Azərbaycanda məhbusların məzuniyyətə buraxılma qaydası və müddəti açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qanunçuluq, demokratiya və humanizm prinsiplərinə, dünya təcrübəsinə əsaslanan ədliyyə sisteminin yaradılması istiqamətində aparılan islahatlar davam edir.

AZƏRTAC mövzu ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsindən reportaj hazırlayıb.

Cəza-icra siyasəti humanistləşdirilərək məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazları genişləndirilir. Onların saxlanma şəraiti, qida, tibbi və digər təminatları yaxşılaşdırılır.

Məhkumların əvvəllər də cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara çıxma praktikası olub. Hazırda isə mövcud qanunun daha da geniş formada tətbiq edilməsinə başlanılıb.

Belə ki, ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən və ilk dəfə az ağır, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunan, müsbət xarakterizə edilən, əməyə cəlb olunan məhkumların cəzalarının ən azı 1/3 hissəsini çəkdiyi təqdirdə 7 günədək ailə üzvlərinin yaşadığı ünvana, yəni məzuniyyətə buraxıla bilər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namik Həsənov açıqlamasında məhkumların məzuniyyətə buraxılması praktikası haqqında danışıb:

“Məhkumların cəzaçəkmə müəssisələrindən kənara çıxması ilk deyil. Belə ki, müsbət davranışlı azyaşlıların həvəsləndirmə qaydasında ölkə ərazisində keçirilən mədəni-kütləvi, idman tədbirlərində iştirakını, eyni zamanda, şəhər gəzintisinə çıxarılmalarını təmin etmək məqsədilə onlar müəssisə hüdudlarından çıxıblar. Həmçinin az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olan məhbuslar qohumluq borclarını yerinə yetirməsi ilə əlaqədar ailə üzvlərinin dəfn və yas məclislərində iştirak etmələri üçün müəssisə hüdudlarından kənara buraxılıblar. Hazırda isə bu qanun daha geniş formada tətbiq edilir. Məzuniyyət səfərlərinə yalnız ölkə ərazisi hüdudlarında icazə verilir. Bu zaman yola sərf olunan iki gün nəzərə alınmır”.

Namik Həsənov məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazlarının genişləndirilməsi, saxlanma şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür islahatların gələcəkdə də davam edəcəyini diqqətə çatdırıb.

Məzuniyyət haqqından istifadə edəcək Sevda Əliyeva öz təəssüratlarını bölüşərək bildirib ki, bu xəbəri eşidərkən sevincdən ağlayıb:

“Məzuniyyətə çıxan kimi qısa müddət öncə rəhmətə gedən övladımın məzarını ziyarətə gedəcəyəm”. Sevda Əliyeva bu şansı onlara verdiyi üçün ölkə başçısına hər gün dua etdiyini deyib: “Allah Prezidentimizdən razı olsun. Artıq öz cəzaçəkmə borcumun iki ilini tamamlamışam. Azadlığa buraxılandan sonra Vətənimə, cəmiyyətimə layiqli bir vətəndaş olacağam”.

Cəzaçəkmə müəssisəsinin digər məhkumu Sona Axundova da AZƏRTAC-ın əməkdaşı ilə söhbət zamanı göz yaşlarını saxlaya bilməyib. Sözlərinə göz yaşları ilə davam edən məhbus məzuniyyət zamanı ata və anasının məzarını ziyarət edəcəyini söyləyib.

Share: