Mingəçevir Dövlət Universiteti kiberdayanıqlı rəqəmsal kampus mühitinin formalaşdırılması istiqamətində “Cybersign” MMC ilə əməkdaşlığa başlayıb

Mingəçevir Dövlət Universiteti kiberdayanıqlı rəqəmsal kampus mühitinin formalaşdırılması istiqamətində “Cybersign” MMC ilə əməkdaşlığa başlayıb

2026-cı il iyulun 6-da V “Cyber Summer School 2026”nın (CSS-2026) açılış mərasimi çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə “Cybersign” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və “Cybersign” MMC-nin icraçı direktoru Elvin Axundov imzalayıblar.
Memorandumun əsas məqsədi MDU-da təhsil alan tələbə və magistrantların, həmçinin akademik və inzibati heyətin kibertəhlükəsizlik, rəqəmsal savadlılıq, kibergigiyena, informasiya təhlükəsizliyi və müasir rəqəmsal müdafiə həlləri üzrə bilik və praktik bacarıqlarının artırılmasıdır.
Əməkdaşlıq çərçivəsində tələbələr üçün kibertəhlükəsizlik və rəqəmsal risklərin idarə edilməsi üzrə təlim proqramlarının hazırlanması, ustad dərsləri, seminarlar, simulyasiyalar, karyera yönümlü tədbirlər, mentorluq və təcrübə imkanlarının dəyərləndirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, tərəflər kibergigiyena, fişinqdən müdafiə, SOC24/7 təhlükəsizlik əməliyyatları, təhdid analizi, logların idarəedilməsi, monitorinq və insidentlərə cavab yanaşmaları üzrə praktik biliklərin tədris prosesinə inteqrasiyası istiqamətində də əməkdaşlıq edəcəklər.
Memorandum, həmçinin universitetdə kibermaarifləndirmə təşəbbüslərinin, “Kibergigiyena həftəsi”, açıq dərslər, maarifləndirici kampaniyalar, hackathonlar, elmi-praktik tədbirlər və tələbə startaplarının dəstəklənməsinə imkan yaradacaq.
Qeyd edək ki, memorandum 5 il müddətinə bağlanıb və MDU ilə “Cybersign” MMC arasında kibertəhlükəsizlik və rəqəmsal müdafiə sahəsində uzunmüddətli strateji tərəfdaşlığın inkişafına xidmət edir.

Share: