Asılılıqlar çox vaxt insanın böyüdüyü dövrdə, xüsusilə uşaqlıq və yeniyetməlik illərində formalaşmağa başlayır. Bu gün elm artıq göstərir ki, asılılıq sadəcə zəif iradə və ya “pis vərdiş” deyil. Bu, beynin inkişafı, emosional vəziyyət və uşağın yaşadığı mühitlə sıx bağlı olan bir prosesdir.
Uşaqlıq dövründə beyin çox sürətlə inkişaf edir və bu dövrdə yaşanan hər şey uşağın gələcək davranışlarına təsir göstərir. Xüsusilə beynin həzz və motivasiya sistemi bu yaşlarda çox həssas olur. İnsan hər dəfə ona xoş hiss verən bir şey etdikdə beyində dofamin adlı maddə artır. Dofamin insanda maraq, motivasiya və həzz hissi yaradır.
Normal halda uşaq bu hissi oyun oynayanda, ailəsi ilə vaxt keçirəndə, dostları ilə ünsiyyətdə, idmanda və yaradıcı fəaliyyətlərdə yaşamalıdır. Bu zaman beyin təbii şəkildə inkişaf edir və uşaq real həyatdan zövq almağı öyrənir.
Amma müasir dövrdə telefon, qısa videolar, oyunlar və sosial media beyinə çox sürətli və güclü stimul verir. Beyin bu sürətli həzzə tez alışır. Nəticədə adi həyat fəaliyyətləri uşağa darıxdırıcı görünməyə başlaya bilər. Uşaq tez sıxılır,davamlı yeni stimul axtarır,diqqətini toplamaqda çətinlik çəkir,hər şeyi dərhal istəyir.
Bu proses yavaş-yavaş asılılıq riskini artırır.
Digər vacib məsələ uşağın emosional vəziyyətidir. Əgər uşaq evdə davamlı qorxu, qışqırıq, emosional soyuqluq, diqqətsizlik, sevgisizlik və ya həddindən artıq təzyiq ilə böyüyürsə, onun beynində stress sistemi davamlı aktiv qalır. Belə uşaqlarda daxili gərginlik,narahatlıq,özünü tək hiss etmə,emosional boşluq
daha çox müşahidə olunur.
İnsan beyni isə stress və ağrıdan qaçmağa çalışır. Əgər uşaq özünü sakitləşdirməyi sağlam yollarla öyrənmirsə, zamanla telefona,oyuna,yeməyə,sosial mediaya,pornoqrafiyaya,sonrakı yaşlarda isə siqaret və ya maddələrə yönələ bilər. Çünki bunlar beyində qısa müddətli rahatlıq hissi yaradır.
Burada vacib olan məqam odur ki, asılılıq çox vaxt sadəcə həzz almaq deyil, daxili gərginlikdən qaçmaq cəhdinə çevrilir. Yəni bəzi insanlar əylənmək üçün yox, özlərini sakitləşdirmək üçün asılı davranışlara yönəlirlər.
Yeniyetməlik dövründə risk daha da artır. Çünki bu yaşlarda beynin emosiyalar və həzzlə bağlı hissələri çox aktiv olur, amma özünü idarə etmə ilə bağlı hissə hələ tam inkişaf etmir. Buna görə yeniyetmələr impulsiv qərarlar verə,riskli davranışlara daha açıq ola,ani həzzə daha çox yönələ bilirlər.
Əgər bu dövrdə uşaq davamlı olaraq yüksək stimul verən şeylərə məruz qalırsa, beynin mükafat sistemi buna alışır və kompulsiv davranışlar formalaşa bilər.
Buna görə uşaqları gələcək asılılıqlardan qorumağın yolu yalnız qadağalar deyil. Ən vacib qoruyucu faktorlar ailə ilə yaxın münasibət,emosional təhlükəsizlik ,uşağın hisslərini ifadə edə bilməsi,stresslə sağlam mübarizə yollarını öyrənməsi,real həyatda sevinc və maraq tapması,fiziki aktivlik,sağlam dostluq münasibətləridir.
Uşaq özünü sevildiyini, qəbul olunduğunu və güvəndə hiss etdikdə, beynin zərərli və süni stimullara bağlanma ehtiyacı azalır.
Musayeva Nərgiz İxtiyar qızı
Həkim, psixiatr





















