Səlim BABULLAOĞLU: “Repressiyanın insani məntiqi olmayıb”

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu ilə söhbət.

-Salam, Səlim bəy, xoş görüşmüşük.

– Salam, hər vaxtınız xeyir, Faiq bəy.

-Yeni filmi uğurla təqdim etdiniz. Təbrik edirəm. Hamımız üçün ağırlı mövzudu.

-Elədir. Təşəkkür edirəm. Siz də iştirak edirdiniz.

-Bəli. Necə yarandı ideya?

-Biz filmin rejissoru, bizim tanınmış teleaparıcı, rejissor və ssenarist Rafiq Həşimovla illərin dostuyuq. İndiyə qədər xeyli ortaq layihələrimiz olub, onların arasında müxtəlif filmlər də var.
3 il əvvəl idi. Yazıçılar Birliyinin  III mərtəbəsində dayanıb söhbət edirdik. Ordakı barelyefi görmüsüz, repressiya olunmuş ədiblərimizə ithafən xalq yazıçısı Anarın ideyası əsasında düzəldilib.  Yadınızdadır da, arxası bizə, yəni barelyefə baxanları, üzü əbədiyyətə olan insnlar və adlar. Elə Rafiqlə söhbət edə-edə qərara gəldik ki, bu insanların hamısı xatırlanmaqla repressiyadan bəhs edən bir film çəkək. İlkin ideya filmdəkindən bir az fərqli idi. Amma həmişə olduğu kimi proses ən yaxşı redaktor kimi öz işini gördü. Əvvəl sinopsis, sonra ilkin ssenari yazıldı. Nəhayət Mədəniyyət nazirliyininn sifarişi ilə bir 7-8 ay sonra filmin üzərində işləməyə çalışdıq. 8-9 ay araşdırma, materialların öyrənilməsi dövrü oldu. 5 ay çəkiliş dövrü, sonra montaj və sairə. Araya məlumdur, pandemiya girdi və sair. Amma, çox şükür Allaha, işimizi gördük və dedyiniz kimi filmi Nizami Kino Mərkəzində təqdim edə bildik.

– Çətin oldu?

– Əgər texniki prosesi deyirsinizsə, standart, mürəkkəb prosesdir. Yox, mənəvi tərəfi deyirsizsə, əlbəttə mövzu ağrılıdır.

– Sizcə qarşınıza qoyduğunuz vəzifəni yerinə yetirə bildinizmi? Razı qaldınızmı?

– Razı qalmaq bir az ayrı məsələdir. Həmişə nədənsə narazı qalırsan və qalmalısan, çünki yaradıcılıq ardı kəsilməyən prosesdir. Bir də bu mənada söz artıq seyrçinin olur. O ki, qaldı vəzifəyə, düşünürəm ki, bəli, repressiya olunmuş ədiblərimiz, yazıçı və şairlərimiz barədə, repressiyanın nə demək olduğunu bilmək istəyənlər üçün kifayət qədər geniş təsəvvür yaradan bir filmdir.

– Kimləri xatırladınız filmdə?

-Demək olar 37-ci il repressiyalarının qurbanı olmuş bütün ədiblərimizi. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Ümgülsüm, Salman Mümtaz, Tağı Şahbazi Simürq, Hacıbaba Nəzərli, Vəli Xuluflu, Sultan Məcid Əfəndiyev, Hacı Kərim Sanılı, Böyükağa Talıblı, Əziz Qubaydulin, Hənəfi Zeynallı, İbrahim Eminbəyli, Sultan Məcid Qənizadə, Həbib Cəbiyev, Əmin Abid, Əlisəttar İbrahimov, Ömər Faiq Nemanzadə, Əli Razi, Əbdüləziz Salamzadə, Əbasəl Rizai, Ruhulla Axundov, İsmayıl Katib, Mir Məhəmməd Kərim Mir Cəfər, Mustafa Quliyev, Bəkir Çobanzadə, Atababa Musaxanlı, Balabəy Həsənbəyov və Zülfüqar Abdullayevi.

-Amma onların heç də hamısı haqda birmənalı fikir yoxdur.

-Bilirsiz, repressiya olunmuş bu insanların arasında milli məfkurənin daşıyıcıları olan, onu bu günümüzə gətirib çıxaran böyük ruh insanları da var, zamanında onlarla polemikaya girmiş, əks cəbhədə yer almış, sistemin aldatdığı insanlar da. Amma bu o demək deyil ki, həmin adamlar repressiya olunmayıblar. Biz hamını xatırladıq. Əlbəttə iki rakurs vardı. Biri sadalama idisə, digəri tariximiz üçün xüsusi önəmi olan böyük ədiblərimizin bir neçəsinin tarixçəsindən bəzi məqamları ayrıca danışmaq idi.

-Opreator işi, montaj, mənbələr haqda danışın bir az.

– Faiq bəy, opretor Rüfət Sülyemanov idi. Montaj rejissorları Vüsal Qarayevlə Ruslan Mollayev. Şəxsən mən onların işindən razıyam. Amma məncə bu haqda daha dolğun fikri Rafiq müəllim deyə bilər. Filmin rejissoru kimi. Qaldı mənbələrə, biz mərhum akademikimiz Ziya Bünyadovun, Aslan Kənanın, Nəcibə Bağırzadənin əsərlərindən, çoxsaylı başqa mənbə və materiallardan istifadə elədik. H.Cavid muzeyi, M.Müşfiq muzeyi, Siyasi repressiya qurbanları muzeyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Azərbaycan Ədəbiyyat muzeyi, Dövlət Kino-foto arxivi və Milli kitabxana ilə yaxından əməkdaşlıq etmişik. Dövlət Sərhəd Xidməti öz köməyini əsirgəmədi. Ən əsası isə Dövlət Təhlükəsizlik Xidməti bizə xeyli qiymətli materiallar təqdim elədi. Biz bütün bu sadaladığım strukturlarlara, onların rəhbərliyinə köməklərinə görə bir daha təşəkkür edirik ki, bunu filmin sonunda, titrlərdə də ifadə eləmişik.

-Repressiyadan danışmışkən, Nemət Pənahlı bu günlərdə müsahibələrinin birində repressiyadan danışır.

-Filmdən?

-Yox, ümumiyyətlə repressiyadan.

-Nə deyir ki?

 -Xalq şairi Rəsul Rzanı günahlandırır, onun 37-ci ildə Yazıçılar Birliyinin sədri kimi fəaliyyətini qınayır. Əslində isə Rəsul Rza 37-ci ildə sədr olmayıb. “Lenin” poemasını xatırladır. Sonra Anar müəllimdən də danışır, hətta onu Nemət Pənahlını Heydər Əliyevə qarşı fəaliyyətə dəvət etdiyini iddia edir.

-Siz dediyiniz müsahibəni mənə göndəriblər. Amma doğrusu, tərcümə edirəm, başım çox qarışıqdır deyə hələ baxmamışam. Amma baxaram bu gün. Mütləq. Qaldı sizin sitat etdiyiniz məqamlara, yaxşı olardı ki, baxandan sonra nəsə deyim.

-Siz repressiya dövrünün materialları ilə qismən tanışsınız, hər halda nələrisə bilirsiniz.

-Əlbəttə bəzi şeyləri bilirəm. Əvvəla, Rəsul Rza 1937-ci ildə Yazıçılar Birliyinin sədri deyildi, həmin dövrdə sədr Seyfulla Şamilov idi. Seyfulla Şamilov isə özü də ya 1938-də, ya 1939-cu ildə repressiya olumuş, sürgün edilmiş, sonra bəraət alaraq qayıtmışdı. Rəsul Rza isə məncə ya 1938-də, ya 1939-cu ildə qısa müddətlik, 8-9 ay Yazıçılar İttifaqının sədri olumuşdu. Odur ki, bu məlumat, yumşaq desək doğru deyil. İkinicisi, repressiya yalnız adamları qətli ilə yekunlaşmalı olan, yaxud yekunlaşmış hadisə deyil. Sağ qalmış, sovetin qanlı maşınınından qurtulmuş xeyli böyük ədiblərimiz, sənət adamlarımız olub. Biri elə Üzeyir bəy Hacıbəyli. Həm Azərbaycan Xalq Cumhuriyyətinin, həm Azərbaycan Sovet Sosialist Repsublikasının, həm indiki müstəqil Azərbaycanımızın  himn musiqisi Üzeyir bəyindir, bilirsiz. Qardaşı Ceyhun Hacıbəyli mühacirətdə idi. Amma fiziki mənada repressiya olunmadı. Hərçənd ki, Üzeyir bəy hansı mənəvi işgəncələrə məruz qalmışdı, bunu yəqin ki, təsəvvür etmək olar. Bu bir az da tale işidir. İndi nə edək, Üzeyir Hacıbəyovu ittiham edək?

Repressiyanın insani məntiqi olmayıb. Müşfiq də repressiya olunmuşdu, onun əleyhinə zamanında amansızlıqla çıxmış adamlar da. Cavid də, Cavad da, onların kəskin tənqidçiləri də.
Bu məsələləri bilmədən naşıcasına danışmaq olmaz.

Rəsul Rza isə əslində repressiyaya məruz qalmış adamdır. Onun müxətlif dövrlərdəki fəaliyyətlərini, kino naziri işləyən vaxtını, Azərbaycan Sovet Ensiklopediyasındakı fəaliyyətini düzgün xatırlama yetər ki, hansı təzyiqlərə məruz qaldığını və necə böyük şair, hansı böyük şəxsi keyfiyyətlərə malik insan olduğunu anlaya biləsən. Yeri gəlmişkən, şair kimi də Rəsul Rza tutduğu ədəbi yola görə bütün ömrü boyu təzyiqlərlə üzləşib. Və bir də həm Rəsul Rzanın nəsli , həm onun həyat yoldaşı Nigar Rəfibəylinin nəsli, yəni Anarın valideynləri milli məfkurəyə sahib, bu amal uğrunda iş görən adamlar olublar. Bir az tarix oxumaq lazımdır.

Leninə, Stalinə kimlər poema, şeir yazmayıb ki…həttə qətl edilmiş böyük ədiblərimizin sırasından da belə şeirlər yazmış adamlar var. Kimi inanıb yazıb, kimi özünü qorumaq üçün yazıb, kimi dəstədən geri qalmamaq üçün, kimi də siyasi sistemin ideoloji qipnozuna uyub yazıb. Bilirsiz, bizim sonradan çox dəyərli milli-vətənpərvər şeirlər yazmış, hətta milli azadlıq mücadiləmizin ruporuna çevrilmiş ədiblərimizin də arasında Leninə əsərlər ithaf etmiş adamlar vardı. İndi nə edək ? Silək hamını dəftərdən? Bu məsələlərdə ehtiyatlı davranmaq lazımdır.

Amma o məqam ki, var dediniz, yəni Anarın Nemət Pənahlını Heydər Əliyev əleyhinə fəaliyyətə dəvət etməsi, bu fikir absurddur. Bu haqda danışmaq heç, düşünmək belə mənə görə gülüncdür. Anarın Ümummilli lider Heydər Əliyev haqqında yazdığı “Unudulmaz görüşlər” kitabını oxumaq yetər.

-Səlim bəy, bir az da planlardan danışaq. Yaradıcı planlardan. Hansı şeir üzərində işləyirsiniz? Yeni kitab olacaqmı?

-Hər gün üzərində çalışdığım poetik mətn yoxdur. Bunun üçün sakitlik, dinclik lazımdır mənə.. Mən isə indi AYB Qəbul komissiyasının işləri, təqdim olunan əsərlərlə daha çox məşğulam. Amma… xeyli vaxtdır düşündüyüm, bir neçəsini yazdığım poetik silsilə var, işçi adı “Mirzə Səfi(l)in nəğmələri”dir. “Metropoliten esseləri”ni işləyirəm. Yenə də fasilələrlə. “Ədəbi yuxular”ın əlavələrlə, yenilənmiş versiyası inşAllah, qismət olsa gələn il çap olunar. Bir neçə tərcümə kitabı olmalıdır.Tərcümə işləri hədsiz çoxdur. İş var, necə deyərlər.

– Bir az qəbul məsələlərindən danışaq.

-Gəlin bu haqda indi danışmayaq, Faiq bəy. Mən Qəbul komissiyasını xeyli dərəcədə çətin bir vəziyyətdə təhvil almışam. İki illik pandemiya, daha iki-üç il əvvəldən qəbulun keçirilməməsi, ona görə yığılıb qalan baxılmamış sənədlər. Sonra yeni qəbul elanı. Biz köhnə sənədləri bitirməyincə və yeni sistem, qaydaları müəyyənləşdirməyincə çətin olacaq bu iş. İndi danışmaq istəmirəm. Çətindir.

-Yeni qəbul nə vaxt elan ediləcək?
-Mənə danışmaq çətindir. Köhnə sənədlər bitməlidir.  Ola bilsin, fevralda, ola bilsin martda, ola bilsin apreldə…
-Müsahibə üçün təşəkkür edirəm.
-Siz sağ olun.

Söhbətləşdi: Faiq Balabəyli

Share: