Sürüşdü birdən-birə: “Travmadan hərəkət və hissiyyat pozulması yarana bilər”

“Böyük enerjili travmalarda onurğa beyni və sinir köklərinin yaralanması ehtimalı var. Bu zaman xəstələrdə zədələnmə səviyyəsinə uyğun olaraq yuxarı və aşağı ətraflarda hərəkət və hissiyyat pozulması yaranır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq-ortoped Kamil Eyvazov nazirliyin sosial media hesablarına qarlı və şaxtalı hava şəraitində xəsarətlərin qarşısının alınması ilə bağlı gələn sualları cavablandırarkən deyib.

– Son günlər ölkə ərazisində, həmçinin paytaxtda qarlı və şaxtalı hava şəraiti müşahidə olunur. Belə günlərdə hansı dayaq-hərəkət sistemi problemləri yarana bilər?

– Soyuq havalarda qan dövranı pozulması və donvurma kimi problemlər yarana bilər. Periferik qan dövranı pozulması, revmatoloji və diabet xəstəliyi olan və yaşlı xəstələrdə bu problemlərin yaranma ehtimalı daha yüksəkdir. Ayaq və əllərdə yaranan bu problemlər geri dönən və ya daimi funksional pozulmaya səbəb ola bilər. Soyuq və rütubətli hava xəstələrdə əzələ və oynaq ağrılarının artmasına, oynaqlarda şişkinliyin yaranmasına səbəb ola bilər. Bu baxımdan risk qrupuna daxil olan insanların ehtiyatlı olmaları, yanaşı xəstəlikləri ilə əlaqəli müalicələrini davam etdirmələri, düzgün geyim seçmələri və soyuq havada az qalmaları tövsiyə olunur.

– Qarlı-buzlu səth üzərində sürüşmə sonrası hansı xəsarətlər yarana bilər?

– Qarlı və küləkli havalarda yıxılma halları ilə tez-tez qarşılaşılır. Yıxılma sonrasında bir çox dayaq-hərəkət sistemi problemləri və baş beyin xəsarətləri yarana bilər. Bu problemlər xəstələrin yaşı və ümumi fizioloji durumuna görə fərqlilik göstərir. Uşaqlarda qarlı günlərdə bilək nahiyəsində said sümüklərinin sınıqları daha çox müşahidə olunur. Bu sınıqlar zamanı bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunur. Aparılmış kliniki və rentgenoloji müayinə sonrasında travmatoloq-ortoped həkim tərəfindən çox zaman uyğun konservativ müalicə ilə uğurlu bir şəkildə müalicə edilir. Cərrahi müalicəyə nadir hallarda ehtiyac olur.

Orta yaşlı insanlarda yıxılma zamanı sınıqlar az müşahidə olunsa da, mümkün bir vəziyyətdir. Xüsusilə baldır sümüklərinin spiralşəkilli və topuq sümüklərinin sınıqları daha çox müşahidə olunur. Bu sınıqlar zamanı sınıq uclarında yerdəyişmə az olduğu hallarda konservativ müalicə edilir, yerdəyişməsi çox olan və oynaq xəttinə uzanan sınıqlar əksər hallarda cərrahiyyə yolu ilə müalicə olunur. Çanaq üzərinə düşməklə bağlı olaraq büzdüm sümüyündə sınıq yarana bilir. Büzdüm sümüyü sınıqları konservativ yolla müalicə edilir və nəticələri qənaətbəxşdir. Konservativ müalicəyə cavab verməyən az sayda xəstəyə gələcəkdə cərrahi müalicə lazım ola bilər.

Yaşlı insanlarda zəifləmiş sümük toxuması və əzələ dəstəyi olduğundan bud sümüyü, mil sümüyü və fəqərələr kimi böyük sümüklərdə parçalı sınıqlar meydana çıxır. Bud sümüyünün yuxarı 1/3 hissəsinin və boyun hissəsinin sınıqları ilə daha çox qarşılaşılır. Bu nahiyədəki deformasiyaedici qüvvələrin böyüklüyü və sümüklərin bitişmə qabiliyyətinin azlığı səbəbindən bu sınıqlar əksər hallarda cərrahiyyə yolu ilə müalicə edilir.

Said bilək nahiyəsinə yaxın bölgədə mil sümüyünün yerdəyişmiş sınığına daha çox rast gəlinir. Bu sınıqlar əməliyyatsız, qapalı olaraq yerdəyişmə edilib düzəldilir və gips sarğısı qoyulur.

– Hər mövsüm Azərbaycanın dağ-xizək kurortları qış idman növlərinin həvəskarları arasında daha da populyarlaşır. Qış idman travmalarına nələr daxildir və bu travmalar zamanı əlamətlər nələrdir?

– Qış idmanları zamanı ayaq, diz və bel nahiyələrində zədələnmələr, eyni zamanda ayaq biləyi burxulması, ayaq biləyi bağlarında zədələnmə və oynaq səthində qığırdaq zədələnməsi ola bilər. Bu zaman yerimənin çətinləşməsi, kəskin ağrı və ayaq biləyi bölgəsində şişkinlik ola bilər.

Diz oynağında iç və bayır boylama bağlarda zədələnmə, oynaq daxilindəki menisklərdə yırtılma, oynaq səthində qığırdaq zədələnməsi və baldır sümüyündə çökmə sınıqları yarana bilər. Bu zaman diz oynağında ağrı, şişkinlik və hərəkət məhdudluğu yarana bilər. Aparılmış kliniki və rentgenoloji müayinə sonrasında zədələnən struktura görə uyğun konservativ və ya cərrahi müalicə təyin olunur.

Bel nahiyəsində faset oynaqlarda, fəqərəarası disklərdə, onurğa ətrafındakı əzələlər və bağlarda zədələnmələr yarana bilər. Yüksəklikdən atlanma və sərt səthlə toqquşma sonrasında fəqərələrdə sınıqlar yarana bilər. Böyük enerjili travmalarda onurğa beyni və sinir köklərinin yaralanması ehtimalı var. Bu zaman xəstələrdə zədələnmə səviyyəsinə uyğun olaraq yuxarı və aşağı ətraflarda hərəkət və hissiyyat pozulması yaranır.

İdman travmaları zamanı öncədən düzgün təlimlərin alınması, qoruyucu geyim vasitələrindən istifadə edilməsi və xüsusi idman sahələrində sürüşülməsi tövsiyə olunur. Gərəkli tədbirlərin alınması xəsarətlərin miqdarının və ağırlığının azalmasına səbəb olur. Zədələnmə zamanı düzgün və vaxtında edilmiş müalicə fəsadların erkən aradan qalxmasına səbəb olur.

– Şaxtalı və küləkli havalarda insanlar özlərini travmalardan qorumaq üçün nə etməlidirlər?

– Şaxtalı və küləkli havalarda riskli insanlar mümkün qədər çölə çıxmamalı, açıq havada digər şəxslərdən dəstək almalı, əsadan, rahat ayaqqabı və üst geyimlərindən istifadə etməlidir. Buzlu və sürüşkən səthlərdə öncə dabanını yerə basaraq ehtiyatla yavaş yeriməli, əllərində yük olmamasına çalışmalıdırlar.

– Qış idman növləri ilə məşğul olarkən və küçədə zədə alan zaman ətrafdakı insanlar zərərçəkənə hansı ilkin yardımı edə bilərlər? Hansı halda həkimə müraciət mütləqdir?

– Yüksək enerjili travmalarda baş beyin və onurğa beyinin zədələnmələri ehtimalı olduğundan mütləq həkim çağırılmalı və təcili yardıma xəbər verilməlidir. Bu halda xəstələrin daşıma xərəyi olmadan, mülki nəqliyyat vasitəsi ilə daşınılması ikincili xəsarətlərin yaranmasına səbəb ola bilər.

Kiçik enerjili travmalar zamanı hissiyyat və hərəkət problemi olmayan, ağrısı azalmadan davam edən xəstələrin immobilizasiya sonrasında yaxınlıqdakı xəstəxanaya aparılması tövsiyə olunur. Yeriyə bilməyən və ağrısı çox olan vətəndaşlar təcili yardım çağırılaraq xəstəxanaya çatdırılmalıdırlar.

Share: