Oxdan, konfet düzəldəndi, mənim millətim…

Ayaz ARABAÇI

Bu şeir…

(Bu şeri hər gün iki dəfə paylaşmağa qərarlıyam – Müəllif)

Xocalıya, Zəngilana, Ağdama,
Kəlbəcərə, Şuşayadı bu şeir..
Qınağında adı yoxdu heç kimin,
Ürək adlı şüşəyədi bu şeir..

Fikirliyəm, nə qışdayam, nə yazda..
Gəmi kimi boğuluram dayazda,
Ağrıyadı-acıyadı, bir az da,
Sevincədi-nəşəyədi bu şeir.

Dərman gəzdim dərdlərimə zəhərdə,
Bir üsyan var sinəmdəki qəhərdə,
Bakı boyda beş milyonluq şəhərdə,
Sıxışdığım köşəyədi bu şeir..

Kimi gəzsən, kimi sorsan burdadı,
Yetim qalmış obayadı, yurdadı,
Quzğunadı, quzuyadı, qurdadı,
Pələngədi, pişiyədi bu şeir.

Mən kefimin ağasıyam köhnədən,
Ağrımıza susub durub Göy, nədən..
Bəzi-bəzi mətləbləri göynədən,
Bir balaca haşiyədi bu şeir..

Könlüm-gözüm bulud kimi pərişan,
Azalıbdı haqq yolunda vuruşan,
Heyvanatı bir-birinə qarışan,
Bir yiyəsiz meşəyədi bu şeir..

Allah özü qənim olsun qorxana,
Adam gərək şər-böhtandan qorğana,
Üstümdəki güllü-güllü yorğana,
Altımdakı döşəyədi bu şeir..

Deməyin ki, cəsarəti həsləyir,
Ruhunuzu şir südüynən bəsləyir,
Hamınızı bütövlüyə səsləyir,
Nə sünnüdü,nə şiədi bu şeir..

Son arzunun son mənzili haradı,
Dünya niyə ağ libasda qaradı,
Atayadı-anayadı,yaradı,
Məzaradı, beşiyədi bu şeir..

Külək kəsdi yelkənimi açantək,
Ağrılara vətən varmı bu cantək,
Bala,sizin qorxunuzdan siçantək,
Girdiyniz deşiyədi bu şeir..

Könül qoydum sevgi qatdım dadına,
Peşman olmaz kim götürsə adına,
Ləyaqətdə qadın kimi qadına,
Kişi kimi kişiyədi bu şeir.

Bir yol səni düşünməyən,anmayan,
Canın yansa,için yansa yanmayan,
Heç bir şeyi anlamayan qanmayan,
Eşşək oğlu eşşəyədi bu şeir..

O,tək mənəm cüt görünür cəmdə,ki..
Zildən düşən sızıldamaz bəmdə ki..
Hər şeyədi,hamıyadı,həm də ki,
Heç kimədi,heç nəyədi bu şeir.

Mənim millətim…

Arasında baş çıxartmır hər baş küllədən,
Ulduzlara ağız büzür uca qüllədən,
Nakam eşqə imza qoyan paslı güllədən-
Oxdan, konfet düzəldəndi, mənim millətim…

Allah deyib sevdirirlər bütü,hərləmir,
Əziyinə-qırışına ütü hərləmir,
Küçədəki acı-gici,lütü hərləmir,
Toxdan konfet düzəldəndi mənim millətim..

Fil nədi ki,öküzünün-kəlinin altda,
Uzanıbdı öz xoşuna zəlinin altda,
Top-tüfəngi olmasa da,əlinin altda,
“Xox”dan konfet düzəldəndi mənim millətim..

Ömrü boyu onun-bunun gedib badına,
Amma yenə sahib çıxıb uca adına,
Qurban olum çiçəklənən istedadına,
Yoxdan konfet düzəldındi mənim millətim..

Ağrıyan tək,başı deyil,dişi deyil ki..
Düdəməsi düdəmədi,kişi deyil ki..
Bu bir günün-iki günün işi deyil ki,
Çoxdan konfet düzəldındi mənim millətim..

Bircə yol var ya “yox”u tut,ya “hə”ni götür,
Göz yaşından yaşıllaşmış vahəni götür,
Gözünü yum istənilən sahəni götür,
P..dan konfet düzəldəndi mənim millətim…

Cəhənnəmə ki…
Evdə təkəm, qəfildən,
telefonum zəng çalır.
kimsə çox ürkək-ürkək,
çox həzin nəfəs alır.
alo,alo deyirəm,
bəli-bəli deyirəm.
tətikdədi bəlkə də,
bu an əli deyirəm.
susub durub, danışmır,
eşitmir harayımı.
başıma hey iş gəlir,
telefonda daimi.
bəlkə dostdu, tanışdı,
heç birinə oxşamır.
əlim su içindədi,
dəstək əlimdə damır.
nəyinsə inkarıdır,
bu nəyinsə sübutu.
mənə çox şirin gəlir,
nəsə onun sükutu.
handan-hana dillənir,
handan-hana incə səs.
filankəsdi danışan,
bəli mənəm, kimdi bəs.
mənmi, sizi çox sevən,
incə gözəl bir xanım.
zarafatı buraxın,
elə şey olmaz canım.
adımı da düz deyir-
yerimi də düz deyir.
dünən qəzetdə çıxan,
şerimi də düz deyir.
deyir ki, o yazdığın,
şerin ünvanı mənəm.
ruhu, ürəyi, qanı,
nəfəsi, canı mənəm.
şəkildən oğlum baxır,
gülümsünür xəlvəti.
özümü toplayıram,
qətiyyən..olmaz, qəti.
əlim-qolum boşalır,
bu səs məni süst edir.
qəfil qopan tufantək,
hər şeyi alt-üst edir.
telefonun o başı,
bir anda bahar olur.
qaranlıq yoxa çıxır,
bir aydın səhər olur.
elə həyəcanlıyam,
bu nə sirdi, nə kələk.
səs də çox ilahidi,
ya şeytandı, ya mələk.
mən nəyin həsrətində,
mən nəyin savaşında..
şəkildən oğlum baxır,
oğlum körpə yaşında..
dinir gülüş,dinir səs..
şair batıb qəmə ki.
özümü toplayıram,
əşşi, cəhənnəmə ki…

Share: