“… mən torpağı bir qanlı məzar istəmədim”

Nəriman Abdullah
Məni pəjmürdə edən sevgili yar istəmədim,
O gözəl eşqim üçün dərdi-qübar istəmədim.
 
Qara gözlərinə eşq ilə baxıb seyr edərək,
Saçın oxşarkən İrəm bağına xar istəmədim.
 
Ləbinin tərpənişi qəlbimi titrətməyə bəs,
Gərçi ləblərlə çıxan əks(i)-qərar istəmədim.
 
Deyilən hər sözə sən istədiyin mənanı ver,
Amma sevdada, gülüm, bircə azar istəmədim.
 
Hərənin qismətini bir cürə yazmış Yaradan,
Mən isə qismətimə qəmli yazar istəmədim.
 
Hərənin bir sonu var ki, buranı tərk edəcək,
Amma mən torpağı bir qanlı məzar istəmədim.
 
Bazarın örtülüsü dostluqu pozmuşsa əyər,
O zaman örtülü dostluqda bazar istəmədim.
 
Nəriman,gördüyünü söyləmə, söylərsən əgər,
Dəyişər çərxi-fələk, özgə diyar istəmədim.

Share: