Paşinyan Köçəryandan şəxsi qisasını alır – Şərh

Ermənistan baş prokurorluğunun təqdimatı əsasında iyulun 26-da barəsində həbs-qətimkan tədbiri seçilən təcavüzkar ölkənin ikinci prezidenti Robert Köçəryan ölkənin konstitusiya quruluşunu dəyişdirməyə cəhddə ittiham olunur. İttiham sübut olunarsa, eks-prezidenti maksimum 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Müstəqil.Az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, Levon Ter-Petrosyanın məcburi istefaya göndərilməsindən sonra ölkənin rəhbərliyini öz əlinə alan Köçəryan faktiki olaraq, Ermənistanda klan rejiminin əsasını qoydu:

“Köçəryan Qarabağda tanıdığı nə qədər erməni varsa, onları dövlət idarəçiliyinə gətirdi. Yerli ermənilər idarəçilikdən tədricən kənarlaşdırılır. Ermənistanda anadan olmuş insanların övladları məhz onun dövründə daha çox cəbhə bölgəsinə göndərilir. Köçəryan 2008-ci ildə kürsüsünü Qarabağ klanının üzvü, varisi Serj Sərkisyana təhvil verərək ağalarının yanına – Rusiyaya gedir və “Qazprom”un vitse-prezidenti vəzifəsinə təyin olunur. O, hazırda hakimiyyətin ötürülməsi prosesinə – saxta prezident seçkilərinə etiraz edən dinc insanların üzərinə ordu yeridilməsində, 10 nəfərin ölümündə ittiham olunur”.

2008-ci ildə keçirilən kütləvi etiraz aksiyalarının təşkilatçılarından birinin hazırkı baş nazir Nikol Paşinyan olduğunu qeyd edən Z.Əmrəliyev onun 2010-cu ildə bu ittihamla 7 il müddətinə azadlıqdan məhrum edildiyini vurğulayıb:

“Nikol Paşinyan 2011-ci ilin mayında amnistiya nəticəsində azadlığa çıxdı. Bu mənada Paşinyanın Köçəryandan şəxsi qisasını aldığını söyləyə bilərik. Digər tərəfdən Nikol Paşinyanın dərdi Ermənistanda ədaləti bərpa etmək yox, əsas siyasi rəqiblərini sıradan çıxarmaqdır. Çünki Serj Sərkisyan istefa verdikdən sonra Respublika Partiyasının liderləri fərsiz Sərkisyandan birdəfəlik qurtulmağın ən gözəl yolunu hər şeyi göz altına alan Köçəryanın partiyanın başına keçməsində görürdülər. Paşinyan da öz növbəsində Köçəryanın ona qarşı edəcəyi fəndlərdən qorxaraq onu həbs etdirib zərərsizləşdirdi”.

Hazırda S.Sərkisyanın qarşısında iki seçim olduğunu vurğulayan siyasi şərhçi qeyd edib ki, ölkənin üçüncü prezidenti ya ölkəyə dönüb, partiyasının başına keçib Paşinyana qarşı mübarizə aparmalı, ya da siyasi fəaliyyətini xaricdən davam etdirməlidir:

“Birinci variant onun şəxsi həyatı üçün risklidir. Çünki həbs olunma ehtimalı çox yüksəkdir. İkinci variantda isə Sərkisyan qorxaq ittihamı ilə üzləşəcək və nüfuzu xeyli aşağı düşəcək. Artıq yavaş-yavaş bu proses baş verməkdədir”.

Siyasi şərhçi onu da bildirib ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi heç nəyi dəyişməyəcək:

“Sadəcə hakimiyyəti zəbt etmiş bir klan indi yenisi ilə əvəz olunur. Parlament seçkiləri ərəfəsində Paşinyanın çıxdığı “siyasi rəqib ovu” da məhz buna hesablanıb”.

Müəllif: Səxavət Həmid

Share: