Mütaliə etməyi xoşlayan dövlət məmuru…

Deyir ki;- “Elm sahəsi üzrə valideynlərimə tənqidçi ola bilməsəm də, bədii sahədə oxucu olaraq öz fikrimi bildirirəm. Hələ də alimlər arasında belə bir tərəddüd var ki “insanı formalaşdıran mühitdi, yoxsa genlərdir?!” Mənim fikrimcə, formalaşmağıma həm genlər, həm də böyüdüyüm mühit təsir edib. Ona görə də uşaqlıqdan nələri görmüşəmsə, o cür də davam etmişəm. Atam şahmat oynayıbsa, mən də 5 yaşımda şahmatla məşğul olmağa başlamışam. 5 yaşımda oxumağı, yazmağı mənə öyrətdilər. Yadımdadır ki, oxuduqlarımı atamla müzakirə edirdik.”

Bacarıqlı, savadlı, işgüzar adamdır. Zarafat deyil, iyirmi beş yaşında namizədlik, otuz yeddi yaşında isə doktorluq dissertasiyasını müdafiə edərək, hüquq elmləri doktoru alimlik dərəcəsinə nail olub…
“Mənim inkişafımda böyüdüyüm və içində olduğum mühitin ancaq müsbət təsiri olduğunu söyləyə bilərəm. Özümü dərk edəndən kitabın, ədəbiyyatın əsl mahiyyətini qavramışam. Mütaliənin insan həyatında vacibliyi fikri mənə lap uşaq yaşlarımdan aşılanıb. Ədəbiyyata həmişə marağım olub və o maraq bu gün də davam edir. Ancaq bu maraq daha çox seyrçi, oxucu marağıdır. Yazmağa marağım olmasa da, elm sahəsinə marağım güclü oldu. Çünki valideynlərimin elmi potensiala sahib olması məni daha çox özünə çəkdi.”- söyləyir…
Haqqında söhbət açmaq istədiyim Mehdi Abdullayev 1980-ci il iyul ayının 26-da Bakı şəhərində, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın ailəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq idarəsində müstəntiq işləyib. AMEA İnsan Hüquqları İnstitutunda çalışıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub. 2005-ci ildə “Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib. 2010-cu ilin aprel ayından 2016-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2016–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının humanitar və sosial məsələlər üzrə prorektoru olub. 2017-ci ildə doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi alıb. 2020-ci ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri təyin edilib…
Bütün bunlara baxmayaraq, ədəbiyyat vurğunudur. Kitab oxumağı, bədii ədəbiyyatı mütaliə etməyi xoşlayır.
Deyir ki;- “Yaxşı yadımdadır, atam mənim üçün kitablar üzrə bir ardıcıllıq tərtib etmişdi. Şerlok Xolmsdan başlayaraq Don Kixota qədər. İlk oxuduğum Artur Konan Doylun Şerlok Xolmsun macəraları olub. 5-6 yaşlarımda Orxon Yenisey abidələrinin bizim üçün bir dəyər olduğunu mənə öyrətmişdilər. Hesab edirəm ki, uşaq yaşlarında əsası qoyulan fundament sonradan bizim düzgün istiqamətlənməyimizə yardımçı olur. Uşaq yaşlarımda dünya ədəbiyyatını daha çox oxumuşam. Sovet dövründə yaşayanlar bilər. Bir çox evdə dünya ədəbiyyatı dərgisi olurdu. Bizim də evimizdə həmin dərgi vardı. Tolstoy, Balzak, Dostoyevski, Çexov və digər klassikləri oxuyurdum.”
Yay tətillərinin birində atası xeyli sual-cavabından sonra onun milli ədəbiyyat sahəsində biliklərindən bir o qədər də razı qalmadığını bildirir. O da bütün tətilini Nəriman Nərimanovun, Əbdürrəhman bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun tam yaradıcılığını oxumaqla keçirir. Hesab edir ki, uşaqlara ədəbiyyatı sevdirəndə bunu paralel formada həyata keçirtmək vacibdir. Milli köklərini dəyərləndirməyi bacarmayan insana sonrakı həyatı qavramaq çətin olur. Müəlliflərin milliyyətindən asılı olmayaraq klassikləri sevə-sevə oxuyur…
“İnsanın şəxsiyyət kimi formalaşdırılmasında klassiklərin rolu böyükdür. Məsələn, Balzakın “Bəşəri komediya” silsilə əsərlər toplusu var ki, dünyadır. Məşhur bir deyimdəki kimi, ay işığında heç nə yeni deyil. Bu mənada klassik ədəbiyyat insanın şəxsiyyət kimi formalaşmasına, onun dünyagörüşünün zənginləşməsinə kömək edir. Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanı möhtəşəmdir. Korçaqın öz mübarizliyi ilə, Çernışevskinin Raxmetovu, Ovod əsərindəki Artur bizim uşaqlıq qəhrəmanlarım olub. Çexov, Tolstoy, Dostyevski, Cek London yaradcılığı hər dövr üçün aktualdır. Təbii ki, Nizami, Füzuli, Nəsimi və Xətai titanlardır. Onların yaratdıqları artıq mənim təhtəlşüurumdadır. Bundan əlavə şairlərdən ən çox Almas Yıldırımı, Müşviqi, Vaqif Səmədoğlunu, Ramiz Rövşəni , Lermontovu, Yesenini, Mandelstamı və Brodskini bəyənirəm. Ən çox bəyəndiyim parça Almas Yıldırımın “Əsir Azərbaycan” şerindədi:
Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən…
Azərbaycan, mənim tacım, taxtım oy!..
Oyanmazmı kor olası baxtım oy!..”- söyləyir.
Məktəbə getməyə başlayanda artıq rus dilində danışmağı bacarsa da buna baxmayaraq, onu Azərbaycan bölməsinə qoyurlar. Və orta məktəbi ana dilində başa vurur…
Deyir ki;- “Mənim üçün xarici dillər bir vasitədir, məqsəd deyil. Xarici dil bilmək həmin dildə olan ədəbiyyatı orijinaldan oxumaq, həmin dildə danışan insanlarla ünsiyyətdə olmaq deməkdir. Daha artığı yox. Doğrudur, dünya dillərini uşaqlarımıza öyrətməyimizin heç bir ziyanı yoxdur. Bu üstünlükdür. Ancaq hər bir azərbaycanlı ilk növbədə ana dilini bilməlidir. Çünki Azərbaycan dili ətrafında Azərbaycan milləti formalaşır. Bizim vətənimiz Azərbaycan, doğma dilimiz isə Azərbaycan dilidir. Bunları heç zaman unuda bilmərik. Eyni zamanda, nə qədər xarici dil bilsək, o da başucalığıdır…”
İyulun 26-da haqqında söhbət açdığım hüquq elmləri doktoru Mehdi Abdullayevin 43 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram…
Elman Eldaroğlu
Share: