O verilişə görə yasda məni öldürəcəkdilər… – Qulu Ağsəs

Uşaq vaxtı kəndə motosikletlə fotoqraf gəlmişdi. Adamların şəklini böyüdürdü. Anama dedim ki, atamın şəklini ver böyütsün. O vaxtacan məni aldatmışdılar ki, atam Bakıda yaşayır. Dalaşdığım uşaqlardan birini atamla hədələmişdim. O mənə dedi ki, sənin atan ölüb, Bakıda yaşayan böyük qardaşındır. Şəkil böyütmək söhbətini anama deyəndə tutuldu. Bildim ki, qonşu uşaq düz deyir. İlk mənəvi zədəni onda aldım.

Müstəqil.Az  xəbər verir ki, bu sözləri 49 yaşını qeyd edən tanınmış şair Qulu Ağsəs “Ədalət” qəzetinə müsahibəsində deyib. O, “Xalqın şairi” müsabiqəsinə görə başına gələn maraqlı olaylardan da danışıb:

“Bir dəfə maşınla gedəndə post patrul məni saxladı. Dedim, yəqin, cərimə yazacaq. Telefonunu çıxardıb “Xalqın şairi”ndəki iştirakçının videosunu göstərdi mənə. Dedi, bu cürə istedadlı birini niyə kəsdiz?

Bir dəfə də 500 nəfərlik yas yerində idim. Birdən bir topa adam əhatəsinə aldı məni. Fikirləşdim, yəqin, məni tanıdılar. Sonra məlum oldu ki, bunların ağsaqqalını müsabiqədən kəsmişəm. Az qaldı orda məni öldürələr. Yas yiyəsi dedi ki, sən canın, anamın qırxına gəlmə…”

Qeyd edək ki, Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub. O, “Sənsən hər yer”, “Külək poçtdu”, “Nabran novellası” və “Nöqtələr” kitablarının müəllifidir.

Aqşin

Share: