Opera Studiyasında keçirilən “Bir Cavan” adlı konsert gecəsi proqramı tamaşaçıların zövqünü oxşadı, musiqi onlarda daha çox yeni duyğu, təkrarolunmaz hiss yaşatdı…
Müstəqil.Az xəbər verir ki, Azərbaycan musiqi sənətində son illər diqqət çəkən simalarından biri olan gənc və kifayət qədər tanınan İlkin Dövlətov may ayının 9-da Bakı Musiqi Akademiyasının “Opera Studiyası” səhnəsində geniş konsert proqramı ilə çıxış edib. Musiqisevərlərin böyük maraq göstərdiyi gecədə sənətçi həm sevilən ifalarını səsləndirib, həm də yeni layihəsi ilə bağlı mühüm yenilikləri təqdim edib.
Konsert çərçivəsində İlkin Dövlətovun “Bir Cavan” adlı layihəsi konsert proqramı çərçivəsində rəsmi olaraq ilk dəfə nümayiş olunub. Təşkilatçıların sözlərinə görə, təqdim edilən bu əsrarəngiz proqram layihənin əsas emosional xəttini və səhnə estetikasını əks etdirib. Bildirilib ki, layihə yaxın vaxtlarda yeni təqdimatlar və fərqli proqramlarla davam etdiriləcək.
Layihənin ərsəyə gəlməsində “Safarli Production” yaradıcı heyəti mühüm rol oynayıb. Adil Rəkidi, Rabil Səfərli, Eminquey Akif və Elvin Hümbətov layihənin yaradıcı istiqamətinin formalaşdırılmasında iştirak edən əsas şəxslər sırasında yer alıblar.
Konsert proqramında “Vətən” rəqs qrupu və “Ramil Amarok” group xüsusi rəqs performansları ilə çıxış edərək gecəyə fərqli dinamika qatıb. Musiqi müşayiətini isə “Flame” band, Talo və Orxan, “Nəva” muğam qrupu, Elvin Fəttayev və Elşən Qəriboğlu təmin ediblər. Muğam elementləri ilə müasir musiqi aranjimanlarının sintezi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Gecənin texniki və vizual həlli də diqqətdən yayınmayıb. Çəkiliş işləri “S/A” group tərəfindən həyata keçirilib, fotoçəkilişlərə isə Vüsal Mürsəlov imza atıb. Layihədə qrim üzrə Vüsalə Mustafayeva, səs üzrə Xəyyam Sultanov, işıq həlləri üzrə isə Fərid Dünyamalıyev yer alıb.
Qeyd edək ki, İlkin Dövlətov son illərdə muğam və estrada janrını fərqli formada təqdim etməsi ilə geniş auditoriyanın diqqətini cəlb edib. O, 2024-cü ildə Eurovision Song Contest 2024 yarışmasında Fahree ilə birlikdə Azərbaycanı “Özünlə apar” mahnısı ilə təmsil edib. Xüsusilə muğam keçidləri və emosional vokal ifası beynəlxalq auditoriyada maraq doğurub.
“Səs Azərbaycan – Doğma nəğmələr” layihəsi ilə daha geniş tanınan ifaçı “Apar Yanına”, “Aman Aman” və “Bir Cavan” kimi mahnıları ilə də dinləyicilərin rəğbətini qazanıb.
İlkin Dövlətovun “Opera Studiyası”nda gün ərzində iki dəfə gerçəkləşən konsertlərinin digərləri ilə müqaqyisədə əsas fərqi isə özünün səhnə mədəniyyəti, artistizmi, sözə və musiqiyə doğma münasibəti ilə yaratdığı atmosferdə hiss olunurdu. Xüsusi ilə qeyd etmək lazımdır ki, onun səhnəsində musiqi sadəcə dinlənilmir, həm də yaşanır. Səhnə işıqları, muğam keçidləri, orkestrin nəfəsi və sənətçinin emosional ifası birləşərək tamaşaçını adi konsertdən daha fərqli bir aləmə aparırdı.
Opera Studiyasında keçirilən “Bir Cavan” gecəsi də bunu bir daha sübut etdi. Həmin axşam səhnədə yalnız mahnılar səslənmirdi — xatirələr, hisslər və susaraq deyilə bilməyən duyğular da musiqiyə çevrilirdi.

Tural Balabəyli
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair,
Prezident təqaüdçüsü






















