Ocağın sönməsin, ustad.

Hələ orta məktəbdə oxuduğum illər idi. O zaman Azərbaycanın yeganə televiziyasında “Ocaq” adll verlişi yayımlanırdi. Hamımız bu verlişə böyük maraqla baxırdıq.

Bu bir tərəfdən verlişin maraqlı olmasıyla bağlıydısa, digər tərəfdən də həmin verlişin aparıcısı və redaktorunun həmyerlimiz Zakir Abbasın olması idi. Elə o vaxtdan mənim üçün maraqlı olan bu şəxslə haçansa üz-üzə gələcəyimi, ünsiyyət quracağımı hec ağlımın ucundan belə keçirməzdim. Amma taleh nəinki onunla üz-üzə gəlməyi, ünsiyyət qurmağı, hətta bir yerdə işləmək şansını da mənə vermişdi.
…”And” qəzetində işləyəcəkdim. Əvvəlcədən demişdilər ki, qəzetin redaktoru Zakir müəllim Masallıdandı. Amma həmişə özümə ideal saydığım Zakir Abbasın olduğunu bilmirdim. Elə ilk görüşümüzdə bir-birimizlə doğmalaşdıq. Bəli, bu o idi – ömrüm boyu görüşmək arzusunda olduğum Zakir Abbas.
Bəxt üzümə gülmüşdü. Mən burda işləməklə yanaşı həm də həmişə sirli olan jurnalistikanın incəliklərini də Zakir müəllimdən öyrənəcəkdim.
İlk baxışdan sərt görünən Zakir müəllim əslində qayğıkeş, həlim bir insandı. Şair olduğumu biləndə mənə qarşı münasibəti daha da yaxşılaşdı. Elə Zakir müəllim ən “zəif” yeri də ədəbiyyata bağlı olmağı idi. Bəzən işə gecikəndə, tapşırıqları vaxtında yerinə yetirməyəndə bəhanə edib, “Yaradıcılıqla məşqul idim” deyərdim. Zakir müəllimin əsəbi bir anda soyuyur, üzünə təbəssüm qonurdu. “Onda yeni şeirə qulaq asarıq ki…” deyib, əlini əlinə sürtərdi…
Təpədən dırnağa istedad olan bu gözəl insanla işlədiyim müddət ömrümün ən gözəl vaxtlarıdı. Şəxsi tanışlığımızdan otuz ilə yaxın vaxt keçib. Bu illər ərzində mütəmadi olaraq onunla əlaqə saxlayıram. Hələ də onun zəngin təcrübəsindən yararlanmağa çalışıram. O da bilik və bacarığını səxavətlə paylaşmaqdan usanmır.
Dəyərli Zakir müəllimin 75 illik yubileyidir. Müdrüklük yaşına çatan, amma ruhu həmişə cavan olan ustadıma uzun, sağlam ömür arzulayaraq deyirəm ki, “Əzizim Zakir müəllim, sən hamımız üçün doğmasan. Var ol ki, biz özümüzü arxalı, güclü sayaq”.

Necə söz deyim sənə
Yaraşa, Zakir Abbas?
Həyat yolun salnamə,
Tamaşa, Zakir Abbas.

Seçdin ağdan qaranı,
Tapdın dərdə çaranı.
Dəyişmədin xaranı
Qumaşa, Zakir Abbas.

Düzünü deyim gərək;-
Üzün sərt, qəlbin kövrək!
Yetmiş beşin mübarək,
Yüz yaşa, Zakir Abbas.

Açıklama yok.

Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident mükafatçısı.

Share: