İranda molla rejiminin yıxa bilmədiyi qala: Mübarizlik simvolu qaşqay türkləri…

İranı idarə edən molla rejimi ölkə ərazisində yaşayan xalqların hüquq və azadlıqlarını kobud şəkildə tapdalayaraq, həmin xalqları özünün assimilyasiya siyasətinə məruz qoyur.

Uzun illərdir davam edən və molla rejiminin hər uğursuzluğundan sonra şiddətini daha da artıran bu amansız siyasət öz hədəfi olaraq əsasən türkləri seçir, əsas təzyiq bu mübariz xalqa göstərilir. Söz yox ki, İranda yaşayan milyonlarla soydaşımız molla rejiminin iyrənc siyasətinə qarşı öz haqq mübarizəsini daim aparır və öz milli kimliyini bu günədək qorumağı bacarır.

Ancaq azərbaycanlılarla yanaşı molla rejiminə qarşı şiddətli müqavimət göstərən daha bir mübariz türk xalqını – qaşqayları da heç bir yaddan çıxarmaq, onların haqq səsini eşitməmək olmaz.

Qaşqaylar – İranda azərbaycanlılardan sonra ən böyük türk qrupdur. Sayları müxtəlif mənbələrdə 1,5-3,5 milyon arasında göstərilən qaşqay türkləri molla rejiminin assimilyasiya siyasətində azərbaycanlılarla birgə prioritet yerlərdən birini tutur. Qaşqay türkləri İranın cənub-qərbində, əsasən Fars, Çaharmahal, Kohgiluyə, Xuzistan və Buşehr ostanları ərazisində yaşayırlar.

Oğuz dil qrupuna daxil olan qaşqay dili bəzi araşdırmalarda ayrıca türk dillərindən biri, bəzilərində isə Azərbaycan dilinin bir ləhcəsi kimi qəbul edilir.

“Qaşqa” sözü Azərbaycan dilində “alın”, çağatay dilində isə “ağ alınlı at” mənasını verir. Hətta molla rejiminin bütün təzyiqlərinə baxmayaraq qaşqaylar “döyüşkən xalq” kimi tanınırlar. Son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurlar. İndi də qaşqayların başında qəbilə başçılarının seçdiyi “ilxan” durur.

Qaşqay türkləri İran ərazisində ən qədim xalqlardan hesab olunurlar. Onların hətta ari tayfalarından belə öncə bu ərazilərdə məskunlaşdıqları qeyd olunur. Qaşqayların daha bir qrupu isə monqollar dövründə Şərqi Türküstandan köçərək Güney Azərbaycanda yerləşiblər.

Qeyd etdiyimiz kimi, “döyüşkən xalq” kimi tanınan qaşqaylar həm də öz qədim adət-ənənələrinə bağlılıları ilə diqqəti cəlb edirlər. Qaşqay türkləri ilə bağlı bir çox sənədli materiallarda, onların həyat tərzi ilə bağlı çəkilmiş çoxsaylı kadrlarda molla rejiminin ağır təzyiqlərinə baxmayaraq hələ də bir çox hallarda onların öz milli geyimlərində olduqlarını görə bilərik.

Mübariz ruhları ilə daim fars şovinizminə meydan oxuyan qaşqaylar öz dilləri, ana dilində təhsillə bağlı da molla rejiminin qarşısında dimdik dayanmağı bacarırlar. İran rejiminin türk dilində təhsilə qoyduğu qadağaya qarşı çıxan soydaşlarımız bu ədalətsizliyə “Türk dilində mədrəsə olmalıdır hər kəsə” şüarı ilə cavab verməyi unutmayıblar.

Qaşqaylar daim öz birlikləri ilə molla rejiminin əsarətinə qarşı çıxmaları ilə seçiliblər. Məhz bu dik duruş, mübarizlik bu xalqın başına faciələrin gətirilməsinə səbəb olub.

Belə ki, II dünya müharibəsi əsnasında yaşanmış bir sıra insidentlərdən qəzəblənən molla rejimi qaşqayların haqq səsini boğmaq üçün onları ölkənin müxtəlif ərazilərinə sürgün ediblər. Bu riyakar addım sonradan çox sayda qaşqay türkünün ölümünə birbaşa səbəb olub.

Belə ki, İran-İraq müharibəsində qaşqayların yaşadıqları Bəsrə körfəzi ərazisinin şiddətli döyüşlərin aparıldığı əraziyə olduqca yaxınlığı bu mübariz xalqa baha başa gəlib, ağır itkilərə səbəb olub.

Tarixə nəzər saldıqda bu faciənin heç də təsadüf olmadığı, məqsədli xarakter daşıdığı olduqca aydındır. Çünki elə həmin müharibə dövründə molla rejimi tərəfindən azərbaycanlıların ən ağır döyüş bölgələrinə cəlb olunması da, soydaşlarımız arasında ciddi itkilərə səbəb olmuşdu. Bu isə İranın şovinist dairələrinin marağında olan məsələ idi və bu faciədən, itkilərdən yeganə qazanclı çıxan tərəf istənilən halda molla rejimi idi.

Müasir dövrdə isə qaşqay türklərinin həyat tərzində və sosial-iqtisadi durumunda fars rejiminin yürütdüyü siyasətin ağır nəticələri daha çox gözə çarpır. Eynilə azərbaycanlılara münasibətdə olduğu kimi qaşqay türklərinə qarşı da birmənalı olmayan münasibət, xaqlara göstərilən təzyiq yekunda olduqca acınacaqlı sosial-iqtisadi durumun formalaşmasına zəmin yaradıb.

Bu ağır duruma və təzyiqlərə baxmayaraq qaşqay türklərinin genlərindən gələn mübarizlik onların haqq mübarizəsində də öz əksini tapıb və bütün dünyaya nümunə olub.

Hətta maraqlı bir faktı da qeyd edək ki, məşhur avtomobil modeli olan “Qashqai” də məhz bu mübariz xalqın ideologiyasının, göstərdiyi əzmin şərəfinə adlandırılıb.

Öz ana dilində məktəb istəyən, öz milli kimliyini qorumağa çalışan qaşqay türkləri bu gün azərbaycanlı soydaşları ilə birlikdə molla rejiminin onlara tuşlanmış oxlarının hədəfində yer alır. Bölgənin ən qədim sakinləri, oğuz soyundan olan bu xalqları bir-birindən ayırmaq da demək olar ki, mümkünsüzdür. Hətta bu mənada bir çox qaşqayların da özlərini məhz azərbaycanlı oğuz türkləri hesab etdiyini, qaşqayların bir çox tayfalarının ulu yurdlarını məhz Qarabağ hesab etdiyini vurğulamaq gərəkdir.

Qaşqay xalqının görkəmli nümayəndələrindən danışarkən – Mirəli Qaşqayın adını xatırlatmamaq mümkün deyil. Bakıdakı küçələrdən birinə adı verilən Mirəli Qaşqay geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor kimi Azərbaycanın elm tarixində silinməz izlər buraxıb. O, həmçinin tanınmış tarixçi-alim Solmaz Qaşqay və coğrafiya elmləri doktoru Rəna Qaşqayın əmisidir.

Bir-birinə soykökü, tarixi, dili, adət-ənənələri ilə bağlı olan azərbaycanlılar və qaşqaylar bu gün cənubda eyni mübarizə ətrafında sıx birləşiblər. Bu mübarizə hər iki qardaşın öz kimliyi uğrunda, öz varlığını təsdiq uğrunda mübarizəsidir.

Molla rejimi azərbaycanlılarla yanaşı, qaşqay türklərini də eyni mənfur assimilyasiya siyasətinə məruz qoymağa çalışır. Çünki bu xalqların qanlarında daşıdığı ali keyfiyyətləri, onların tarixini və təmsil etdikləri gücü, onların qəlbindəki azadlıq eşqini və öz milli kimliyinə vurğunluğu molla rejimi özünə təhdid kimi görür. Ancaq istənilən halda molla rejiminin də anlamadığı və heç vaxt anlaya bilməyəcəyi bir həqiqət var ki, o da bu xalqların mübarizə əzminin sarsılmazlığı, öz milli kimliklərini nəyin bahasına olur olsun qoruyub saxlayacaqlarıdır.

Qaşqaylar bu gün yüzillərdir yaşadıqları dədə-baba torpaqlarında ədalətsizliyə, riyakarlığa qarşı dimdik dayanıblar. Heç bir rejimin, şovinizm və riyakar siyasi oyunların gücü bu iradəni yıxmağa və türk xalqının mübariz övladlarının əzmini qırmağa kifayət edə bilməz!

Orxan Tağıyev

Share: