Paltarınızda bu varsa, deməli, sizi izləyirlər – Diqqət

Sosial şəbəkələrdə geyimlərin etiketlərinə yerləşdirilən sxemlər vasitəsilə insanların izlənməsi haqda video yayılıb. Videoda bildirilir ki, həmin etiketlərlə nəinki insanlar izlənilir, hətta etiketdə yerləşdirilən xüsusi kodlar vasitəsilə göndərilən siqnallarla insanlar insult da keçirə bilərlər. Həmin sxemlərin geyimlərə hansı məqsədlə və kimlər tərəfindən yerləşdirilməsi isə sual altındadır.

Müstəqil.Az bildirir ki, bu məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qanunsuz olsa da, insanları izləmək üçün müxtəlif texniki avadanlıqların olduğunu deyib:

“İnsanın koordinatlarını müəyyən etmək, onu izləmək qanuna zidd olan məsələdir. İzlənmə üçün də müxtəlif avadanlıqlardan, texniki qurğulardan, mobil telefondan istifadə oluna bilər və s. Bu cür sxemlər, çiplər insanların telefonuna, maşınına, paltarına yerləşdirilə bilər. Amma qanunvericilik insanların şəxsi məlumatlarının gizli yolla ötürülməsini təmin edən qurğuların ölkəyə gətirilməsini qadağan edir. İnsanlar yalnız xüsusi dövlət orqanları tərəfindən bəlli qaydalar əsasında izlənilə bilər. Belə hallarla rastlaşan şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”.

Ekspertin sözlərinə görə, belə çiplərin brend geyimlərə yerləşdirilməsi bir az müəmmalıdır:

“Adətən brend mağazalar nüfuzlarını qorumağa çalışırlar. Ola bilsin, tanınmayan və bazarda rəqiblərini udmaq istəyən şəxslər məlumatlar toplamaq məqsədilə geyimlərə bu formada çiplər yerləşdirsin.

Geyimlərə kommersiya, siyasi, kriminal məqsədlər üçün xüsusi çiplər yerləşdirilə bilər. Hazırda bu sahədə intellekt güclü inkişaf edib. Məsələn, olduğunuz yerlə bağlı telefonlardakı funksiya aktivdirsə, bunu xəritə vasitəsilə bildirəndə mobil operatorlar qeyri-qanuni şəkildə koordinatlarınızla bağlı fərdi məlumatlarınızı başqalarına ötürə bilirlər”.

Billurə Y.

Share: