Müasir hərb tariximizin ən uca zirvəsində dayanan, xalqımızın qəlbində əbədi məşələ çevrilən unudulmaz generalımız haqqında yazmaq həm böyük qürur, həm də sonsuz bir kədər hissidir.
Zamanın yaddaşına köçən elə ömürlər var ki, onlar fəsillərin gərdişində itib-batmır, əksinə, zaman keçdikcə daha da milliləşir, əbədiləşir və bütöv bir xalqın qürur andına çevrilir. Azərbaycanın müasir hərb tarixinə adı qızıl hərflərlə, ruhu isə sarsılmazlıq nümunəsi kimi həkk olunan general-mayor Polad İsrayıl oğlu Həşimov məhz belə bir ömrün, belə bir şəhadətin canlı təcəssümüdür.Polad Həşimov sadəcə bir hərbiçi deyil, bütöv bir millətin otuz illik yuxusunu ərşə çəkən, qanayan yaramıza, otuz ilə yaxın bir dövrdə qürbətdə qalan, həsrətlə bağrı çatlayan vətən torpaqlarımızın oyanış açarı, qələbəmizin ilk və müqəddəs müjdəçisi idi. Onun 2020-ci ilin iyul ayında Tovuz dağlarının zirvəsindən ucalan şəhadəti, sıravi bir hərbi itki deyil, bütöv bir millətin intiqam və şərəf duyğusunun vulkan kimi püskürməsi, Böyük Zəfərə doğru açılan ilk möhtəşəm qapı idi.
Polad Həşimov 1975-ci ilin şaxtalı bir yanvar günündə Qəbələnin qədim və füsunkar Vəndam qəsəbəsində dünyaya göz açanda, babasının ona verdiyi ad sanki gələcək taleyinin, sarsılmaz iradəsinin və polad kimi möhkəm xarakterinin ilahi bir nişanəsi idi. Çətin, lakin şərəfli bir ömür yolunun başlanğıcı onu Sumqayıtın zəhmətkeş mühitinə gətirmiş, dərrakəsi, elmə və xüsusən riyaziyyata olan qeyri-adi istedadı ilə hələ məktəb illərindən hər kəsin sevimlisinə çevrilmişdi. Anasının onun hüquqşünas olmaq arzusuna, işıqlı gələcək vədlərinə baxmayaraq, 1992-ci ildə Qarabağda torpaqlarımızın odlara qalandığı, anaların fəğan etdiyi bir vaxtda gənc Polad evə gələrək öz qəti və sarsılmaz qərarını verdi. O, taleyini silaha, sərkərdəliyə və Vətənin müdafiəsinə bağlamağı seçdi. Çünki onun daxilindəki vətən sevgisi hər hansı bir şəxsi karyeradan, rahat həyatdan qat-qat uca və müqəddəs idi. Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olduğu ilk gündən ömrünün son saniyəsinə qədər keçdiyi xidmət yolu bir hərbçinin yetişə biləcəyi ən şərəfli ləyaqət məktəbidir.
Birinci Qarabağ müharibəsinin alovları içərisində, Ağdamın Mərzili və Novruzlu kəndlərinin müdafiəsində bişən, Murovdağın dondurucu şaxtasında, Güzgü, Koroğlu və Ömər postlarının sıldırım qayalarında vətən naminə sipər olan Polad Həşimov, addım-addım, pillə-pillə ucaldı. O, tabeliyində olan hər bir əsgərə bir komandir kimi deyil, bir ata, bir doğma qardaş kimi yanaşdı. 2016-cı ilin Aprel döyüşlərində Tərtər rayonu, xüsusilə Talış yüksəkliyi istiqamətində gedən hərbi əməliyyatların əsas idarəedicisi və memarı olan bu dahi sərkərdə, öz cəsarəti ilə düşmənə sarsıdıcı zərbələr endirdi. Onun insanlığı, nəfsinə qalib gəlməsi və mənəvi ucalığı elə bir həddə idi ki, Aprel döyüşlərindəki xidmətlərinə görə dövlət tərəfindən bağışlanan mənzili heç tərəddüd etmədən bir şəhid ailəsinə hədiyyə etdi, özü isə ömrünün sonuna qədər kirayə mənzillərdə, sadə şəraitdə yaşamağı üstün tutdu. 2019-cu ildə ali general-mayor rütbəsinə layiq görülən Polad Həşimov, əslində xalqın qəlbində çoxdan ən uca rütbəni qazanmışdı.
2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş verən xain düşmən hücumlarının qarşısının alınması zamanı general Polad Həşimov fərqli bir sərkərdəlik nümayiş etdirdi. O, arxa cəbhədə, təhlükəsiz qərargahlarda oturub əmr vermədi, o, əsgərlərinin önündə, birinci səngərdə, düşmənin gülləsinə və mərmisinə sinə gərərək döyüşdü. İyulun 14-də səhər saatlarında onun şəhadət xəbəri gələndə bütöv bir ölkə sarsıldı, milyonlarla göz yaş tökdü. Bu göz yaşları çarəsizliyin deyil, otuz illik əsarətə, zülmə və torpaq həsrətinə qarşı yığılmış vulkanik bir qəzəbin ifadəsi idi. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı ön xətdə şəhid olan ilk və yeganə generalı olaraq tarixə keçdi. Onun bu müqəddəs qanı, vətən torpağına tökülən son damla səbr kasası oldu. Məhz generalın şəhadəti xalqı ayağa qaldırdı, ordunu coşdurdu və həmin ilin sentyabr ayında İkinci Qarabağ müharibəsinin, müqəddəs Vətən müharibəsinin başlanması haqqında Ali Baş Komandan qəti qərarın verilməsinə rəvac verdi. Ordumuz generalın intiqamını almaq, onun yarımçıq qalmış vətən sevdasını tamamlaq üçün irəli atıldı. Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında və işğaldan azad olunan hər bir qarış torpağımızda Polad Həşimovun ruhu, onun polad iradəsi dalğalandı.
Polad kimi oğulların ruhunu və vətən sevgisini sətirlərə yazan şair deyir:
Ölümün gözünə dik baxanların,
Ölümü tapdalayıb keçən rütbəsi var.
Vətən torpağına can qoyanların,
Millətin qəlbində əbədi taxtı var.
Bəli, Polad Həşimov millətin qəlbində əbədi bir taxt qurdu. O, öz şəhadəti ilə Azərbaycan əsgərinə qorxmazlıq, Azərbaycan xalqına isə birlik və Zəfər bəxş etdi. Generalın ocağını yaşadan, onun mənəvi irsinə sahib çıxan ailəsi Səmayə ana O, oğlunun şücaəti ilə hər zaman qürur duyduğunu bildirir, “Əvvəllər Səmayə xanımın oğlu Polad deyirdilər, indi isə Poladın anası Səmayə xanım deyirlər. Bu, mənim üçün qürurvericidir” ifadəsi və bütün şəhidləri öz övladı kimi qəbul etməsi ilə xalqın ona dərin sevgisini qazandırmışdır. Səmayə xanım həmçinin şəhid ailələrinə və cəmiyyətə göstərdiyi mənəvi dəstəklə də tanınır.Polad Həşimovun ömür-gün yoldaşı Ofelya Salmanova, qızı Aybəniz,oğlanları Teymur Həşimovlar hər zaman cəmiyyətin dərin ehtiramı ilə əhatə olunublar. Bu ailənin hər bir addımı, qəhrəman atanın adına layiq bir vətənpərvərlik nümunəsidir. Qızı Aybəniz Həşimova bu gün Azərbaycan Tibb Universitetində təhsil alaraq, gələcəyin həkimi kimi insanlara şəfa verməyə, vətəninə elmi ilə xidmət etməyə hazırlaşır. Bu, Polad Həşimovun arzuladığı müasir, savadlı və vətənini sevən Azərbaycan gəncliyinin bariz nümunəsidir.
Şəhid generalın ömür-gün yoldaşı Ofeliya Salmanova Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.Ofeliya xanım oğlanları Teymur və Davudla müxtəlif vaxtlarda keçirilən xatirə tədbirlərində, ən əsası isə Polad Həşimovun və minlərlə şəhidimizin qanı bahasına, canı bahasına işğaldan azad edilmiş müqəddəs torpaqlarımızda, o cümlədən mədəniyyətimizin tacı olan Şuşada fəxrlə addımlayırlar. Teymurun,Davudun Şuşa torpağına ayaq basması, atasının yarımçıq qalmış cəbhə yollarının zəfərlə tamamlanmasının və bu torpaqların əbədi sahiblərinə qayıtmasının canlı rəmzidir.
“Torpaq uğrunda ölən varsa, Vətəndir!” prinsipini canı ilə təsdiq edən generalın ailəsi, bu gün azad Qarabağda gəzərkən təkcə bir atanın deyil, bütöv bir xalqın qəhrəmanlıq dastanını təmsil edir. Polad Həşimovun ruhu bu gün Şuşa səmalarında, doğma yurdun hər qarışında şaddır, çünki onun uğrunda canını fəda etdiyi bayraq indi azad dalğalanır, onun canından olan övladları isə o, bayrağın altında məğrurcasına addımlayırlar.Generalın kiçik oğlu Davud kompüter mühəndisi olmaq arzusunda idi.Bu həm Davudun özünün, həm də şəhid generalımız Polad Həşimovun ən böyük arzusu olub. Davud Həşimov təhsilini ABŞ-ın TOP 100-ə daxil olan nüfuzlu Purdue Universitetində (Purdue University) kompüter mühəndisliyi ixtisası üzrə davam etdirməyi seçib.Davud qəbul xəbərindən sonra “Atamın ruhu qarşısında ona bir borcumu ödəmiş oldum” deyərək xalqımızı qürurlandırmışdır.Bu gün Polad Həşimovunonun uyuduğu II Fəxri Xiyaban bir ziyarətgahdır, onun adı isə gələcək nəsillərin vətənpərvərlik dərsliklərinin başlığıdır. Torpaqlarımızın azadlığı uğrunda canından keçən cənab general, ruhun şaddır, çünki uğrunda şəhid olduğun o, vətən torpaqları artıq azaddır, tamdır və bütövdür. Azərbaycan xalqı səni, sənin o,nurlu simanı, polad baxışlarını və vətən naminə fəda etdiyin müqəddəs ömrünü heç vaxt unutmayacaq. Şəhadətin mübarək, ey xalqın qəhrəman oğlu, ey Zəfərimizin ölməz rəmzi,ruhun şad,məkanın cənnət olsun!
Lənkəran Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru dosent,
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru Məcidova Leyla Qadir qızı




















