QÜRUR YERİM – BƏDƏLAN

 

Mənim üçün dünyanın paytaxtıdır Bədəlan kəndi. Bu kənddə dünyaya göz açmışam. Ayağım ilk dəfə bu kənddə yer tutub. Əzizlərimin, doğmalarımın yaşadığı yerdi bu kənd. Valideyinlərimin əbədiyyətə qovuşduğu, əbədi uyuduğu yerdi bura. Bu kəndin daşı, kəsəyi, suyu, havası, hətta solmuş yarpağı da doğmadır mənə.

İnsanların hamısı əzizimdi. Məni sevməyənini də sevdim, sevənini də. Bu kəndin sevinci sevincim, kədəri kədərim olub. Həmişə qürur duydum adıyla. Keçmiş SSRİ-nin ən müasir kəndi olub Bədəlan. Bir orta, üç ibtidai, bir peşə məktəbi, üç kitabxanası, yay-qış klubu, çay fabriki və başqa vacib obyektləri olan dövrünün ən müasir kəndi.
Çox təəssüflər olsun ki, Sovet hakimiyyəti dağılandan sonra ölkənin hər yerlərində olduğu kimi bura da tənnəzülə uğradı. Çay fabriki, yay-qış klublarının fəaliyyəti dayandırıldı. İş yerlərinin olmamasından cavanlar kəndi tərk etmək məcburiyyətində qaldılar.  Və bu durğunluq uzun illər idi ki, davam edirdi. Son vaxtlar kəndimizdə quruculuq işlərinə start götürməsi bir bədəlanlı kimi məni ürəkdən sevindirir. Kənd sakinlərinin təşəbbüsünə İcra hakimiyyəti başçısı Araz Əhmədovun dəstək verməsi təqdirəlayiq haldır.
Bədəlan kənd orta məktəbinin yetirmələrinin sorağı ölkənin bir çox mötəbər təşkilatlardan gəlir. Kifayət qədər bədəlanlı müstəqil Azərbaycanın qurulmasında mühüm rol oynayıblar. Əminliklə deyə bilərəm ki, Mətanət Paşayevanın ərazi nümayəndəsi seçilməsi düzgün təyinatdır. Kəndin öz yetirməsi olan Mətanət xanımın doğma el-obası üçün əlindən gələni etməyə hazır olduğu aydın hiss olunur. Əlbəttə, “Tək əldən səs çıxmaz” deyiblər. Vacib lahiyələrin həyata keçirilməsində qüvvələr səfərbər edilməlidir. Məmurla xalq arasında sağlam münasibət varsa nailiyyət əldə etmək çox asan olur.
Kəndimizin rayondan kənarda yaşayan iş adamları həmişə mühüm işlərə dəstək olmağa çalışıblar. Ziyafət və Əlövsət Kərimov qardaşları, Natiq və İlqar Əsədov qardaşları, Firdovsi və Raqil İbadullazadə qardaşları, Möhübbət Xəlilov (Allah rəhmət eləsin), onun oğullar Elçin və Emin Xəlilov qardaşları və başqaları kənd sakinlərinin problemlərinin həllində böyük  köməklik göstərirlər.
Bu yaxınlarda Rusiyada yaşayan iş adamı Ziyafət Kərimovun maliyə dəstəyi ilə kəndin mərkəzində 120 metr dərinliyində içməli su quyusu qazılıb camaatının istifadəsinə verildi. Açılış mərasimində kənd sakinləri ilə yanaşı Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər məsul işçiləri də iştirak etdi.
Raqil İbadullazadə kəndin yanacaqdoldurma məntəqəsindən Dəmirçi kənd qəbirstanlığına qədər küçəninin (38 ədəd işıqlandırma dirəyi) öz vəsaiti hesabına işlandırmasını təmin etmişdir.
Hal-hazırda RF-də yaşayan iş adamı Natiq Əsədov Dəmirçi kənd ərazisində 250-300 metr yolua asfalt döşətdirib, işıqlandırmasını öz vəsaiti hesabına həyata keçirmişdir. Natiqin xeyirxah əməli bununla bitmir. O öz vəsaiti hesabına Dəmirçi kənd məscidini əsaslı təmir etdirmiş, həyətində abadĺq işləri gördürmüşdür.
İlqar Əsədov isə Dəmirçi kənd ərazisində olan ziyarətgahda xeyir-şər yeri tikmiş, ora qədər olan yola asvalt örtüyü döşətdirmiş kənd sakinlərinin istifadəsinə vermişdir. Kəndə qaz xətlərinin çəkilməsi də Hacı İlqarın vəsaiti hesabına həllini tapmışdır.
Bədəlan Azərbaycanın musiqi mədəniyyətinə də öz layiqli töhvələrini vermişdir. Beləki, Əməkdar artist Baloğlan Əşrəfov, muğam ustası Həbibulla Rəhimov da bu kəndin yetirmələridir.
…Vaxtı ilə Bədəlanda xəstəxana vardı. Çox təəssüflər olsun ki, sonralar xəstəxanada çarpayıların sayını artırmaq əvəzinə, onu tibb məntəqəsi ilə əvəz etdilər. Bir neçə dəfə yeri dəyişdirilən tibb məntəqəsi də vaxtında təmir olmadığından yararsız vəziyyətə düşmüşdü. Kəndin imkanlı adamlarının vəsaiti hesabına tibb məntəqəsi də əsaslı təmir olunur. Bütün bunlar bir bədəlanlı kimi məni sevindir, kəndimizin xoşbəxt gələcəyinə inamımı artırır.
…Bədəlan həmişə müdrik insanları, dəyərli ziyalıları ilə tanınıb. İnanıram ki, kəndimiz ağsaqqalları, ziyalıları, iş adamları həmrəy olub kəndin inkişafı üçün bundan sonra da çox işlər görəcəklər.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü.

Share: