Tarix və tarixi şəxsiyyətlərlə bağlı müxtəlif platformalarda mütəmadi müzakirə və mübahisələr açılır, debatlar təşkil olunur.
Bəlkə də normal haldır, insanlar düşüncə və fikirlərini bölüşür, tarix haqqında yaddaşları təzələyir, unudulmağa qoymur.
Son günlər yenə ənənəvi tarixi mübahisə “predmetlərindən” biri olan Şah İsmayıl Xətai mövzusu geniş müzakirə olunur, kimi sevgisini, kimi nifrətini, kimi də milliyyət və məzhəbini dartışır.
Məncə, yanlış olan da elə budur.
Şah İsmayıl Xətainin yaşadığı və rəhbərlik etdiyi dövr milli dövlət anlayışının hakim olmadığı, fikir və düşüncələrdə yer almadığını nədənsə hamı unudur.

İqbal AĞAZADƏ
Bəs milli dövlət nədir, nə vaxt yaranıb, onun sülalə dövləti və ya imperiyalarla fərqi nədir?
Milli dövlət gücünü və qanuniliyini müəyyən coğrafi ərazidə yaşayan tək bir millətdən alan dövlət növüdür. O, əsasən orta əsrlərin sonunda zəifləyən krallıqların yerinə, 1789-cu il Fransa inqilabından sonra Avropada ortaya çıxmağa başladı.
Milli Dövlətin əsas xüsusiyyətləri:
– ortaq dil, mədəniyyət və tarix birliyi
– birlikdə yaşamaq istəyən xalq və ya millət
– dəqiq müəyyən edilmiş sərhədlər
– vətəndaşlıq hüquqları və mərkəzi qanunlar (mənbə: Vikipediya)
Tarixin müxtəlif dönəmlərində müasir dövlətlərin ərazisində çoxsaylı, dəyişkən, bəzən bütöv, bəzən parçalanmış sülalə dövlətləri və imperiyalar olub.
Müasir Avropa qitəsində mövcud olan dövlətlər milli dövlət anlayışına kimi müxtəlif sülalələr və ya bir sülalə tərəfindən idarə olunublar.
O cümlədən, Rusiya, Çin, Yaxın Şərq ölkələri, Asiya qitəsi də eyni taleyi yaşayıb.
İndi kimsə Tarixin bu dövrünə qayıdıb, iki türkün döyüşünü millətə və xalqa xəyanət, bölücülük kimi sırıya bilməz!
XXI əsrdən XVI əsrə bu baxış çox yanlışdır!
Hər sülalənin, hər hakimiyyətin öz maraqları olub, o maraqlar üçün döyüşüb, ərazilər işğal edib, hər biri də gücünü artırmağa çalışıb.
Səfəvilər dövləti milli dövlətdirmi?
Xeyr, Səfəvilər adından da göründüyü kimi, sülalə hakimiyyəti vasitəsilə idarə olunan imperiya olub. Bu imperiya ortaq dilə, mədəniyyət və tarixi birliyə malik deyildi.
Birgə yaşamaq istəyən xalq və millət yox idi, imperiyada birləşən ərazilər və burada yaşayan xalqlar və millətlər zor gücünə mərkəzi hakimiyyət ətrafında birləşdirilmişdi. Ərazidə mütəmadi üsyanların səbəbi də məhz bu zorakı birləşmə idi.
İmperiyaların dəqiq müəyyən edilmiş sərhədləri yox idi. İmperiya güclü olarkən sərhədlər genişlənib, zəifləyərkən kiçilib.
Bu tipli idarəetmələrdə vətəndaşlıq hüquqları və mərkəzi qanunlar da mövcud olmayıb, işğal dönəmində ərazidə hökmran olan şəxsin gücünə və şərtlərinə bağlı hər ərazidə yaşayan sakinlərə fərqli yanaşmalar olub.
Tarixdə ingilislə ingilis, almanla alman, yunanla yunan, ərəblə ərəb, türklə türk və s. nə qədər desəniz, qarşıdurmalar və döyüşlər olub.
İndi bu saydıqlarımın içərisindən Sultan Səlimlə Şah İsmayılı seçib də hədəfə gətirmək, birini qəhrəman, digərini xəyanətkar elan etmək hansı məntiqə sığır?
Şah İsmayıl Səfəvilər sülaləsinin hökmdarı, Sultan Səlim Osmanlı sülaləsinin sultanı idi.
Hər ikisi böyük ərazilər işğal etmiş, həmçinin maraqlarının toqquşduğu xeyli torpaq var idi. Və beləliklə də, imperiya sərhədləri mütəmadi olaraq, dəyişirdi. Və təbii ki, bu sülalələr döyüşməli idilər. Əks təqdirdə tarix səhnəsindən silinəcəkdilər. (1736-cı ildə Səfəvilər sülaləsinin süqutu kimi. Həmçinin varislik üstündə atanın oğulu, qardaşın qardaşı öldürdüyü kimi)
Milli şüurun və ideolojinin olmadığı, hakimiyyətin əsasını sülalə, nəsil, soy, kök təşkil etdiyi bir vaxtda onlardan daha nə gözlənilməli idi ki?
Buna görə də sülalə hakimiyyəti ilə milli hakimiyyəti qarşı qarşıya qoymaq, kimdənsə milli qəhrəman və ya milli xəyanətkar düzəltmək kökündən yanlışdır!
Niyə müasir Türkiyə özünü Osmanlının varisi sayır?
Çünki Osmanlı imperiyasının mövcud olduğu ərazidə Türkiyə Cümhuriyyəti formalaşıb, əhali Qazi Osmanın dilində danışır, din anlayışı dəyişməyib, tarixi bağlar eynidir.
Biz niyə Səfəviləri özümüzünkü hesab edirik?
Çünki Səfəvilər dövləti müasir Azərbaycan ərazisində (Güney və Quzey Azərbaycan) yaranıb, ilk paytaxtı Təbriz olub (əhalisinin mütləq əksəriyyəti türk), Şah İsmayılın ana dili türk dili olub, saray dili türk və fars dili hesab olunub, (ərazidə farsların da türklər qədər sayı olduğu üçün), öz şeirlərini ana dilində – türkcə yazıb.
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! (Yenə də Avşarların, Qacarların, Səfəvi dövlətindən əvvəl mövcud olmuş dövlətlərin varisi kimi)
Farslar da iddia edir, olsun, onların da indiki ərazisində Səfəvilər dövləti mövcud olub, onlar da bu dövrü öz tarixlərinin bir hissəsi hesab edir. Lakin bu Səfəvilərin sülalə kimi türk olmaması və ya müasir Azərbaycan dövlətinin varisi olmadığını inkar edə bilməz.
Necə ki, ingilis, alman tarixi həm də Roma İmperiyası ilə bağlıdır.
Şah İsmayıl məzhəb savaşına görə də qınağa tuş gələ bilməz. Dini bölən Şah İsmayıl deyildi ki… Şah İsmayıladək nə qədər məzhəblər yaranmışdı… Necə ki, xristianlıqda katoliklər, provaslavlar, protestantlar var, islamda da sünnilər, şiələr, ələvilər və s. var.
Katoliklərlə provaslavlar döyüşəndə sülalə savaşı olur, sünnilərlə şiələr döyüşəndə din və ya məzhəb savaşı??
Bu döyüşlərin və müharibələrin bircə anlamı var idi:
Osmanlı və Səfəvi sülalələri hakimiyyətini qorumaq, genişləndirmək, daha çox qazanmaq istəyi…
Bu gün mövcud olan bütün dünya dövlətlərinin mahiyyəti XVI əsrdə belə idi.
Sadəcə, tarix bizə gələcəyimizi qurmağa kömək edir.
Necə ki, müasir dünya dövlətləri ərazilərində olan imperiyaların bazasında yaranıb, biz də zaman-zaman bu coğrafiyada olan dövlətlərə və onların bizə bağlılığına söykənib, milli dövlət qurmuşuq.
Doğrudur ki, hələ də torpaqlarımızın böyük qismi (Çünki Güneydə 40 milyon türk kompakt yaşayır, Tarixin bütün dönəmlərində azadlığı üçün vuruşub, fürsət düşdükcə, milli dövlətini elan edib və s.) hələ də imperiya tərkibindədir, lakin bu gün bir qismi ilə milli dövlət yarada bilmişik.
Şah İsmayıl millidirmi, Səfəvilər bizimdirmi?
Bəli, Şah İsmayıl türkdür, bizimdir, müasir Azərbaycan həm də o dövlətin varisidir.
Lakin Şah İsmayılın zamanında milli dövlət anlayışı yox idi, olmayan bir şeyin davasını necə apara bilirsiniz?
Niyə tarixdən daha çox danışılır?
Çünki indidən və gələcəkdən danışmaq çətindir, danışmaq isə mütləq lazımdır, tarix bunun üçün ən yaxşı məlzəmədir.
P.S. Mən tarixçi deyiləm, yazım da elmi deyil. Sadəcə fikirlərimi bölüşdüm.
Gələcəyini yaza bilməyənlər tarixdə eşələnirlər!
İnkişaf etmiş ölkələrdə tarix deyil, gələcək müzakirə mövzusudur. Biz tarixdən yararlanıb, 1918-ci ildə Cümhuriyyət elan etmişik, bu gun dünya dövlətləri tərəfindən tanınan ərazimiz və dövlətimiz var, indi vəzifəmiz bu dövləti güclü, azad, demokratik və firavan ölkəyə çevirməkdir. Bir də Güneyimizə sahib çıxmalıyıq.
Vəssalam!



















