“Mən fikirləşmirdim ki, gələcəyim necə olacaq” — Qocalar evindən videoreportaj

Onlar heç kimlə danışmırlar, onları yaxınları ziyarət etmir. Soyuq, sərt 4 divar arasında tənha, həyata küskün yaşlılar ömürlərinin bitməsini gözləyirlər… 

Qocalar evi adətən bu cür kədər, küskünlük, atılmışlıq kimi mənfi hislərlə assosiasiya olunur. Elə təxminən bu mənzərə ilə qarşılacağımız düşüncəsilə də ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıllar evinə yola düşdük.

“Qafqazinfo” xəbər verir ki, pansionatda bizi gözlədiyimizdən fərqli, həyat dolu həmsöhbətimiz 74 yaşlı İsa Bağırov qarşıladı. Sözə Cabir Novruzun şeiri ilə başladı, Məmməd Arazdan, Səməd Vurğundan, Fadayevdən, Şoloxovdan tutmuş, Zəngəzur qaçaqları, Heydər Əliyevlə Naxçıvanda görüşünədək müxtəlif xatirələrini dilə gətirdi. Hətta arada imkan tapıb sevdiyi xalq mahnılarından da ifa elədi. 

Söhbət zamanı məlum oldu ki, şair Məmməd Arazın kəndində – Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində doğulub. Həyat ona hər üzünü göstərsə də, heç nə daxilindəki həyat eşqini sarsılda bilməyib. Cəmi yaş yarımlıq olanda anasını itirib, 7-ci sinifdə oxuyanda isə Bakıya gəlib, qardaşının himayəsində böyüyüb. Daha sonra zavodda fəhləlik dövrünü Ukraynada əsgərlik həyatı əvəzləyib, kənddə “hə-yox”dan artıq bilmədiyi dildə ali təhsil alıb…

Ukraynada indi döyüş meydanında çevrilən bərbad halda olan torpaqları qarış-qarış gəzən İ. Bağırov sonra yenidən vətənə qayıdıb və Pedaqoji İnstitutun rus dili və ədəbiyyatı ixtisasına daxil olub. Tale onu yenə Naxçıvana qaytarıb, doğulduğu Şahbuz rayonunda 24 il, ümumilikdə 40 ildən çox pedaqoji fəaliyyətlə məşğul olub. Elə orada ailə qurub və iki oğlu var. Lakin müəyyən səbəblər üzündən ailəsindən ayrılandan sonra yenidən Bakıya qayıdıb. Ahıllar evinə isə bir il əvvəl öz təşəbbüsü ilə gəlib: “Övladlarım bura gəlməyimə razı deyildilər. Mən o vaxta qədər Binə qəsəbəsində kirayədə qalırdım. Baxdım ki, özümü idarə etməkdə çətinlik çəkirəm. Oğlanlarım məndən incidilər, amma mən onlara yük olmaq istəmirdim. Həyat belədir də…” 

Söhbət edə-edə İsa dayının qaldığı 202-ci otağa tərəf gedirik. Direktorun kabinetinin qonşuluğunda olan bu otaq həyatının qalan hissəsini bağladığı tək guşədir. Çarpayı, kiçik stol, şkaf, televizor və soyuducudan ibarət otaqda səliqə-səhman diqqətimizi çəkir. 

Adətən hər kəs öz rahat evində, uşaqlarının, nəvələrinin əhatəsində qocalmağı arzu edir. Qocalar evinə düşmək kənardan insanlara çox faciəli təsir bağışlayır. Hətta orada olmaqdansa, ölməyi üstün tutanlar da var. Doğrudanmı Qocalar evində həyat o qədər faciəlidir?

“Mən 6 il əvvəl də bura gəlmək istəyirdim. Onda mənə dedilər ki, gedəcəksən, pensiya kartını alacaqlar əlindən. Həqiqətən də o vaxt burada vəziyyət yaxşı olmayıb. Belə hallar olub, lakin artıq geridə qalıb. Pensiya alıram, kartım da özümdədir. Burada ikinci korpusda böyük klub və kitabxana var. Günümün bir hissəsi orada keçir. Həmçinin futbol oynayıram. Neçə vaxtdır ahıllar arasında futbol yarışına hazırlaşırıq. 13 nömrə ilə “Qarabağ” klubunun hücumçusuyam. Hətta bundan qabaqkı oyunda 2 qol vurmuşam. 

…Adam cavanlıqda çox şey edir. Gənclik dövrüdür, qaynar çağdır. Həyatımız maraqlı keçirdi, mən fikirləşmirdim ki, gələcəyim necə olacaq. Hansı biriniz bunu fikirləşirsiniz? Həyatdır, məni gətirib bura. Allahımdan da çox razıyam, dövlətimizdən də. Əgər qismət olsa, bu yaxında Şuşaya gedəcəyik. Vaqif babamın qarşısında hansı şeirləri deyəcəyimi firkiləşirəm. Bu yaxında bizi dənizə aparmışdılar. İstirahət elədik, futbol oynadıq, dənizdə çimdik. Həmçinin Zooparka getmişik. İndi istidir, hava bir az sərinləşsin, təkrar Qənimətlər Parkına gedəcəyik. Buradakı Ahıllar yığışıb Mir Möhsün ağanın ziyarətgahına getmişik. Biz nə desək direktor “baş üstə” deyir…”, – həmsöhbətimiz davam edir.

İ. Bağırov danışır ki, ailəsi ilə axırıncı dəfə 3 il əvvəl görüşüb. Canı sağ olduqca qarış-qarış gəzdiyi torpaqları, yaxınlarını görmək üçün Naxçıvana yenə gedəcək. Amma müvəqqəti, bir daha buranı tərk etməyəcək: “Ailə üzvlərimdən qardaşım uşaqları icazə alıb yanıma gəlirlər. Nə orada unudulmuşuq, nə də Allaha şükür, burada o qədər isti münasibət var ki, burada da unudulmuruq. İki oğlum var. Onlar rayondadırlar. Öz işləri var, qismət olsa, gəlişləri olsa, mütləq məni gəlib görəcəklər. Mən övladlarım üçün çox xoşbəxtəm. Onlar mənim qanımı ləyaqətlə öz üzərlərində daşıyırlar”.

İsa Bağırov burada özünə dostlar da tapıb. Deyir ki, hər gün “besetka”da otururlar. Üzbəüz otaq yoldaşı Əbdüləli, o biri binada Müsait kişi, Şəfəq xanım, Ağarza… Köhnə iş yoldaşları, şagirdləri də daim yanına ziyarətə gəlirlər. Özü də imkan düşdükcə icazə alıb onları görməyə gedir: “Bu yaxınlarda mən də borclu qalmadım, bazarlıq elədim, Zabrata getdim, keçmiş müəllim yoldaşlarımla görüşdüm. 4 kiloya qədər şokolad aparmışdım. Hətta müəllimlərdən biri zarafat elədi ki, “İsa evlənib, şirinlik gətirib”. 

İsa dayı ilə çox söhbət edirik, yazıya sığışdıra bildiklərimizdən daha çox. Qarşımızda 74 illik həyat təcrübəsi olan tarix dayanıb. O qədər maraqlı müsahibdir ki, zamanın necə keçdiyini belə hiss etmirsən. Elə xoş əhval-ruhiyyə ilə də onunla sağollaşırıq. Ahıllar evini yenə də 202-ci otaqdan gələn mahnı sədaları bürüyür…

Gülnar Əliyeva

Foto/Video: Müzəffər İsmayılov


Share: