Kəlbəcərdən başlayıb, Kəlbəcərdə bitən ömür…

 

Mədəni, ünsiyyətcil, məntiqli, mərd, cahil adamlardan uzaq olan, daha çox aristokrat insanları xoşlayan, dəqiqliyi sevən insan idi, Zülfüqar. Amerikadan ona yazı göndərəndə hərdən adının qısa variantını- “Zülü” deyərək, ona doğmam kimi müraciət edirdim.

Sonda da biz dağlıların- yardımlıların şivəsi ilə- “Bu yazı vəc eley?”- sualını verirdim. Yaxşı bilirdim ki, hər hansı bir yazının “moderator.az” saytında getməsi, daha böyük auditoriyanın oxuması demək idi…

Deyirdi ki,- “Saytın adını təsadüfən seçmişəm. Saytın yaranaması Amerikadakı prezident seçkiləri ərəfəsinə təsadüf edirdi, gecə saat 4-ə qədər dünyanın öndə gedən televiziyalarını izləyirdim. Ad fikirləşdiyim halda tədbirin moderatoru prezidentliyə namizədlərə vaxt verirdi. O zaman fikirləşdim ki, sayt üçün ən uyğun ad moderator olar. Moderator, öncül, reqlament qoyan, istiqamət verən deməkdir. Çox şükür ki, ötən 11 il ərzində ictimai-siyasi həyatın ayrılmaz hissəsi olduq, xəbər istehsalçılığı sahəsində öz sözümüzü dedik. Bizi ilk gündən izləməyə başladılar, böyük oxucu kontingenti qazandıq. Bu yol çox çətin oldu. Azərbaycanda sayt işində, xəbər istehsalı sahəsində çalışmaq asan deyil, cəfası səfasından çoxdur. Amma düşünürəm ki, qarşıya qoyduğumuz məqsədə nail olduq. Təbii ki, bu son deyil, ciddi rəqabət mühitində yaşayırıq, ona görə gecə-gündüz çalışmağa məcburuq. Bəzən məndən soruşurlar ki, sizin iş qrafikiniz necədir? Mən deyirəm ki, növbətçi aptek kimi həftənin 7 günü, günün 24 saatını da işləyirik. Çətin olsa da, millətlə, xalqla işləmək şərəflidir.”

Zülfüqar Hüseynov əslən Kəlbəcərli idi. 1971-ci ilin avqust ayının 24-də Başlıbel kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetində ali təhsilə yiyələnərək, ömrünü mətbuata bağlamışdı…

“Mən hələ 2000-ci ildə bir mətbuat konfransında demişdim ki, “jurnalistikaya azıb gəlmişəm, amma gəlib gördüm ki, məndən başqa jurnalistikada kimsə yoxdur”. Bu Rəsul Həmzətovun məşhur bir sözüdür. Deməkdə məqsədim odur ki, mən 1988-ci ildən siyasətin içində olan adamam, 30 ilə yaxın jurnalist təcrübəm var, “Hürriyət” qəzetində köşə yazarı olmuşam, redaktor olmuşam, parlament müxbiri olmuşam. Mən medianın incəliklərini az-çox bilirdim. Qələm əhlinin də psixologiyasına, cəmiyyətimizin də oyun qaydalarına bələd idim. İnanırdım ki, mən özümü təsdiq edə biləcəm. Belə bir dərdim yox idi, istər ad seçilməsi məsələnin mahiyyətini dəyişməzdi, başqa bir ad da ola bilərdi. Qeyri-təvazökarlıq olsa da deyim ki, mən imzamı təsdiq etmişdim və məni kifayət qədər tanıyırdılar. Belə bir xarakteristikalı adamın növbəti bir işdə uğur qazanacağı gözlənilən idi.”- söyləyirdi.

Başlıbel kəndinin digər sakinləri kimi o da erməni vəhşiliyinin əziyyətini çəkirdi. Kəndin qətliamında ermənilər onun da doğmalarını vəhşicəsinə qətlə yetirmişdilər. Uzun illər idi ki, çətin, əzablı məcburi köçkün həyatı yaşayırdı. Kəlbəcər işğaldan azad olunandan sonra tez-tez oraya gedir, əzizlərinin məzarlarını ziyarət edirdi.

Deyirdi ki:- “Belə fikir formalaşmasın ki, son vaxtlar media daha çox bayağılıq arxasınca getdiyindən ciddi xəbərlər kənarda qalıb. Bu gün Azərbaycan mediasının vətənpərvərlik, ümumimilli məsələlərə yanaşma baxımından heç bir problemi yoxdur. Qarabağ məsələsi bu gün də mediada birmənalı olaraq ana xəttdir. Mən şəxsən məcburi köçkünəm, Şəhid ailəsiyəm. Mənim həyatımın əsas hissəsi Qarabağdır. Və bütün Azərbaycan mediasında da Qarabağ qırmızı xəttdir. Necə ki, münaqişə davam edir, Qarabağ mövzusu ciddi və hətta qeyri – ciddi medianın ana xəttini təşkil edəcək.”

Bu dəfə də doğma yurda getmişdi. Alaçıq qurub, gecəni kənddə keçirən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmasından vəfat edib. Bəli, əyani tanışlığımız olmasa da bir neçə il idi ki, bir-birimizlə qiyabi əlaqə saxlayırdıq. Ötən ilin avqustun 24-də, Zülfüqarın 51 yaşını təbrik edərək yazmışdım:- “Adətən el arasında belə adamlara ehtiramı – “Kişi adamdır!” – ifadəsi illə biruzə verirlər.”
Bəli, biz KİŞİ ADAMlardan birini də itirdik.
Yeri behişt olsun! Allah yaxınlarına səbr versin…

Elman Eldaroğlu

Share: