabaha yalınayaq gedirəm,
Yollar tikan bitirir,ayağımın altına.
Səndən sonra qəhəri çəkirəm üz-gözümə,
Səndən sonra həsrətəm şən makyajlı qadına.
PAYIZI SEVMƏYƏN ADAM
Yaman pis dərddir sənsizlik…
Nə dərmanı var,nə də bir əlacı…
Elə çarəsizliyi sıxıb bağrıma
Göz dağı verirəm ümidlərimə…
Coşub,çağlamaq olmaz!
Küsüb,ağlamaq olmaz!
Ruhumu çarəsizliyə sürgün edən
Bir ömrün qurbanı oldum…
Asıldım kələfindən sənə dair fikirlərin…
Yoxluğunun bilinməyən
baharından boylandım
Sənsizlikdən viran qalmış
Bu qocaman şəhərə…
Gedişinin sərt rüzgarlarına
Tab gətirə bilmədi
Payız qoxulu bu şəhərin
Xəzan olmuş arzuları…
Yellər sovurdu ordan-ora,
Burdan-bura
Bəlkə də tapdadığın
O sonuncu xəzan yarpağının altında
Can verdi bir qadının sevərək
Əzizləyib,ərköyüncə böyütdüyü
Sevgiyə dair olan xəyalları…
Sən indi başqa bir şəhərin baharına sarılıb
Çiçək açdırırsan başqa bir sevginin ümidlərinə…
Eybi yox mən onsuz da
Sevgisini rüzgarlara təslim edən
Bu şəhərin payızında
çoxdan xəzan olmuşam…
Payızı sevməyən adam…
HAVADA YAZ QOXUSU VAR…
Havada yaz qoxusu var…
Duyulur,
tumurcuqların iyi,
çiçəklərin ətri.
Nə zaman bitəcəkdir,
çəkdiyim bu həyat qəhri.
Arzularımın baharı,
haçan gəlib çıxacaqdır,
qarşımdakı buz sədləri,
əridərək yıxacaqdır.
Havada yaz qoxusu var…
Masmavi səma,parlaq günəş,
sönəcəkmi içimi yandıran atəş?
Yüklənibdir duyğularım,
Gündən-günə artıb,çoxalır qayğılarım.
Beynimi dəlik-deşik edir,
cavabsız sorğularım,
Həyat məni çəkir dara,
Hər il ömrümdən gedən bahar,
gəncliyimi özü ilə aparır hara?
Havada yaz qoxusu var…
Əsir həzin-həzin küləklər,
Bahar günəşi ilə isinir,
qışda donan ürəklər,
Çiçək açır qəlbdəki arzular,diləklər,
Dünya gözlərimdə qəmə bürünür,
Bu bahar
mənimçün təbiət başqa görünür.
HƏYAT HARA ÇƏKİR MƏNİ…
Niyə bunca əzab nədir,
Nədir qüssə,nədir kədər.
Xoş günlərim zəhər dadır,
Bu gənc ömrüm gedir hədər.
Ovuc-ovuc göz yaşları,
Qucaq-qucaq ağrı,acı.
Göz önündə devrilir bax,
Xoşbəxtliyin taxtı,tacı.
Qaranlığa qurban gedir,
Al səhərin gün nəfəsi.
Köksündəki dərd qucaqlar,
Həyat dolu eşq həvəsi.
Zaman yenə pərdə asır,
Zaman dara çəkir məni.
Göy üzündən asılıram,
Həyat hara çəkir məni?
Qəmər SözAy
Müstəqil.AZ
Share: