Millət vəkili,tanınmış cərrah Rəşad Mahmudov “Bakı Ürək Mərkəzinin” rəhbərliyindən uzaqlaşdırılıb?

Respublika Müalicəvi Diaqnostika Mərkəzi millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılması xəbərinə rəsmi münasibət bildirib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Səadət Hənifəyeva Unikal.org.a bildirib ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” ötən ilin mart ayının 6-da yaranıb və oranın heç vaxt rəhbər vəzifə ştatı olmayıb.

“Rəşad Mahmudov “Bakı Ürək Mərkəzi” yaradıldığı gündən ürək-damar cərrahı kimi fəaliyət göstərib. Onunla bərabər digər həkimlər də burada çalışıb. Hazırda da onlar mərkəzdə fəaliyətlərini davam etdirirlər. Sadəcə Rəşad Mahmudovun Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitdiyinə görə, qanunvericiliyə uyğun olaraq əməkdaşlığa xitam verilib. Bu səbəbdən o, artıq bizdə çalışmır”.

Mərkəz rəsmisi R.Mahmudovla əməkdaşlığa xitam verilməsinin səbəblərini də açıqlayıb:

“R.Mahmudovun millət vəkilidir. Qanunvericiliyə görə, millət vəkilinin özəl tibb müəssisəsində həkim kimi çalışma hüququ yoxdur. Müqavilənin vaxtı bitdiyindən və həm də qanunvericiliyə uyğun olaraq müqaviləyə xitam verilib”.

***

Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.

Müstəqil.az BakuPost-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.

Xəbəri Rəşad Mahmudovun özü BakuPost-a təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib: “Müqavilənin müddəti bitdiyinə görə, qarşılıqlı olaraq müqaviləyə xitam verildi”.

Qeyd edək ki, son vaxtlar Rəşad Mahmudov səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilirdi.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb. Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edirdi.

Share: