RUHUN ŞAD OLSUN, ZAKİR!…

Onu cəmi bir dəfə görmüşdüm. AzTv-nin sədr müavini mərhum Vaqif Ağayevin yas mərasimində. Üstündən iki ildən bir az çox vaxt keçmişdi ki, özünün də ölüm xəbəri yayıldı…

Haqqında söhbət açmaq istədiyim Zakir Sadatlı 1961-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində dünyaya gəlib. 1978-ci ildə qonşuluqda olan Privolni kənd orta məktəbini bitirib. 1979-1981-ci illərdə hərbi xidmətini Əfqanıstanda yerinə yetirib. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində ali təhsilə yiyələnib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində, 1990-1993-cü illərdə Qarabağda döyüşlərin ön cərgəsində olub. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda işləyib.
20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub. Televiziyada bir sıra verilişlərin, o cümlədən “Gündoğandan-günbatana”, “Aydınlıq” layihələrinə rəhbərlik edib…
Deyirdi ki,- “İmzalar və kitablar tünlüyündə adamlara bir az mərhəmət göstərmək lazımdır”.
Çox alicənab, mərhəmətli, necə deyərlər, istiqanlı adam idi…
“Rəssam gəmi şəkli çəkəndə bu o demək deyil ki, o, okeanın o tayına üzüb getmək istəyir.Yazıçı da əsərini müsabiqə və mükafat müstəvisində qurmur. Onun bir borcu var: Yaxşı yazmaq!… Yazdıqlarının sonradan ona gətirəcəyi divident artıq taleyin işidir. Böyük sənət əsərləri və sənətkarlar olub ki, tale onlarla hüdudsuz ölçüdə sərt və amansız davranıb. Bəzən də əksinə olub. Taleyin nə qəddarlığı , nə də həlimliyi bizimçün izah olunan deyil. Bir şeyi yadda saxlamaq lazımdı – müsabiqələr, mülahizələr, mükafatlar və başqa “…lar”lar və ”…lər”lər zamanın bir köks ötürməyi qədərdir. Hər şey çıxıb gedəcək və gedəndə bizim qazandıqlarımızı da öz yükünə qatıb aparacaq. Yeganə təsəlli budur ki, ümidlərimizi və sevgilərimizi bağladığımız yaradıcılıq bu Yer üzündə bir ləpir kimi qalacaq.”- söyləyirdi.
Və özü də sonda Azərbaycan jurnalistikasında bir iz, bir ləpir kimi qaldı…
Zakir Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə respublika mətbuatında çıxış edib. İlk mətbu şeirləri -“Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabad rayon qəzeti “Yeni gün”də dərc olunmuşdur. Dövri mətbuatda şeir və onlarla publisitik məqalələri vaxtaşırı çap olunub.
2008-ci ildə Zakir Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Əsər Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə 3-cü yeri tutmuşdur. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilmiş, Azərbaycanda isə 2012-ci ildə nəşr olunan “İraq olsun” sənədli povestinin tərkibində nəşr edilərək, oxuculara təqdim edilib.
“Əfqanıstan uçurumu” (xatirə-roman), “İraq olsun” (sənədli povest), “Salam, baça” (hekayə) və başqa dəyərli əsərləri ilə oxucuların rəğbətini qazanıb.
Zakir Sadatli Azərbaycan Xalq Cümhuriyyəti dövrünün görkəmli araçdırmaçı-tədqiqatçılarından olmaqla yanaşı, Cümhuriyyət dövrü fədailərindən bəhs edən onlarla tədqiqat-məqalənin müəllifidir.
O, həm də Azərbaycan Cümhuriyyəti fədailərindən biri olan, ömür boyu mühacirətdə yaşamış Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarını Türkiyə türkcəsindən Azərbaycan dilinə çevirərək çap etdirib. Bu tarixi əsər Azərbaycan və Türkiyədə böyük əks-səda doğurmuş və yenidən Türkiyə türkcəsinə çevrilərək təkrar nəşr olunub.
2013-cü ilin yanvar ayında Zakir Sadatlının “Əfqanıstan uçurumu” adlı xatirə-romanı nəşr edilib. Bu əsər Azərbaycan ədəbiyyatı sahəsində ən böyük ədəbi-bədii layihə olan “Milli Kitab Mükafatı”nın qalibi olub. Belə ki, 28 avqust 2012-ci il tarixindən start götürən və 5 iyun 2013-cü ildə yekunlaşan müsabiqəyə 241 əsər daxil edilərək, sonda ədəbi mükafatın qalibi Zakir Sadatlının “Əfqanıstan uçurumu” xatirə-romanı elan olunub.
Zakir Sadatlı həmçinin Xanlar Bayramovla birlikdə yazılmış “Onu Gəncə böyütmüşdür” kitabının həmmüəllifidir. Əsər görkəmli ictimi-siyasi xadim Tofiq Bağırovun həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edir.
2015-ci ildə Zakir Sadatlının şeirlərindən ibarət “Mən varam dünyada” adlı şeirlər kitabı nəşr edilib.
Əfqanıstan və Qarabağ müharibəsi veteranı olan Zakir Sadatlı Azərbaycan Yazıçılar Birliyinin və Avropa Yazıçılar Birliyinin üzvü olub. Yazarın adıçəkilən əsərləri və şeirləri respublika mətbuatında, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Füyuzat” jurnallarında, eləcə də Türkiyədə nəşr olunan “Kardeş qələmlər”, “Türk ocağı”, İraqda “Kardeşlik” dərgilərində, “Hürriyyət” qəzetində işıq üzü görüb.
Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkəsində nəşr edilib.
Zakir Sadatlı 2013-cü ilin fevral ayının 5-də 51 yaşında ikən vəfat edib. Məzarı Cəlilalabad rayonunun Sadatlı kəndindədir.
Yaşasaydı bu gün 62 yaşını qeyd edəcəkdi. Xatırlatdım ki, ruhu şad olsun və ruhuna rəhmət diləyək…
Elman Eldaroğlu
Share: