Oxu.az – Türkiyədə yüksək seçici fəallığı, ATƏT-in müşahidə missiyasının standart qərəzi

Türkiyədə mayın 14-də azad, ədalətli və şəffaf seçki keçirildi. Bunu təkzib edəcək, yaxud əksini iddia etməyə hələ ki tutarlı əsaslar yoxdur. Ən demokratik sayılan ölkələrdə belə bu siyasi kampaniyalar zamanı qüsurların olduğu istisna edilmir. Ona görə də demokratik inkişaf yolunu seçən dövlətlər bir qayda olaraq seçki sahəsində islahatlar aparır, çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər görür. Odur ki, yaxşı deyiblər: “Demokratiyanın da zəif tərəfləri var, ancaq insanlıq hələ ondan yaxşı idarəetmə üsulu tapmayıb”.

Türkiyə nümunəvi seçki keçirsə də, prezident və parlament seçkilərinə münasibət birmənalı deyil. Bu məsələdə həm obyektiv, həm də qərəzli olanlar var. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel bildirib ki, Türkiyədə keçirilən seçkilərdə yüksək fəallıq türk xalqının demokratik təsisatlara bağlılığını göstərdi. O, prezident seçkisinin mayın 28-də keçiriləcək ikinci turunun nəticələrini səbirsizliklə gözlədiyini də vurğulayıb.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu keçiriləcək. İki namizəd – Rəcəb Tayyib Ərdoğan (49,51 faiz səs) və müxalifət lideri Kemal Kılıçdaroğlu (44,88 faiz) arasında qalib gələn siyasətçi prezident olacaq.

Təəssüf ki, ATƏT-in qısamüddətli missiyası ənənəvi olaraq ilkin hesabatında siyasi kampaniyaya qara yaxıb. Seçkilərdən əvvəl Qərb mətbuatı, eləcə də Türkiyənin rəqibləri və onu özünə düşmən görənlərin KİV-i ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “diktator” kimi təqdim edərək, seçkilərin nəticələrinə hakimiyyətin müdaxilə edəcəyinə dair qərəzli, obyektivlikdən uzaq məlumatlar yayıb. Bununla da Türkiyədə keçiriləcək seçkilər barəsində beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışıblar. Bu hesabat da həmin qarayaxma kampaniyasının davamıdır.

Müşahidə missiyasının rəhbəri Maykl Georg Link, AŞPA nümayəndə heyətinin rəhbəri Frank Şvabe və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasına rəhbərlik edən Yan Petersen “seçki prosesinə müdaxilə edildiyini”, “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyini” iddia ediblər.

Təəssüfləndirici haldır. Çünki demokratiya uğrunda mübarizə aparanların belə qeyri-demokratik keçirilən seçkilərə verilən standart dəyərləndirməni Türkiyəyə də tətbiq etmələri hesabatın az qala missiyanın səfərindən əvvəl yazıldığını iddia etməyə əsas verir. Seçici aktivliyinin 90 faizə yaxın olduğu seçkilərdə, “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyi” dedikdə nə nəzərdə tutulur? Rəcəb Tayyib Ərdoğana və Cümhur İttifaqına müxalif olan, 6 siyasi partiyanın formalaşdırdığı Millet İttifaqı qısa və uzunmüddətli müşahidəçiləri, komissiya üzvləri niyə buna etiraz etməyiblər? Missiyanın irəli sürdüyü iddialara seçki ilə bağlı siyasi ədəbiyyatlarda yazılan ənənəvi fikirlərdir. Çünki onlar iddialarına uyğun fakt göstərməyib.

“Toplaşmaq, birləşmək və ifadə azadlığına qarşı davam edən məhdudiyyətlər bəzi müxalif siyasətçilərin və partiyaların, o cümlədən vətəndaş cəmiyyəti üzvlərinin və müstəqil medianın iştirakına mane olub”, bunu da beynəlxalq müşahidəçilər iddia ediblər.

Seçkiqabağı kampaniya zamanı hətta Türkiyənin siyasi-inzibati ərazi vahidi belə müxalifət nümayəndələri tərəfindən təhrif edilib. Bu, qanunların pozulması olsa da, hər halda onların özlərinin təbliği üçün yaradılan azad şəraitin göstəricisidir. “Müstəqil media” dedikdə beynəlxalq missiya nəyi nəzərdə tutur? Türkiyənin ərazi bütövlüyünə qarşı çıxıb, terrorçuları təbliğ edənlər nə vaxtdan müstəqil sayılır? Bu baxımdan missiya “müstəqil media” adlandırdıqlarının tərifini də verməli olacaq.

Bundan başqa müxalifət bütün şəhərlərdə çoxminlik aksiyalar keçirdiyi və iştirakçıların sayının hətta “yüz minlərlə” olduğunu iddia etdiyi halda, ATƏT-in müşahidəçiləri hansı “toplaşmaq azadlığına məhdudiyyətdən” danışır?

Seçkidə “maneə yaradılan müxalif siyasətçilər” kimlərdir? Seçkidə iştirak edən hakim və müxalif ittifaqlarda ölkədəki bütün leqal siyasi qüvvələr təmsil olunub. Terror və bölücülük siyasətinə görə siyasi səhnədən uzaqlaşdırılan və məhkəmə qərarı ilə azadlıqdan məhrum edilən şəxslər isə “müxalif siyasətçilər” yox, terrora dəstək cinayətkarlardır.

Hesabatdan və orada vurğulanan məsələlərdən göründüyü kimi beynəlxalq missiya bu yolla Türkiyəyə daha çox siyasi təzyiq etməyə cəhd göstərir. Prezidentliyə, millət vəkilliyinə namizədlərin siyahısından göründüyü kimi Türkiyə cəmiyyətinin bütün təbəqələri bu siyasi kampaniya iştirak edib. Görünür, missiya bu hesabatı Rəcəb Tayyib Ərdoğanın birinci turda qalib gələcəyini ehtimal edərək o şərait üçün hazırlayıbmış. Missiya bu hesabatla ikinci tur barəsində də indidən mənfi rəy formalaşdırmağa cəhd sayıla bilər. Çünki belə missiyalar seçkinin azad, şəffaf və ədalətli keçməsini deyil, Türkiyəyə olan münasibətlərin marağını müşahidə edir.

“Report” İnformasiya Agentliyi

Share: