Azərbaycanda məktəbdə şagirdlər tortdan zəhərləniblər?

Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və bir nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin zəhərlənməsinin təfərrüatı məlum olub.

Belə ki, üçüncü sinif şagirdlərindən birinin ad gününü qeyd edən uşaqların tortdan zəhərləndikləri ehtimal edilir.

Halı pisləşən 11 şagird və bir müəllim xəstəxanaya yerləşdiriliblər.

Həkim İkram Allahverdiyevin sözlərinə görə, azyaşlılar bütün zəruri tədbirlər görüldükdən sonra evə buraxılıblar.

Ətraflı Baku TV-nin süjetində:

11:50

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbdə baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmaya başlayıb.

AQTA-dan Oxu.Az-a bildirilib ki, hadisənin baş vermə səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı qurumun mütəxəssisləri ilə müvafiq strukturların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı ətraflı  məlumat veriləcək”.

11:14

Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və bir nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad Rayon Prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.

Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Share: