Rasim Balayevdən Fuad Poladov açıqlaması

Bu gün məni hər şeydən çox üzən dəyərli aktyor Fuad Poladovun səhhətindəki problemdir. Mən bu gün özümdən çox, onun fikrini edirəm, onun narahatlığını yaşayıram.

Bu sözləri Kult.az-a xalq artisti Rasim Balayev həmkarı, xalq artisti, aktyor Fuad Poladovun səhhəti ilə bağlı danışarkən deyib.

R.Balayev bildirib ki, dəyərli həmkarı və çox sevdiyi aktyorun belə bir xəstəliyə tutulması onu məyus edib:

“Dəyərli Fuad, əzizim Fuad Poladov ən çox sevdiyim aktyorlardandır. O, əsl sənətkardır. Çox təəssüf edirəm ki, o, bu cür xəstəliklə üz-üzə qaldı. Mən onun fikrini edirəm. İnanın, özümdən çox, onun ağrıları məni incidir, özümdən çox ona görə narahat oluram. Həqiqətən, onun xətrini çox istəyirəm. Bir insan, bir şəxsiyyət, bir aktyor kimi mənimün çox dəyərlidir Fuad”.

R.Balayev bildirib ki, səhhətləri ilə bağlı uzun müddətdir görüşə bilmirlər:

“Fuadla tez-tez danışırıq. İkimizin də səhhətində problemlər olduğuna görə görüşə bilməmişik. Ancaq demək olar ki, hər gün əlaqə saxlayırıq, danışırıq.

Nə deyim?! Çox təəssüf ki, böyük irəliləyiş yoxdur səhhətində. Müalicəsi davam edir, dərmanlar qəbul edir, ancaq dəyişiklik yoxdur. Öz dediyinə görə, aldığı müalicənin effekti yoxdur. Allah özü kömək olsun. Kaş ona kömək edə bilərdim, əlimdən nəsə gələrdi”.

Qeyd edək ki, xalq artisti Fuad Poladov onkoloji xəstəlikdən əziyyət çəkir. Aktyorun səs tellərində problem yaranıb, qırtlağında şiş olduğu bildirilir. Hazırda aktyor evdə müalicə alır.

Rasim Balayev isə səhhətindəki problemlə bağlı sabah Türkiyəyə gedəcək. Onun müalicəsi dövlət tərəfindən həyata keçiriləcək.
Nigar 

Share: