Bakı şəhər Gənclər və İdman İdarəsi Səbail rayon gənclər və idman sektorunun, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin və Qida Təhlükəsizliyi Hərəkatının birgə təşkilatçılığı ilə “Nitqin gizli yanacağı – sağlam qidalanma” adlı təlim keçirilib.
Tədbirin açılışında çıxış edən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova sağlam qidalanmanın gənclərin fiziki və zehni inkişafındakı roluna toxunub, mövzunun aktuallığını vurğulayıb.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxışında bu cür təlimlərin gənclərin maariflənməsi baxımından əhəmiyyətini qeyd edib.
Səbail rayon gənclər və idman sektorunun əməkdaşı Nail Bağırzadə isə rayon icra strukturlarının gənclərə yönəlik həyata keçirdiyi layihələr barədə məlumat verib.
Bakı Nitq Mərkəzinin təsisçisi və təlimçisi Firuzə Aslanova çıxışında düzgün qidalanma ilə nitq və danışıq keyfiyyəti arasındakı əlaqədən bəhs edib.
PR Menecer Nailə Mirzəzadə isə çıxışında sağlam qidalanma mövzusunun sosial mediada düzgün işıqlandırılmasının və gənclər arasında maarifləndirmə işinin əhəmiyyətindən danışıb.
Açılış hissəsindən sonra təlimçilər Məhsəti Hüseynova və Firuzə Aslanova iştirakçılara təqdimatlar ediblər. Təqdimatlar zamanı sağlam qidalanmanın nitqin inkişafına təsiri, gündəlik qidalanma vərdişlərinin formalaşdırılması və düzgün qida seçimi ilə bağlı praktiki tövsiyələr paylaşılıb.
Qeyd edək ki, təlim 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunub. Təlimdə ana dilinin düzgün istifadəsinin, nitq mədəniyyətinin inkişafının və sağlam qidalanmanın insanın zehni fəaliyyəti və ünsiyyət bacarıqları üçün əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda iştirakçılara təlimdə iştirak etdiklərini təsdiqləyən sertifikatlar təqdim olunub. Eyni zamanda, tədbir aktiv iştirakçılara Məhsəti Hüseynova və Asim Vəliyevin müəllifi olduğu “İslamda qida mədəniyyəti” kitabı və Bakı Nitq Mərkəzi tərəfindən hazırlanan hədiyyələr təqdim edilib.Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
























