Pakistanda təbii fəlakətdən sonra xəstəliklər baş alıb gedir

İyunun 14-dən Pakistan ərazisində davam edən musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 1 314 nəfərə çatıb.

Onların 450 nəfərinin uşaq olduğu bildirilir.

Təbii fəlakət səbəbindən ölkənin üçdəbiri su altında qalıb. Təxminən 33 milyon insanın həyatına təsir edən sel milyonlarla sakinin evindən olması ilə nəticələnib.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif UNICEF və müxtəlif təşkilatları uşaq ölümlərini araşdırmağa çağırıb.

Seldən təsirlənən yüz minlərlə insan təmiz su çatışmazlığı ilə üzləşib. Bu da müxtəlif xəstəliklərin yayılması ilə nəticələnir.

134 mindən çox insanda ishal, 44 min nəfərdə malyariya, 100 mindən çoxunda isə dəri xəstəliyi müəyyən edilib. Bundan əlavə, daşqınlardan zərər çəkənlər arasında indiyədək bir çox xəstəliklərdə, o cümlədən tənəffüs yolu xəstəliklərində artım müşahidə olunur.

Ölkə daxilində daşqından zərər çəkmiş bölgələrdə 650 min hamilə qadının 73 min nəfərinin bu ay doğum həyata keçirməli olduqlarından tibbi xidmətə ehtiyacları var.

Mənbə: İHA

Share: