Şəhid ocağında susqunluğun dili

Şəhid ocağında susqunluğun dili

Bu gün Naxçıvan Ədəbi Mühitinin dəyərli üzvlərindən biri olan şair-publisist Təranə Arifqızının rəhbərliyi altında fəaliyyət göstərən yazar qadınlardan ibarət olan “Zərif Qadınlar” Ədəbi qrupunun bir neçə üzvü ilə birlikdə Vətən yolunda canını fəda edərək ölümsüzlüyə qovuşan şəhid Baş leytenant Qasımov İbrahim Malikəjdər oğlunun müqəddəs ata ocağını ziyarət etdik.

Bəzi qapılar ehtiyatla döyülür. Çünki o qapıların arxasında bir ailənin yox, bütöv bir xalqın qüruru yaşayır. Şəhid ocaqları Vətənin ən müqəddəs ünvanlarıdır. Orada zaman dayanır, şəkillər danışır, xatirələr nəfəs alır, sükut isə sözlərdən daha çox şey söyləyir.
Qapını bizi göz yaşları ilə Maral ana qarşıladı. Onun gözlərində tükənməyən bir həsrət, çöhrəsində isə oğlunu Vətənə qurban vermiş bir ananın əzəməti vardı. O danışdıqca hər cümləsi İbrahimin uşaqlıq illərinə, gəncliyinə, arzularına, Vətən sevgisinə çevrilirdi. Hər xatirə ilə sanki şəhidimiz yenidən o evdə nəfəs alırdı.
Ata – Malikəjdər müəllim isə oğlundan danışarkən səsini kövrək duyğular bürüyürdü. O, hıçqırıqlarını boğmağa çalışsa da, ata ürəyinin ağrısını gizlətmək mümkün deyildi. Lakin bu kədərin içində böyük bir qürur da vardı. Çünki onlar Vətənə igid bir oğul bəxş etmiş valideynlərdir.
Baş leytenant Qasımov İbrahim Malikəjdər oğlu 1992-ci il yanvarın 29-da dünyaya göz açmışdır. Orta təhsilini Əliabad kənd tam orta məktəbində almış, sonra Azərbaycan Kooperasiya Universitetində ali təhsilini davam etdirmişdir. Gənc yaşlarından Vətən sevgisini həyat amalına çevirən İbrahim hərb peşəsini böyük şərəf və məsuliyyətlə seçmiş, Azərbaycan Ordusunun zabiti kimi xidmət etməyi özünün müqəddəs borcu bilmişdir.
2020-ci ilin 44 günlük Vətən müharibəsində ön cəbhədə mərdliklə döyüşən İbrahim işğal altında olan torpaqlarımızın azadlığı uğrunda misilsiz igidlik göstərmişdir. Xüsusilə Suqovuşan istiqamətində aparılan döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Lakin onun Vətənə xidməti bununla başa çatmadı. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror əməliyyatlarında Baş leytenant İbrahim Qasımov yenə ön sırada idi. Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə son nəfəsinədək qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəldi. O, zabit andına son anınadək sadiq qaldı və canını Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və gələcək nəsillərin təhlükəsizliyi naminə fəda etdi.
Döyüş meydanında göstərdiyi rəşadət dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra “Vətən uğrunda” medalı və “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə təltif olundu. Bu təltiflər onun qəhrəmanlığının rəsmi təsdiqi olsa da, xalqın qəlbində qazandığı əbədi ehtiram bütün mükafatlardan daha qiymətlidir.
İbrahimin ən böyük arzularından biri övladının – Malikin azad, firavan və təhlükəsiz Azərbaycanda böyüməsi idi. Bu gün bizə onun ən qiymətli əmanəti – cəmi üç yaşında olan oğlu qalıb. O balaca körpə atasını qucaqlaya bilməsə də, böyüdükcə atasının necə böyük bir qəhrəman olduğunu öyrənəcək. Çünki şəhid övladları təkcə ailələrinin deyil, bütün xalqın övladlarıdır. Bu gün o övladın atasına layiq şəkildə böyüməsi üçün əlindən gələni edir həyat yoldaşı Vəfa xanım.
Qardaşı Allahverdi də çalışır ki, qardaşından onlara əmanət qalan ailəsinə dəstək olsun.
Şəhid Baş leytenant Qasımov İbrahim Malikəjdər oğlu Naxçıvan Şəhidlər xiyabanında torpağa tapşırılıb. Onun məzarı hər gün ziyarət olunur, üzərinə düzülən qərənfillər isə xalqın qəhrəman oğullarına sonsuz ehtiramının rəmzinə çevrilir.
Ziyarətimiz zamanı şəhidimizin ruhuna dualar oxundu. Valideynləri ilə söhbət etdikcə anladıq ki, şəhid ailələri yalnız övladlarını deyil, arzularını, xəyallarını da Vətənə qurban veriblər. Amma onların başı dikdir. Çünki İbrahim kimi oğullar ölmürlər. Onlar bayrağımızın dalğasında, azad Qarabağın dağlarında, əsgər salamında, xalqın yaddaşında əbədi yaşayırlar.
Bu müqəddəs ocaqdan ayrılarkən ürəyimizdə həm dərin bir kədər, həm də sonsuz bir qürur vardı. Sonda xatirə şəkli çəkdirdik. O şəkil təkcə bir görüşün xatirəsi deyil, şəhid ailəsinə ehtiramın, Vətənə sədaqətin və milli birliyimizin rəmzi idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Baş leytenant Qasımov İbrahim Malikəjdər oğlunun ruhu şad, məqamı uca olsun! Onun adı Azərbaycan tarixində qəhrəmanlıq, sədaqət və Vətən sevgisinin ölməz simvollarından biri kimi daim yaşayacaq.
Sevinc Azadlı

Şair-publisist
08.07.2026

Share: