Könüllərdə çağlayan musiqi

Həzi HƏSƏNLİ

 

Bu gün özü həyatda olmasa da, ifa etdiyi musiqilərin xoş sədaları könüllərdə yaşayır. Onun ifa tərzi, ifa etdiyi orijinal rəqs havaları özünəməxsusluğu, şuxluğu ilə seçilirdi.

İfalarının uzunömürlü, özünün də milli – musiqi mədəniyyətimizdə layiqli yeri olmasının başlıca səbəbi də elə budur. O, sənətdə öz dəst – xəttini qoyub getmiş sənətkardır. Ümumiyyətlə, klarnet çətin çalınan musiqi alətidir. Bu alətdə ecazkar musiqi nömrələri ifa etmək asan məsələ deyil. Onun bir – birindən gözəl, təkrarolunmaz ifaları çoxdur. Unudulmaz sənətkarın müxtəlif illərdə ifa etdiyi oyun havaları lentə alınmış və hazırda Azərbaycan radiosunun qızıl fondunda saxlanmaqdadır. Belə oyun havalarından “Tərəkəmə”, “Qazağı”, “Tiflisi”, “Dostluq”, “Sülh” və “Bakı” rəqsləri çoxlarının sevdiyi ifalardır.

Vikipediyada Şəmsi İmanovun haqqındakı müfəssəl məlumatda oxuyuruq:

… “Oyun havaları ilə yanaşı, özünün bəstələdiyi “Bəxtiyarı”, “Şəbnəmi”, “Mərdəkanı”, “Sabirabadı”, eləcə də əziz qardaşı Arifin xatirəsinə həsr etdiyi “Arifi” kimi rəqslərlə bərabər çoxsaylı bəstəkar və xalq mahnıları, ulu muğam sənətinin nümunələri “Cahargah”, “Segah”, “Bayatı – Şiraz” hörmətlə qorunub saxlanılır. Şəmsi sənətinin fanatları tərəfindən radionun fonduna 220 dəqiqəlik toy ifaları da təqdim edilmişdir.

Şəmsi İmanovun yaradıcılığında önəmli yer tutan illərdən biri də 1960 – cı il olur. Həmin ildə Müslüm Moqamayev adına Dövlət Filarmoniyası nəzdində Ağası Məşədibəyovun rəhbərlik etdiyi “Azərbaycan təranələri” ansanblına solist – ifaçı kimi işə qəbul olunur. Dövrün ən ustad ifaçıları Xan Şuşinski, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Şövkət Ələkbərova, Rübabə Muradova, Əlibaba Məmmədov, Tələt Qasımov və digər xanəndələrin tərəf – müqabili olaraq konsert və qastrol səfərlərində onları müşayət edir…”

Xalq artisti Əlibaba Məmmədov öz xatirələrində Şəmsi İmanovun sənətini bu cür dəyərləndirir: – “Şəmsi İmanov öz ifası ilə musiqimizə bir şuxluq gətirdi. Görünür, bu da onun həyatda çevik və nikbin olmasından irəli gəlirdi. Onunla çox toylarda bir yerdə çıxış etmişəm. Bəzən xanəndə səsi yerində olmayanda, o, tar çalandan simi yarım ton bəm kökləməyi xahiş edir. Həmin tonallıqda çalmaq naşı klarnetçalan üçün çətinliklər yaradır.

Lakin Şəmsi üçün bu, heç vaxt çətinlik yaratmırdı. Güclü nəfəsi olduğu qədər də güclü dodaq sıxımı vardı. Məhz bu sıxımların sayəsində ifaçı istədiyi notu və tonallığı ala bilirdi. Onun çalğısında heç vaxt falş not olmzadı. Şəmsi novator sənətçi kimi də tarixdə qalacaq. O, klarnet ifaçılığına yeni səs, tembr və ifa tərzi gətirib…”

Şuşada Şəmsi İmanovun doğulduğu ev

Sənətinin mahir ifaçısı kimi onun adı Azərbaycanın hüdudlarından kənarda da yaxşı tanınır və sevilirdi. Mən onun ifa etdiyi musiqilərin sədasını ilk dəfə əlçatmaz uşaqlıq və yeniyetməlik illərində, arzuların gülən çağında, sazın – sözün beşiyi olan Borçalımızda dinləmişəm. O zaman ömrümüz də könül açan bir nəğmə kimiydi, bir musiqi sədasıydı, uşaqlıq ömrümüzün ən gözəl və unudulmaz çağı idi. İndi də xatırlayanda qulaqlarımda şirin barmaqları və məlahətli nəfəsi ilə özünəməxsus şəkildə dilləndirdiyi klarnetin əsrarlı səsi eşidilir. Onun şux oyun havaları insanda xoş hisslər yaradır. Bu ifalar insanı heyran edir, qürurlandırır.

Yaxşı yadımdadır oxuduğumuz məktəbdə bir sıra mədəni – kütləvi tədbirlərdə onun ifaları yazılmış valı oxudardıq, tədbir iştirakçıları o musiqi sədaları altında rəqs edər, şənlənərdilər. Hələ o vaxtdan o böyük sənətkarın ifalarından və dəyər dünyasından xəbərdar idim. Mənim ürəyimdə saza sevgim daha böyük olsa da, o şirin barmaqlı, virteoz klarnet ifaçısı Şəmsi İmanovun ifalarını da çox sevirdim.

İllər sanki qanadlı quş olub uçdu. Sonralar ali təhsil almaq üçün Bakıya gəldim və bu böyük sənərkarın ifalarını müxtəlif tədbirlərdə, konsert salonlarında canlı dinləmək qismətində bulundum.

Onun sənətinin ümumi mənzərəsi ifa etdiyi musiqi nömrələrindən aydın görünür. Üstündən qərinələr ötsə də onun ifa etdiyi musiqilər öz əlvanlığını və təravətini saxlayır və bundan sonra da saxlayacağına əminəm. Şəmsi İmanovun cənnət misallı Şuşanın ruhundan süzülüb gələn, Qarabağımızın mənəviyyatını, mədəniyyətini özündə ehtiva edən yaradıcılığı olduqca zəngindir. Bu da səbəbsiz deyildir. Çoxları bilməsə də, məşhur klarnet ifaçısı Şəmsi (Şəmsəddin) İmanov əslən Qarabağlıdır. Onun doğum tarixçəsinə ayna tutsaq görərik ki, bu, bir həqiqətdir. Baxmayaraq ki, bəziləri Şəmsi İmanovun Bakının Əmircan kəndindən olduğu qənaətindədirlər. Bu yanılışlığa son qoymaq üçün bir daha qeyd edirəm ki, Şəmsi İmanov doğrudan da ” təmiz qanlı” qarabağlıdır, özü də musiqimizin beşiyi sayılan Şuşa şəhərindəndir. Onun əslən Şuşadan olduğunu bilməyənlər də bu yazını oxuduqdan sonra biləcəklər.

Özü də deyərmiş ki, Şuşa kimi bir yerdə doğulmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün onun ifalarını dinləyəndə Şuşanın başı dumanlı dağları gözlərimizdə bir boy da ucalır. Şəmşi İmanovun ifasında səslənən şux və şaqraq rəqs havaları, Xanın havalanan səsi kimi, Qədirin nəfəsi kim, Üzeyirin musiqi töhfəsi kimi ruhumuzu silkələyir, göyləri yerindən oynadır. Bir gün gələcək, bu ecazkar musiqi sədalarını yenidən Şuşada, Cıdır düzündə, İsa bulağının başında eçidəcəyik.

Yeri gəlmişkən, mən də təkrarsız gözəlliyi ilə öyündüyümüz Şuşamıza olan sevgimi, həsrətimi nisgilimizlə, ağrımızla bağlı bir şeirimdə belə yazmışdım:

Səndən ayrı düşdüm, ay isti yuvam,

Səndən ayrı düşdüm, ay suyum, havam.

Daha bu həsrətlə adam olmaram,

Gümanım ay Şuşam, canım ay Şuşam.

İsa bulaq gözdə yaşa dönübdü,

Ürəyim köksümdə daşa dönübdü.

Ruhum göylərində quşa dönübdü,

Şərəfim ay Şuşam, şanım ay Şuşam.

Yadlara yem olan sarı sünbülüm,

Ayaqlar altında xarı bülbülüm.

Cabbarım, Üzeyrim, ölməz Bülbülüm,

Sultanım ay Şuşam, Xanım ay Şuşam.

Sənə necə deyim xəyalım, ünüm,

Sənsiz nə gecəm var, nə də bir günüm…

Qibləm, səcdəgahım, pənahım, pirim,

İmanım ay Şuşam, dinim ay Şuşam.

Vətənim, itənim, tənim, a bəllim,

Ay şirin avazlım, ay şirin dillim.

Əcdadım, əzəlim, ilkim, əvvəlim,

Məkanım ay Şuşam, sonum ay Şuşam.

Doğrudan da musiqi tariximizdə iz qoyub getmiş bir sənətkarın özünü Şuşada doğulduğuna görə xoşbəxt saymaq haqqı var. O, ürəyinin hisslərini, şirin duyğularını musiqiyə çevirməklə körpəliyindən dünyaya göz açıb gördüyü və sevdiyi, suyundan içdiyi, havasından udduğu cənnət Qarabağımızın musiqi tarixinə, musiqi ənənəsinə söykənir. Onun ifaları hər zaman heyranlıqla qarşılanır, sevilə – sevilə qəlblərdə özünə yuva qurur, könüllərdə çağlayır. Şuşa millətimizə neçə – neçə korifey sənətkarlar, mədəniyyət və incəsənət xadimləri bəxş etmişdir…

Bəli, Şəmsi İmanov 1930 – cu ilin bir yay günündə Şuşada, tacir Hacı Tağının oğlu İbad kişinin ailəsində dünyaya gəlmişdir. Hacı Tağının adı şuşalıların yaddaşında yaşayır. O, ən varlı tacirlərdən biri kimi tanınıb, məşhurlaşıb, dövrünün çox zəngin və sayılıb seçilən tacirlərindən olub. Şəmsi beş yaşınadək babasının evində yaşayıb. Lakin tale elə gətirir ki, ailəsi bəzi səbəblərdən Bakının Əmircan ( keçmiş Xilə) kəndinə köçür. Beləliklə, Şəmsi elə kiçik yaşlarından Əmircanda musiqi mühitinə düşür. Bu sənətə uşaqlıqdan aludə olan Şəmsi incə zövqə, nəcib ürəyə malik idi. İç dünyası sənət eşqi ilə aşıb daşırdı.

Atası ilə kəndin mədəniyyət evindəki tədbirlərə gedir, teatr tamaşalarına baxır, konsertləri seyr edir. Beləliklə, musiqiyə həvəsi bir az da artmağa başlayır və sənətə məhəbbəti tükənmir, musiqi zövqü də yavaş – yavaş formalaşırdı. Musiqi təhsili olmasa da, tanınmış sənətkarların, mahir klarnet ifaçılarının yanında əsl sənət məktəbi keçmişdir, onlardan dərs almışdır. Onun ilk sənət müəllimi klarnet ifaçısı kimi öz zamanında yaxşı ad çıxarmış Kərim Şərif olur. Gərgin məşqlərdən sonra balaca Şəmsinin böyük fitri istedadı onu daha da püxtələşdirir, yavaş – yavaş tanınmağa başlayır, toy məclislərində və el şənliklərində ifaçı kimi qədəmləri uğurlu olur.

…Dostum Samir Kərimovla təsadüfi bir söhbət əsnasında məlum oldu ki, Şəmsi İmanov onun doğmaca dayısıdır. Sənətkarın bacısı oğlu Samir müəllim də gənclik illərindən başlayaraq Şəmsi İmanovun sənətindən qədirbilənliklə yeri gələndə söhbət açır. Elə bu təsadüfi söhbət də onun qədirbilənliyindən xəbər verdi. Dayısının parlaq xatirələr qoyub getməsindən söhbət açaraq dedi:

– Şəmsi İmanov elə bir sənətkarlardan olmuşdur ki, onun təkrarolunmaz sənəti nəsillərdən – nəsillərə ötürülərək yaşayacaq. Dayım bütün ömrünü musiqiyə həsr edib. O, həyatda öz yolunu sənətə vurğunluğu ilə tapmışdı. Yaxşı yadımdadır, görkəmli ədəbiyyatşünas alim, yazıçı Rəfael Hüseynov, illər öncəsi hələ dayımın sağlığında Azərbaycan radiosunda ondan müsahibə almışdı. Mən onların söhbətinə heyranlıqla qulaq asırdım. Sonralar da o müsahibəni təkrar – təkrar dinləyəndə özlüyümdə bir daha yəqin etdim ki, dayım həyatda necə səmimidirsə, efirdə də o cür səmimidir. O, həyatda yalansız yaşamağı sevirdi. Ona görə efirdə də belə demişdi: ” Kişinin ən böyük “defekti” onun yalan danışmasıdır”. Sənətdə olduğu kimi, həyatda da sevilən insan idi. İndi də haqqında xatirələri yada düşəndə, ifa etdiyi musiqilər səslənəndə 90 yaşlı anam göz yaşlarını saxlaya bilmir…

Mən uşaqlıq illərimdə dayımın sənətinə o qədər vurğun olmuşdum ki, qəzeti klarnet şəklində büküb ifa etmək istəyirdim. Anamdan xahiş edirdim ki, dayımdan icazə alsın, gerçək klarnetdə ifa etməkdə mən də özümü sınayım. Anam qətiyyətlə bu fikrimin əleyhinə çıxsa da, nəhayət, bir gün klarneti götürüb üfürəndə gördüm ki, bu alətdə ifa etmək asan məsələ deyil. Amma görün o, bu cür çətin çalınan musiqi alətini necə ustalıqla dilləndirirdi… Şəmsi İmanovun klarnet ifaçılığı sənətində öz möhürü, öz dəst – xətti, öz yolu, özünün açdığı izi var.

Şəmsi İmanovun özündən sonra bir oğul övladı qalıb. O, atasının sənətini davam etdirməsə də, öz həyat yolunu müəyyən edib, digər sahədə çalışır.

Amma Şəmsi İmanov sənətinin davamçıları yetişib. İstedadlı klarnet ifaçısı Hacı Həmidoğlu Şəmsi İmanov sənətindən xeyli bəhrələnib. İsrafil Əzimov isə Şəmsi İmanovun şagirdi olub, sənətinin sirlərini ondan öyrənib. Ustad sənətkar səhhətində problemlər yarandıqdan sonra, öz sağlığında klarnetini layiqli davamçısı İsrafil Əzimova bağışlayıb. O da hər zaman ustadına sədaqətini sənətinə sevgisi ilə nümayiş etdirir və hər dəfə haqqında ürəkdən gələn şirin xatirələr danışmaqla ömür kitabının səhifələrini vərəqləyir.

Onun ifaları yüzlərlə, minlərlə, yüz minlərlə könülləri dilləndirmiş, ovsunlamış, özünün fanatına çevirmişdi. Deyilənə görə, Şəmsi İmanovun fanatlarından olan bir tanışı da ustad sənətkarın şərəfinə oğlunun adını Şəmsi qoyub və onun da klarnet ifaçısı olması üçün səy göstərib. Bu Şəmsi də atasının ümidlərini doğruldub. O da bu gün mahir klarnet ifaçısı kimi tanınan Şəmsidir.

Vikimənbələrdən əldə etdiyimiz məlumata görə, Seyid Şuşinski son mənzilə yola salınarkən Şəmsi İmanov “Segah”ı o qədər yanıqlı ifa edir ki, özü də göz yaşlarını boğa bilmir. Bu, Xan Şuşinskini də olduqca kövrəldir və “Qarabağ şikəstəsi”ni klarnetin sədaları altında yanıqlı – yanıqlı oxuyur.

Şəmsi İmanov bütün ruhu, qanı ilə qarabağlı idi, şuşalı idi. Ömrünün son günlərində də xəyalının qanadlarında Şuşanı seyr edirdi, sözə gəlməz ifaları görünməz bir ruh, bir duyğu kimi doğulduğu yerlərdə dolaşırdı. Sən bir didərgin xəyalın səmtinə bax; Qarabağ, Şuşa, Cıdır düzü, İsa bulaq, Xarı bülbül… Şuxluğu ilə dağları – daşları yerindən oynadan Şəmsi İmanovun klarnetinin səsi nə yazıqlar ki, bu gün öz yerini qəmli ney səsinə verib!…

Bu sətirləri yaza – yaza ürək ağrısı ilə qeyd etməliyəm ki, zaman – zaman barmaqlarından süzülüb gələn nəğmələri ilə məşhurlaşan, şirin barmaqları ilə neçə – neçə ecazkar musiqilər ifa edən sənətkarın ömrünün sonuna yaxın səhhətində yaranan problemlər nəticəsində barmaqları hərəkətdən qalır, bir vaxtlar tükənməz həyat eşqi ilə yaşayan Şəmsi İmanov şuxluğunu itirir. Həm canındakı ağrılar, həm Şuşa həsrəti ona rahatlıq vermirdi. Onun sağlamlığında və səhhətində yaranmış problemlər yeni – yeni yaranacaq nəğmələrin ürəyində dəfn edilməsi demək idi.

… 1997 – ci ildə, 67 yaşında rəhmətə gedən unudulmaz sənətkarımız Şəmsi İmanov düşmən tapdağı altında olan o yerlərin nisgili ilə köçdü dünyadan. Şuxluğu ilə ürəklərdə yuva quran ifaları o nisgili unutdura bilmir…

Dədə – babalarının didərgin ruhları kimi indi Bakının Yasamal qəbiristanlığında uyuyur. Ruhu şad olsun!..

Share: