Şəhid qızını avtomobillə vuraraq öldürən biznesmen oğlu azadlığa buraxıldı

Qarabağ müharibəsində şəhid olan Elton Əkbərovun qızı Könül Əkbərovanı idarə etdiyi “Jeep” markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu Rəhim Rəhimovla bağlı yeni qərar verilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Rəhimov cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisində çəkəcək.

Xatırladaq ki, məntəqə tipli cəzaçəkmə müəssiləri açıq rejimlidir, məhkum istənilən zaman müəssisədən çıxıb evinə, istənilən digər yerlərə gedə bilir.

Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Rəhimov 5 il müddətinə azadlıqdan məhrum edilib.  O, yalnız sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib. (Qafqazinfo)

Share: